ABŞ və Fransa yeni reallıqları qəbul etməlidir, əks halda...

2024/03/media-1709541026.jpg
Oxunub: 344     12:26     04 Mart 2024    
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Qərbə daha bir xatırlatma etdi və yaranmış yeni reallıqların qəbul edilməsinə bir növ çağırış etdi: “Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir”.

Bu, əslində ATƏT-in de-fakto sıradan çıxmış Minsk qrupu ölkələrinin birgə Cənubi Qafqaz siyasətinin iflasa uğraması demək idi.

Söhbət 44 günlük müharibə ilə başlamış 19 sentyabrda başa çatmış vəziyyətdən gedir. Prezident İlham Əliyevin “ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq” sözləri Qərbdə çox ciddi və təşvişlə qarşılanıb. Məsələn, ən azından ABŞ səfirinin açıqlamasını bu çərçivəyə daxil edə bilərik. Bəs ABŞ və Fransa nə planlaşdırır? Təbii ki, kollektiv Qərb yeni reallıqları qəbul etmiş Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq vəzifəsini qarşısına qoyub.

Rəsmi Bakı isə deyir ki, bu planı həyata keçirmək üçün ABŞ və Fransa Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanın icazəsi olmadan addım ata bilməz. Faktiki olaraq, Rusiya Azərbaycanı Cənubi Qafqaz hegemonu kimi tanıyır. Çünki rəsmi Moskva indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir.

Faktiki olaraq, rəsmi Bakı ABŞ və Fransaya səhv siyasi hesablamalar apardıqlarına görə xəbərdarlıq edir. siyasi sövdələşmə təklif edir: “Yeni reallıqları tanıyın, Azərbaycanın Cənubi Qafqazın hegemonu olduğunu qəbul edin və erməni separatizmini dəstəkləməyə son qoyun”. Burada Azərbaycan heç də siyasi “üsyankar” rolunda çıxış etmir ki, balanssız “kobudluğ”a da yol versin. O, açıq şəkildə bildirir ki, Rusiya ilə müttəfiqlik ona ABŞ və Fransa ilə müstəqil siyasət aparmağa və razılaşma əldə etməyə heç də mane olmur.

Təsadüfi deyil ki, həmin gün İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edərkən, Putin Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq konfransına rəsmi mesaj göndərərək, Azərbaycanla münasibətləri strateji-müttəfiqlik kimi xarakterizə edib. Ardınca rəsmi Bakıdan verilən cavab müstəqil siyasətin aparıldığını ortaya qoydu. Baş verən proseslərdə ABŞ və ya Fransanın birtərəfli baxışdan imtina etməsi, münasibətlərin Rusiya ilə olduğu kimi yüksək səviyyəyə qaldırılmasına səbəb ola bilər. Rəsmi Bakının verdiyi mesaj budur və əksinin baş verməsi heç də arzuolunan deyil. İkinci mesaj isə Azərbaycanın milli təhlükəsizliyini təhdid edən istənilən aktor qarşısında bütün gücü ilə səfərbər olunacağıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa   Azərbaycan   Almaniya  


Bizi "telegram"da izləyin