Ermənipərəst senatorla korrupsiya əlaqəsinə girmək istəyən biznesmen təqsirini etiraf edib

2024/03/menen-1709389710.jpg
Oxunub: 105     17:32     02 Mart 2024    
Amerikalı biznesmen Xose Uribe ittiham tərəfi ilə razılaşmanın şərtlərinə əsasən, ABŞ-ın ermənipərəst qanunvericisi və onun həyat yoldaşının korrupsiya əməli ilə bağlı cinayət işi üzrə ifadə verəcək.

Ordu.az “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, Nyu-Cersidən olan biznesmen ittiham tərəfi ilə sövdələşməyə girərək, senator Bob Menendesi pulla ələ almaq cəhdi üzrə özünü təqsirli hesab edib.

Nyu-Cersi ştatının Klifton şəhərindən olan Xose Uribe Manhetten Federal Məhkəməsində çıxış edərək, ona qarşı irəli sürülən ittihamın yeddi bəndi, o cümlədən 2018-2023-cü illərdə rüşvət verilməsi, elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq əməli törədilməsi, məhkəməyə əngəl yaradılması və vergidən yayınma maddələri üzrə öz təqsirini etiraf edib. İttiham tərəfi iddia edir ki, biznesmen senator Menendesin həyat yoldaşına “Mercedes-Benz” avtomobili bağışlayıb.

Təqsirin etirafı ilə bağlı razılaşmaya əsasən, 95 il müddətinə həbsə məhkum edilə biləcək Uribe digər müttəhimlərə qarşı ifadə verərsə və istintaqla əməkdaşlığa gedərsə, öz cəzasını yüngülləşdirə bilər. Biznesmen də məhz bu variantları seçib. O, həmçinin cinayətləri törədərkən əldə etdiyi 246 min dollar məbləğində cəriməni də ödəməyə razı olub.

Ötən ilin payızında məlum olub ki, Uribe senator Bob Menendes və onun həyat yoldaşı Nadin Menendesin korrupsiya əməlləri üzrə cinayət işində ittiham edilən üç biznesmendən biridir. Hakimiyyət orqanları iddia edir ki, bu cütlük iş adamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vəd edərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillər şəklində rüşvət qəbul edib.

Müttəhimlər öz təqsirlərini etiraf etməyiblər.

Məhkəmə iclası zamanı Uribenin hakim Sidni Staynın qarşısında təqsirini etiraf etməsi xəbəri mediada vaxtında yer almayıb. O, həbs olunduğu vaxt məhkəmə tərəfindən müəyyən edilmiş 1 milyon dollar girov müqabilində azadlığa buraxılıb. Təqsirin etiraf edilməsinə dair razılaşma isə onun tərəfindən cümə günü imzalanıb.

Uribe onun dostu ilə əlaqədar başqa bir məsələ ilə bağlı senatorun hökumət rəsmisinə zəng etməsindən sonra Nadin Menendesə “Mercedes-Benz” kabriolet hədiyyə etməkdə təqsirləndirilir.

Biznesmenin vəkili Daniel Fetterman ittihamla bağlı hər hansı şərh verməkdən imtina edib.

Menendes və onun həyat yoldaşının, habelə daha iki Nyu-Cersili iş adamının məhkəməsi may ayında keçiriləcək.

Federal prokurorlar iddia edirlər ki, Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Menendes öz vəzifəsindən sui-istifadə edərək Nyu-Cersi ştatında cinayətlərdə əlbir olan şəxslərin verdikləri rüşvət müqabilində xarici hökumətlərin xeyrinə əməllər törədib.

Robert Menendes və onun erməniəsilli həyat yoldaşı Nadin Arslanyan tez-tez Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edirdilər. Bob Menendez Azərbaycana qarşı erməniləri dəstəkləmək üçün Senata qanun layihəsi təqdim edib, habelə Türkiyə ilə hərbi-iqtisadi əməkdaşlıqla bağlı qanun layihələrinin qarşısını almağa çalışıb. Ermənipərəst senator vaxtaşırı ABŞ prezidentlərinin Azərbaycana qarşı 907 saylı Düzəlişi dayandırmasına da etiraz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Menendes   ABŞ  


Bizi "telegram"da izləyin