Texasda qurulan haubitsa xətti: ABŞ niyə Türkiyəni seçdi?

2024/02/tekas-1709110415.jpg
Oxunub: 903     19:43     29 Fevral 2024    
ABŞ-nin Ankaradakı səfiri Texasda açılan haubitsa sursatları zavodunun istehsal xətlərinin Türkiyədən alındığını açıqlayıb. Bu alışı sadə valyuta axını kimi görmək mümkündür. Bununla belə, Ankara-Vaşinqton xəttində “dialoq üçün zəmin tapmaq səyi” nəzərə alınaraq, bu və buna bənzər təşəbbüslərin fərqli mənaları ola biləcəyi də bildirilir.

Son zamanlar Türkiyə ilə ABŞ arasında getdikcə daha da sürətlənən danışıqlar gedir. Bu prosesin daşıyıcı sütunu isə müdafiə sənayesi məhsullarıdır. İlk növbədə F-16 modernləşdirməsi və yeni döyüş təyyarələri və ya F-35 mövzusu ağıla gəlsə də, arxa planda iki ölkə çox fərqli mövzularda sürətlə irəliləyir. Uzun müddətdir eyni zəmində görüşə bilməyən Ankara-Vaşinqton xəttində mahiyyətcə bəzi addımlar “etimad yaradan addımlar” hesab olunur.

ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyk açıqlamayana qədər heç kim bilmirdi ki, Türkiyədən bir şirkət Texasda istehsal olunacaq 155 mm-lik haubitsa sursatları üçün üç yeni xətt qurub. Sözügedən açıqlamadan sonra ən çox maraq doğuran mövzulardan biri də ABŞ-nin bu xətt üçün Ankaranın qapısını niyə döyməsi olub. Bu sualın cavabına gələcəyik, amma öncə Vaşinqtonun niyə belə bir xətt qurması məsələsinə toxunmaq lazımdır.

Ukraynaya yüz minlərlə artilleriya mərmisi gəlib

Ötən ilin həm fevral, həm də iyun aylarında beynəlxalq mediada mövzu ilə bağlı iki ayrı araşdırma işıqlandırılıb. İlk araşdırmaya görə, Ukrayna Rusiyaya qarşı çox ciddi miqdarda haubitsa sursatından istifadə edirdi. Belə ki, Kiyev administrasiyası 6 ay ərzində təkcə ABŞ-dən 800 mindən çox 155 mm-lik haubitsa sursatı alıb. Ancaq o zaman həm Ukrayna, həm də Avropa İttifaqı (Aİ) rəsmilərinin verdiyi açıqlamalar bu başgicəlləndirici rəqəmlərə baxmayaraq, kifayət qədər sursatın olmadığı və dəstəyin kəsiləcəyi təqdirdə Ukraynanın bu müharibəni uduzacağı yönündə idi.

Burada Aİ üçün kiçik mötərizə açmaq lazımdır. Aİ ilk açıqlamasında 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndərəcəyini vəd edib. Hesabatlara görə, Aİ-nin bu günə qədər göndərdiyi rəqəm dəqiq olmasa da, bəzi mənbələr bunun 300 min civarında olduğunu bildirir.

Aİ xaricindən satınalma rədd edilib

Aİ ölkələrinin istehsal imkanlarını nəzərə alsaq, vəd edilən 1 milyon artilleriya mərmisinin 2024-cü ilin martına qədər göndərilə bilməyəcəyi aydındır. Bununla belə, Aİ tərəfinin prosesdə sürükləndiyi vəziyyət diqqət çəkir. Məsələn, “1 milyon artilleriya mərmisi vədimizə əməl edə bilməsək, Aİ-dən kənardan satınalma yolu açılacaq” deyiblər. Bununla belə, Fransa, Cənubi Kipr və Yunanıstan Aİ xaricindən satınalma qərarının qarşısını almaq üçün birgə hərəkət etməyə razılaşıblar.

Əslində Yunanıstan mətbuatında əks olunan iddialara görə, Ukraynanın ehtiyac duyduğu Pilotsuz Uçuş Aparatları (PUA) və top mərmiləri Aİ-nin Siyasət və Təhlükəsizlik Komitəsinin son iclasında gündəmə gətirilib. Ancaq üç ölkə hər iki məsələdə Aİ tərəfindən maliyyələşdiriləcək və çox güman ki, Türkiyədən tədarük ediləcək bu satınalmalara veto qoyub.

ABŞ-nin ehtiyatları su kimi əriyir

Sikkənin digər tərəfində olan ABŞ-nin də haubitsa sursatı məsələsində əli çox rahat deyil. Ötən ilin martında bu məsələni yüksək səslə dilə gətirən ABŞ rəsmiləri, əsasən, ölkədə top mərmilərinin istehsalının çox az olduğunu, lakin xüsusilə Ukraynaya göndərilənlərə görə çox sürətli istehlakla üzləşdiklərini bildiriblər. Təbii ki, bu vəziyyət həm Ukraynaya dəstəyin davam etdirilməsi, həm də ABŞ-nin öz ehtiyatlarını dolu saxlaması baxımından kritik məqama çevrilib. Bu səbəbdən Vaşinqton administrasiyası qərar qəbul edərək, Texasdakı fabrikdə 155 mm-lik haubitsa döyüş sursatı istehsal etmək üçün üç yeni xətt satın alıb.

ABŞ niyə haubitsa üçün Türkiyəni seçdi?

Bu sualın cavabı hardan baxdığınızdan asılı olaraq dəyişsə də, burada əsas səbəbin kommersiya olduğu heç kimə sirr deyil. Nəticə etibarilə ABŞ-nin ehtiyacı var idi və bunu NATO standartlarında ölkələr bəlli idi. Türkiyə həm standartlarıyla, həm də daha az xərclərlə bu işi öhdəsinə götürə bilən bir mərkəz kimi önə çıxdı. Bəli, müdafiə sənayesi sektoru bu satışla ciddi valyuta axını qazandı, amma bunun siyasi ölçüsü də var.

Məlumdur ki, Ankara ilə Vaşinqton arasında xüsusilə 2016-cı ilin iyul ayından etibarən ciddi etimad böhranı yaşanıb. Nəticədə hər iki ölkə dialoq meydanından uzaqlaşıb. Ancaq son zamanlarda müdafiə sənayesinin dayaq sütunu olduğu yeni bir proses quruldu. Sənayeyə yaxın olan bəzi şəxslərin fikrincə, ABŞ-nin haubitsa sursatları üçün Türkiyəni seçməsində iqtisadi səbəblər üstünlük təşkil edə bilər. Bununla belə, paytaxtlar arasında artan görüş trafikinin bir əksi olaraq Türkiyənin seçilməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır.

Texasda istehsal olunacaq haubitsa sursatlarının Ukraynaya göndərilib-göndərilməyəcəyini və ya dəqiq harada istifadə olunacağını proqnozlaşdırmaq çətindir. Ancaq dəqiq bildiyimiz odur ki, səfir Fleykin dediyi kimi, ABŞ-Türkiyə müdafiə ortaqlığı sayəsində ABŞ-də istehsal olunan 155 mm-lik mərmilərin təxminən 30 faizi Texasdakı bu fabrikdən gələcək...

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin