Fransa müdafiə nazirinin səfərindən sonra Paşinyan kimə və niyə zəng edib?

2022/08/1661409677.jpg
Oxunub: 272     12:57     27 Fevral 2024    
Fevralın 23-də Ermənistanın Baş naziri Paşinyan ilə Gürcüstanın yeni təyin olunmuş Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub.

Kobaxidze Baş nazir postuna fevralın əvvəlində, yeri gəlmişkən, Paşinyanın Gürcüstana işgüzar səfərindən bir neçə gün sonra təyin edilib. Həmin səfər zamanı Ermənistan və Gürcüstan strateji əməkdaşlıq haqqında bəyannamə imzaladılar.

Bundan bir gün sonra məlum oldu ki, Baş nazir İrakli Qaribaşvili vəzifəsini tərk edəcək və onun yerinə hakim “Gürcü Arzusu” Partiyasının sədri olmuş Kobaxidze gələcək, Qaribaşvili isə partiyada Kobaxidzenin yerini tutacaq. Təbii olaraq sual yaranır ki, yeni Baş nazirin fəaliyyəti halında Nikol Paşinyanın İrakli Qaribaşvili ilə imzaladığı bəyannaməni nə gözləyir?

Mümkündür ki, Paşinyan məhz bu məsələləri müzakirə etmək üçün gürcü həmkarı ilə ilk telefon danışığında onu Ermənistana dəvət edib. Onun narahatçılığı göz qabağındadır və yalnız bu bəyannamə ilə yekunlaşmır. Doğrudur, Kobaxidze dəvəti qəbul edib. Burada diqqət çəkən məqam odur ki, Ermənistan və Gürcüstan Baş nazirləri arasında telefon danışığı Fransanın müdafiə nazirinin Ermənistana səfərindən dərhal sonra baş verir.

Sebastyan Lekornü fevralın 22-də İrəvanda olub. Burada Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına dair sənədlər imzalanıb. Fransalı nazir Paşinyanın Fransaya işgüzar səfərindən dərhal sonra Ermənistana səfər edib. Paşinyan fevralın 21-də Fransaya səfər edib və orada Fransa Prezidenti ilə görüşüb.

Ermənistan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı bəlkə də Ermənistan Baş nazirinin Fransaya səfərindən dərhal sonra və Fransanın müdafiə naziri Lekornünün Ermənistana səfərindən dərhal sonra baş verən silsilədəndir. Ermənistan-Fransa münasibətləri nöqteyi-nəzərindən Gürcüstan çox sadə səbəbə görə əsas əhəmiyyət kəsb edir: əslində Gürcüstan Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığının həyata keçirilə biləcəyi yoldur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan   Silah   Fransa  


Bizi "telegram"da izləyin