Qadın minatəmizləyən: “Heç bir ağır və təhlükəli iş qadınları çəkindirə bilməz” REPORTAJ (FOTOLAR)

2024/02/6-1709039597.jpg
Oxunub: 869     17:45     27 Fevral 2024    
“Onlar yalnız bir dəfə səhv edir. Ani diqqətsizlik həyatını itirməklə, nadir hallarda şansın gətirməsi isə ömür boyu şikəst qalmaqla nəticələnir. Bəli, minatəmizləyənlər bu risk altında çalışırlar.

Mina təmizləmə sahələrindən mütəmadi olaraq Sizə məlumat veririk. Budəfəki yazımızda isə tamamilə fərqli bir qəhrəmanımız var. Ordu.az olaraq bu yazımızda qadın minatəmizləyənlər barədə danışacağıq.

Səmayə Əhmədli Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Bitirdiyi ali təhsil ocağı onun öz ixtisası üzrə işləməyə tam imkan açırdı. Təbii ki, bu həm də onun üçün daha rahat iş prinsipi və öz sahəsi üzrə ucalmağa şans verirdi. Lakin o bu gün vətənə fərqli formada xidmət göstərməyi üstün tutur. Həm də olduqca riskli bir sahə üzrə.


“Çoxu elə bilir ki, hərbiləşdirilmiş sahə olan minatəmizləmə işi ancaq kişilərə məxsusdur. Mən əsla bu fikirlə razı deyiləm. Bu iş nə qədər riskli və təhlükəli olsa da mən və mənim kimi burda çalışan qadınların hər biri, bu işdə böyük məsuliyyətlə çalışırıq. Əsas da öhdəliyimizə düşən işin nə qədər məsuliyyətli olduğunu bilirik”, - deyən Səmayə Əhmədli minatəmizləmə işini bu sahədə çalışaraq vətən torpaqlarının təmizlənməsində əməyi olması üçün seçdiyini bildirir.

“Mən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbəsi olmuşam. Elmi işim də atom bombası ilə bağlı olub. Bunu bildirim ki, mən təbiətə vurğun bir insanam. Ümumiyyətlə hər zaman eşidəndə ki, torpaqlarımız mina və partlamamış sursatlarla çirkləndirilir, təbii sərvətlərimiz heç bir qayda gözləmədən yağmalanır, mən bir azərbaycanlı olaraq çox narahat olurdum. Seçdiyim ixtisası da bu səbəbdən seçmişdim ki, vətənimə, torpağıma xeyrim dəysin. Bu sahə üzrə daha çox uğur qazanma şansım vardı. Amma düşündüm ki, bir dənə mina tapmaqla neçə adamın həyatını xilas edə bilərəm və bu torpağı qarış-qarış təmizlənməsində rolum olacaq. Bu istək də mənim minatəmizlə işinə gəlməyimə səbəb oldu”.


ANAMA-nın verdiyi elanı müəllimindən eşidən S. Əhmədli aidiyyatı quruma müraciət edərək qoşulmaq istəyini bildirir. Bir müddət sonra, qaydalara uyğun olaraq psixoloji və fiziki sağlamlıq yoxlamalarına dəvət alır. Səmayə xanım deyir ki, təcrübə sahəsi ilə real təhlükəli sahələr arasında fərq çoxdur: “Bir müddət təcrübə sahələrində olduq. Orada olan mənzərə buradakı ilə oxşar olsa da, burada məsuliyyət daha çoxdur. Bilirsən ki, burada real təhlükə var. Daha da məsuliyyətli və diqqətli olmağa çalışırsan”.

S. Əhmədli çalışdığı işdən zövq aldığını və sona qədər bu işdə çalışacağını da xüsusi vurğulayıb. “Çox zaman buna bənzər işlər olanda deyirlər ki, qadınlar bacarmaz. Amma, mən deyirəm ki, heç bir ağır və təhlükəli iş qadınları çəkindirə bilməz. Mən ərazilərimizin tam təmizlənməsi, torpaqlarımızdan sonuncu mina çıxarılana qədər bu işə davam edəcəyəm”, - deyə S. Əhmədli əlavə edib.

Bəli, bu millətin at belində qılınc oynadıb, tüfənglə düşməni alnından vuran xanımları, bu gün də öz milli ənənəsinə sadiqliyini və yenilməzliyini işğaldan azad edilən torpaqlarda əməkləri ilə göstərməyə çalışırlar. Yetər ki, düşmən sevinməsin!



Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   REPORTAJ  


Bizi "telegram"da izləyin