Ukrayna ordusu iki aydan sonra mərmisiz qala bilər

2024/02/ukray-1708596743.jpg
Oxunub: 227     14:06     22 Fevral 2024    
Ukrayna Silahlı Qüvvələri ABŞ-nin yardımının gecikməsi səbəbindən artilleriya mərmilərindən qənaətlə istifadə etməyə başlayıb. Belə gedərsə, mərmilər iki aya tamamilə tükənə bilər.

Ordu.az xəbər verir ki, Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Getman bu barədə “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

"Biz mərmilərdən çox qənaətlə istifadə etməyə çalışırıq, çünki iki aydan sonra onlar tükənə bilər”, - deyə Aleksey Getman bildirib. O, həmçinin, ABŞ Konqresində Kiyev üçün vəsaitin ayrılması məsələsi həll olunana qədər Avropa İttifaqının yardımı artıracağına ümidini ifadə edib.

Bir müddət öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Silahlı Qüvvələrin daim mərmi çatışmazlığından əziyyət çəkdiyini və Avropanın silah istehsalında Rusiya ilə rəqabət apara bilmədiyini söyləyib. Belə ki, Brüssel 2023-cü ildə Ukraynaya bir milyon mərmi və raket tədarükü barədə vədini yerinə yetirməyib.

Qeyd edək ki, ABŞ administrasiyası təxminən dörd ay əvvəl 2024-cü maliyyə ilində İsrail, Ukrayna və Tayvana yardım üzrə əlavə büdcə ayırmaları üçün Konqresə sorğu göndərib. Fevralın 13-də Senat bir qrup respublikaçının dəstəyi ilə həmin ölkələrə 95 milyard dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Lakin bu layihədə cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur. Aşağı palatanın spikeri Mayk Conson senatorların hazırladığı qanun layihəsini “əvvəlcədən keçilməz” adlandırıb. Fevralın 16-da qanun layihəsinə səs vermədən tətilə çıxan konqresmenlər işlərini fevralın 28-də davam edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin