Şəhid Anasından Dünyaya Örnək Addım – Sülh və Qonşuluq Necə Olmalıdır?

2024/02/13-1708594338.jpg
Oxunub: 1599     14:39     22 Fevral 2024    
“Hətta mən bilsəm ki, mənim qonşumun övladının atdığı mərmidənmi, silahdanmı, mənim oğlum şəhid olub. Mən Xankəndində onunla qonşu olaraq yaşayaram”.

Onun bu sözləri cəmiyyətdə birmənalı qarşılanmadı. Adını ağıllı qoyub axmaq düşüncələri ilə cəmiyyətdə çaşqınlıq yaradanlar, onun ünvanına çox tənqidlər yazdılar. Hətta “görəsən bu xanımın şəhidi olsaydı, belə danışardımı” deyə irəli gedənlər də oldu. Əslində isə tanıyanlar və yaxın ətrafı nə demək istədiyini yaxşı bilirdilər. Gözünü açanda evində hərbi formada, əlində silah olan anasından öyrəndiyi vətən sevgisini o da öz övladlarına aşılamış, bu vətən sevgisi yolunda oğlunu qurban vermişdi. Onun bu çıxışı isə təkcə fərdi düşüncələri yox, həm də dünyaya fitnə toxumu səpənlərə Azərbaycan qadınının ümumi bir mətinlik və qətiyyətlilik mesajıydı.

Ordu.az saytı olaraq bu yazımızda Sizə şəhid anası Maya Quluyeva barəsində əməkdaşımızın qələmə aldığı yazını təqdim edirik.

Çoxdandır ki, barəsində yazmaq istəyirəm. Amma hardan başlayıb, necə sonlandıracağım məndə tərəddüd yaratdığı üçün əl saxlamışam. Onu yaxından tanımasaydım və barəsində kimdənsə az-maz təəssüratlar öyrənsəydim, yazmaq bəlkə də asan olardı. Amma dərindən tanıdığım bu xanım üçün yazmaq elə də asan deyil.


Hardan başlayasan, vətənə, xalqa olan sevgisindənmi, bu sevgiyə özünü qurban edəcək dərəcədə fəallıqdanmı, hələ üzünü görmədiyi, sadəcə adını eşitdikləri doğma Ağdamına, sinəsi düşmən tapdağına çevrilən Qarabağına, bütövlükdə Azərbaycanına özlərini qurban verəcək dərəcədə vətən sevgisilə tərbiyə edib, böyütdüyü hərə kəsə örnək olacaq övladlarındanmı, yoxsa..., yoxsa doğma torpağına qədəm basmaq üçün arzuladığı düşmənimlə bir yerdə qonşu olmağa da razıyam dedikdən sonra ona qarşı olan haqsız iddialardan, tənələrdənmi?

Fikirlər beynimdə dolaşdıqca özüm-özümə düşünürəm. Sən, bir quru canınla bu qədər yükü balaca bir ürəyində necə qaldıra bilirsən Maya xanım. Maya xanımın timsalında beynimdə dolaşan qarma-qarışıq, ucunu tapa bilmədiyim fikir kələfində sonuca vardığım bir cavab var. Bu səbəbdəndir ki, Cənnət böyük qüvvə sayılan anaların ayaqlarının altında qərar tutub.

Kimdir Maya Quluyeva?

2020-ci il 44 günlük vətən müahribəsinin ilk günləri. Bu andan başlayaraq həmişə vətənpərvərlik mövzusunda olan tədbirlərdə ön sıralarda olan Maya Quluyeva bu dəfə daha böyük bir məsuliyyət yükünün altına çiyinlərini verir. Müharibənin ən qızğın vaxtlarında gələn təminatların, toplanan əsgəri ləvazimatlarının təhlükəsiz bir yerdə cəm olması lazımıydı. Belə vəziyyətdə bütün məsuliyyəti öz üzərinə götürərək, keçmiş təmas xəttinə yaxın yerləşən evlərini əsgər və zabirlərin xidmətinə verir. Bu evdə təkcə respublikanın bir çox bölgələrindən gələn ianələr toplanmır. Onlar həm də eyni sayda və çeşiddə paketlənərək cəbhənin müxtəlif istiqamətlərində əsgərlərə çatdırlırdı. Yadımdadı, Ağdam istiqamətinə ermənilərin atdığı raket zərbələri zamanı dəyən zərərləri lentə almaq üçün getdiyimiz zamanlarda ara-sıra öz aramızda “qərargah” adı verdiyimiz bu evə dönürdük. Vaxt etdikcə əsgər payının paketklənməsinə də kömək edirdik. Hazır olan paketlər Ağdam, Tərtər, Naftalana aparılaraq, ordan ön xəttə, döyüş əməliyyatlarında iştirak edən hərbiçilərimizə göndərilir, əlavə lazım olan ehtiyaclarla maraqlanılırdı. Ağdam, Bərdə, Tərtər rayon mərkəzi xəstəxanalarında yerləşdirilən yaralılara lazım olan yataq dəstləri və geyimlər, həmçinin vacib olan dərmanların tapılması və aidiyyatı məkanlara çatdırılmasında da məhz Maya Quluyevanın rolu böyük olub.

Köhnə “Jiquli”, yuxusuz gecələr, müharibəyə can atan oğul

Hər gün ön xəttə lazım olan ehtiyacların çatdırılmasında yorulmadan hərəkətdə olan Xalidi o bölgədə uşaqdan böyüyə kimi hamı tanıyırdı. Xüsusilə hərbçilər onun gəlişini aralıdan gələn maşının sürətindən bəlli edirdilər. Atılan mərmilərin ölüm saçan partlaşıyşları onu qəytiyyən çəkindirmirdi. Əksinə daim tələsər, gördüyü işin qüsursuz və tez olmasına çalışardı. Xarici görünüşü köhnə olan avtomobili ilə hər dəfə ön xəttədən qayıdanda üzündəki yorğunluq hissini sezdirmək istəməsə də, gözlərinin qızartısı onun yatmadığından xəbər verirdi. Şamama ananın süzdüyü çayın soyumasına səbr etmədən, nəlbəkiyə süzə-süzə “nə oldu bu səfərbədlikdən xəbər çıxmadı” deyə narazılıq edərək sual dolu baxışlarla anasına baxdı. Oğlunun şirin tənəli baxışlarına gülərək “Xallım, mən səfərbərlikdə işləmirəm axı. Məndən olsa səni bu dəqiqə göndərərəm. Sən də səbr elə gözlə” deyə oğluna təsəlli verən Maya xanım ətrafda olanların da Xalidə “sən burda hərbi üçün daha çox kömək edirsən” bildirdiyini deyir. Xalid isə bu sözlərə qəti etiraz edərək aktiv döyüş əməliyyatlarında olmaq istədiyini bildirirdi. Axı kim bilirdi ki, bütün varlığıyla özünü müsəlləh əsgər sayan bu ailədə gənc ana-oğlun bu şirin söhbətlərinin ömrü çox uzun olmayacaq.


Bu söhbətdən bir neçə gün keçmişdi. Artıq səfərbərlik xidmətindən Xalidin hərbi xidmətə çağırışı gəlmişdi. O günü Xalidin üzündə olan sevinc, gülüb şənlənməyi hamıda onsuz da reallaşan qələbəmizə inamı bir az da artırmışdı. Sanki qələbənin tezləşməsi Xalidin cəbhəyə getməsinə bağlıydı. O günü Maya xanım oğlu Xalidi böyük bir qürur hissi ilə yola salmışdı cəbhəyə. İndi Xalidin səsi döyüşün ən qaynar bölgələrindən, düşmənlə üz-üzə, bəzi hallarda isə mövqelər uğrunda az qala əlbəyaxa döyüşün getdiyi yerlərdən gələcəkdi. Təbii ki, bir vətənpərvər ananın ən böyük sevinc payı övladının bu ölüm-dirim savaşında düşmən üzərində qələbə qazanmasıdır. Hər gün olmasa da ara-sıra vaxtı olduqca evlə əlaqə saxlayan Xalid məhv etdikləri düşmən əsgərlərindən, sıradan çıxardaraq zəiflətdikləri düşmən texnikalarından söz açıb, qələbə sorağına sayılı günlərin qaldığını deyirdi.

Bir neçə gün də keçir. Əsgərlərimizin əks-hücum əməliyyatı qarşısında tab gətirməyən düşmən əsgərlərinin geri çəkilmələri xəbəri gəlməkdə davam edir. Bu müjdələr bir-birini sıraladıqca gələn şəhid xəbərləri də artır. Hər gün yorulmadan ön xəttə təminat hazırlığında olan Maya xanıma bu dəfə gələn zəngdən sonra o qələbə müjdəsi verəcək oğlunun şəhid olmasını öyrənir. Amma nə qüruru, nə də ruhunda yaşatdığı vətən sevgisi onu sarsıtmır. Əksinə, şəhid övladı Xalidin yarımçıq qalan arzularının reallaşması yükünün də onun çiyninə düşdüyü hissi, gənc ananın həyata daha da möhkəm sarılmasına əsas verir. Elə buna görəydi ki, Maya xanıma baş sağlığına gələnlər, onun Xalidin sorağına gələnləri yola salmaq üçün hazırlıqlar etdiyini görürlər. Bəlkə də kənardan fərqli görünə bilər. Lakin gənc yaşlarında şəhid anası olan Maya xanım özünün məğrur duruşuyla hər kəs üçün bir Azərbaycan qadını, bir qürurlu ANA nümunəsi olub.

Yanlış anlaşılan sözlər

Ermənilərin Qarabağda olan təbii sərvətlərimizin talan olunmasına etiraza başladıqları ilk gündən Maya xanımın etdiyi bir çıxış, burada keçirilən aksiyanın əsas məqsədindən daha çox gündəm oldu.

“Hətta mən bilsəm ki, mənim qonşumun övladının atdığı mərmidənmi, silahdanmı, mənim oğlum şəhid olub. Mən Xankəndində onunla qonşu olaraq yaşayaram”.


Əslində Maya xanımın bu sözləri dövlətimizin əsas maraqlarının sadə bir vətəndaş dili ilə səslənməsiydi. Amma onu başa düşməyən, ünvanına tənqid dolu sözlər yazanlar hardan biləydilər ki, onların dar düşüncələri böyük əhəmiyyəti olan bu ifadələrin təsiri qaltında çox cılız və acizdir. Maya xanımın bu sözləri həm də Xankəndi də yaşamaq istəyi olan, vətənin bütöv olmnasını arzulayan şəhid oğlu Xalidin yarımçıq qalan Qarabağ arzusunun bütünlüyü yolunda apardığı mücadilənin davamıdır.

Vətən sevgisi rudan doğar

Maya xanımın anası Şamama ana 1991-1994-cü illərdə Ağdam istiqamətində gedən döyüşlərin iştirakçısı olub. O, səngərdə duran qardaşları, yaxın qohumları ilə birgə çiynində silah doğma yurdunun keşiyini çəkib. Vətən müharibəsinin 44 günlük aktiv dönəmində də yaşının ahıl çağı olmasına baxmayaraq, vətənə olan xidmətini hərbiçilərimizə olan qulluğuyla yerinə yetirib. Tək məqsədi və amalı isə vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda bir zərrə qədər də olsa əməyinin olmasıdır. Bir sözlə, bu ailə sözün əsl mənasında hər bir kəs üçün vətənpərvərlik nümunəsidir.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Maya-Quluyeva  


Bizi "telegram"da izləyin