Britaniya kəşfiyyatı Aİ-nin Ermənistanda qurduğu “barrikada”nı dağıtmağa çalışır? – ANALİZ

2024/02/60-57-1708418867.jpg
Oxunub: 4721     12:55     22 Fevral 2024    
Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin rəisi Riçard Mur ötən ilin dekabr ayının 16-da İrəvana səfərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyanla növbəti dəfə bu ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüb.

Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla iqtisadi layihələr çevrəsində əməkdaşlıq edən Böyük Britaniya hökumətinin son vaxtlar Ermənistana marağının artması xüsusilə diqqət çəkir.

Londonun İrəvana yaxınlaşma kursu götürməsi müxtəlif ehtimalların meydana gəlməsinə rəvac verir. Hesab eləmək olar ki, Böyük Britaniya Ukraynada, eləcə də Yaxın Şərqdə gedən müharibələrin qığılcımlarının Qafqaza sıçramasından narahatdır. Çox güman ki, avropalı strateqlərin nəzəriyyəsinə görə, Ermənistanı Azərbaycanla yenidən müharibəyə cəlb edə bilsələr, İrəvanın Moskvadan uzaqlaşması, hətta qopması sürətlənəcək.

Sirr deyil ki, sülh prosesi ətrafında manipulyasiya edən Ermənistan sanki zaman qazanmağa, bu zaman içərisində isə silahlanma və ordunun püxtələşməsi baxımından irəliləyişə nail olmaq istəyir. Görünür, sürətli şəkildə silahlanmağa, eyni zamanda, avropalı mütəxəssislərin dəstəyi ilə ordusunun kadr potensialını gücləndirməyə çalışan Ermənistanın revanşist mövqeyi Avropada yalnız Birləşmiş Krallığı narahat edir.

Bir müddət əvvəl Ermənistan parlamenti Müdafiə Komitəsinin üzvü general Qaqik Melkonyan ölkəsinin Rusiyaya sifariş verdiyi silahların bir qismini təhvil aldığını bildirib. Özü Ukraynada müharibə aparan Moskvanın Ermənistana satdığı silahların bir qismini gözlənilmədən sifarişçiyə çatdırması söz yox ki, müəyyən mətləblərdən xəbər verir.

Görünür, Avropada belə hesab edirlər ki, Rusiya Ermənistana verməli olduğu silahların çatdırılmasına başlamaqla Moskva-İrəvan münasibətlərindəki soyuqluğu yumşaltmaq istiqamətində addım atır. Eyni zamanda, Qafqaza maksimum həssaslıqla yanaşan Qərb Paşinyanın Rusiya ilə olduğu kimi Avropa İttifaqı ilə də manipulyativ şəkildə davrana biləcəyini ehtimal edir və bu məqamı ciddi formada nəzərə alır.

Bu kimi faktların Böyük Britaniya kəşfiyyatının diqqət mərkəzində olduğunu tərəddüd etmədən demək olar... Ona görə də Bakı ilə sıx iqtisadi, diplomatik əlaqələrə malik olan rəsmi London Ermənistanın yenidən Azərbaycanla münaqişəyə cəlb edilməməsi üçün qabaqlayıcı tədbirlər ətrafında İrəvanla məsləhətləşmələr apara bilər.

Nə qədər qəribə olsa da, fevralın 21-də Fransada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan birgə brifinqdə Fransa prezidenti Emmanuel Makronun “İrəvan Fransanın Ermənistana dəstəyinə arxalana bilər. Qarabağ erməniləri “ən tez zamanda, maneəsiz və təhlükəsiz öz evlərinə qayıtmaq hüququnu almalıdırlar” deməsinə, həmçinin ölkəsinin Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyini, Parisin İrəvana müdafiə silahlarının tədarükünə davam edəcəyini açıqlamasına rəğmən, Nikol Paşinyan bildirib ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir və buna görə də ölkənin müdafiə qabiliyyətinin inkişafı heç kimdə təşviş yaratmamalıdır.

Ehtimal etmək olar ki, Ermənistanı yenidən münaqişəyə sövq etməyə çalışan Fransanın paytaxtına səfəri zamanı Nikol Paşinyan, bu ölkənin prezidentinin şirnikləndirici bəyanatlarının fonunda ölkəsinin qonşuların ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan etməklə rəsmi Parisə üstüörtülü şəkildə mesaj verməyə çalışıb.

Güman etmək olar ki, bu bəyanat Riçard Murla görüşlərdə danışılan mövzulardan mayalanır.

Britaniya Kəşfiyyatına rəhbərlik edən Riçard Murun İrəvana səfəri və onun Münhendə Nikol Paşinyanla təkrar görüşü Ermənistanın Rusiya ilə münasibətləri, həmçinin Tehranla əlaqələr kontekstində nəzərdən keçirilə bilər.

Bəllidir ki, Birləşmiş Krallığın Ukraynada müharibə aparan Rusiya ilə münasibətləri kifayət qədər kəskinləşib. Xatırladaq ki, Ermənistan rəhbərliyi rəsmi şəkildə Kiyevə dəstək nümayiş etdirib və bu amil Ukraynaya hərtərəfli yardım göstərən Londonun mövqeyi ilə üst-üstə düşür. Deməli, Böyük Britaniya və Ermənistanı yaxınlaşdıran ortaq nöqtə mövcuddur. Digər tərəfdən Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi bazanın yerləşməsi və onun fəaliyyət istiqaməti də Britaniya kəşfiyyatının maraq dairəsindədir. Nəzərə alsaq ki, ABŞ özünün Ermənistandakı 13-cü bioloji laboratoriyasını məhz 102-ci hərbi bazanın yaxınlığında qurub, bu qənaətə gəlmək olar ki, müttəfiqlər - ABŞ və Böyük Britaniya sözügedən bazanın ətrafındakı çevrəni getdikcə daraltmağa çalışırlar.

Riçard Murun Ermənistan rəhbərliyi ilə ardıcıl görüşünün mövzularından biri də Yaxın Şərq, Suriya və İraqda getdikcə kritikləşən ABŞ-İran qarşıdurması ola bilər.

Hərçənd, bu regionda baş verənlərə rəsmi İrəvanın heç bir təsir imkanı olmasa da, İran, Suriya və İraqda ermənilərdən ibarət silahlı qruplaşmaların və ya terror təşkilatlarının olduğu şəksizdir. Bu da qərb kəşfiyyatını düşündürən faktlardan biridir ki, İran öz təsiri altında saxladığı silahlı ermənilərdən təşkil olunan qruplaşmaları ABŞ və müttəfiq qoşunlara qarşı yönəldə bilər. Belə olduğu halda, ermənilər Vaşinqton və Londonla qarşı cəbhədə təmsil olunmuş sayılacaq. Bu isə Ermənistan üçün yaxşı nəticələr vəd eləmir.

Mümkündür ki, İrəvan son zamanlar Tehranla münasibətlərində yaranan soyuqluğa rəğmən, Fars körfəzi bölgəsində müharibə baş verəcəyi təqdirdə, İrana hansısa formada yardım göstərmək istəsin. Çünki İrəvanın 30 illik işğalçılıq siyasətini dəstəkləyən Tehran gərgin məqamda Ermənistandan yardım uma bilər.

Bütün mümkün fərziyyələrin fonunda dəyişilməz ən əsas ehtimal Londunun İrəvanı Azərbaycanla münaqişədən yayınmağa çağırmasıdır.

Daha doğrusu, Ermənistan Azərbaycanla yenidən müharibə aparmaq fikrinə düşsə, bu nəinki Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək, həm də Qərbin Cənubi Qafqazı əhatə edən strateji planlarının pozulması ilə yadda qalacaq... Bunu isə nə İrəvan, nə də Avropa istəmir.

Əks halda, Ermənistan Rusiyanın təsir dairəsindən heç vaxt çıxa bilməyəcək və İrəvanın Moskvadan asılılığı aktual olaraq qalacaq.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa   Təxribat   Britaniya   MI6  


Bizi "telegram"da izləyin