Türkiyə Müdafiə Sənayesi Hərbi Qabiliyyətdə Kritik Həddi Aşır – ANALİZ

2024/02/2024--1708584127.jpg
Oxunub: 2383     13:49     22 Fevral 2024    
Şübhəsiz ki, 2024-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsinin ən diqqət çəkən gündəmi 5-ci nəsil taktiki aviasiya ünsürü olaraq hazırlanan “Kaan”ın ilk uçuşu kimi yadda qaldı.

Dünyanın ən mühüm F-16 istifadəçilərindən biri olan Türkiyə HHQ-nin uzun illərə yayılan təcrübəsi, Türkiyənin böyük F-16 pilot parkı, ən əsası, Türkiyə müdafiə sənayesinin geniş üstünlük və təcrübəyə malik olması F-16V tədarükü çərçivəsində önəmlidir. Türkiyə müdafiə sənayesində 2023-cü il kritik silah sistemləri sınaqlarının ön plana çıxdığı bir il oldu. Bu sınaqlar arasında bizi ən çox maraqlandıran tendensiya aeroballistik raket imkanlarının yaradılması və onların zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) tutumu ilə inteqrasiyasıdır.

Buna misal kimi ilk olaraq TRG-230 ağır raketinin zərbə PUA-sı versiyasının “Baykar Akıncı” strateji zərbə PUA-sı tərəfindən sınaqdan keçirilməsi və daha sonra 122 mm-lik “Sakarya” raketinin sınaqdan keçirilməsidir. Zərbə PUA-larının raket və taktiki ballistik raket inventarları ilə birləşməsi çox çevik və effektiv əməliyyat planları təklif edə bilər. Aeroballistik silahlar eyni sistemlərin “yer-yer” variantlarından daha uzun təsirli məsafəyə malikdir. Xüsusilə 140 kilometrlik sınaq mənzili ilə TRG-230 zərbə PUA-sı versiyası əhəmiyyətli bir qabiliyyət təqdim edir.

Əlbəttə, qeyd etmək lazımdır ki, raket real döyüş şəraitində 140 kilometri keçə bilərdi, çünki sınaq ssenarisi məxfi nüanslar nəzərə alınmaqla hazırlanmış ola bilərdi. Bundan əlavə, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin aeroballistik raketlərə qarşı müvəffəqiyyət nisbətinin ballistik raketlərə nisbətən daha aşağı olduğu məlumdur. Bu silah sistemləri yüksək dağıdıcı gücə malik ağır döyüş başlıqları ilə sıx “yer-hava” raket (SAM) sistemləri ilə qorunan düşmən hava məkanının ərazilərinə hərbi personalı riskə atmadan hücum etmək imkanı verir.

Hərbi Qabiliyyətdə Kritik Həddi Aşır

Türkiyə müdafiə sənayesində əhəmiyyət verdiyimiz digər bir inkişaf isə “Kemankeş”in atış sınaqlarıdır. “Kemankeş” “Kızılelma” və TB-2 kimi “Baykar” həlləri ilə müqayisədə manşetlərdə nisbətən arxa planda qalsa da, bu sətirlərin müəllifinin ən çox dəyər verdiyi kateqorik həllərdən biridir. Çünki Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdəki mövcud təhlükəsizlik vəziyyəti kimi misallar “gəzən sursat” (kamikadze PUA-sı) seqmentinin zərbə PUA-sı/PUA bazarında çox xüsusi yer tutması tezisini təsdiqləyir.

Əməliyyat planı baxımından qarışıq hava hücumu paketlərinə müxtəlif raketlərlə daxil olan və düşmənin HHM-i üçün döyüş meydanındakı vəziyyəti daha da mürəkkəbləşdirən kamikadze sistemləri gələcək müharibələrdə daha da kritik yer tutacaq. Bundan əlavə, “Kemankeş”in insansız sistemlər üçün sertifikatlı kamikadze PUA-sı olması da vacibdir. “Kemankeş” yalnız kinetik hücum sistemi kimi qəbul edilməməlidir. Əslində sistemin qabaqcıl sensorları “Kemankeş”i informasiya üstünlüyü baxımından avantajlı bir həll halına gətirib.

Strateji hava seqmentində də mühüm inkişaflar oldu. ASELSAN-ın maksimum 100+ kilometr mənzilə malik HHM sistemi “Siper Ürün-1”in qəbul mərasimi və maksimum 150+ kilometr mənzilə malik “Siper Ürün-2”nin ilk atış sınağı sözügedən sahədəki ən kritik inkişaflar sırasındadır. “Siper” ailəsinin Türkiyənin müdafiə qabiliyyətinin strateji SAM sistemləri seqmentindəki çatışmazlıqları əhəmiyyətli dərəcədə aradan qaldıracağı gözlənilir.

Əslində, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün 2023-cü ilin əvvəlində Türkiyənin artıq S-400 sisteminə ehtiyac duymayacağı ilə bağlı açıqlamaları “Siper” ailəsindən gözlənilən uğura işarədir. Dəniz döyüş sistemləri baxımından bir çox insanın sevimli inkişafı TCG “Anadolu”nun yüksəlişidir. Amfibiya hücum gəmisi olan TCG “Anadolu” həqiqətən də möhtəşəm bir güc ötürmə platformasıdır. Sözügedən platforma həm də Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən böyük döyüş gəmisidir.

Digər tərəfdən, dəniz döyüşü seqmentində müşahidə edilən ən kritik iki inkişaf ROKETSAN-ın “Atmaca” layihəsinin ilk seriya istehsalı gəmi əleyhinə raketlərini Türkiyə HDQ-yə təhvil verməsi və 2023-cü ilin sonunda ağır sinfə məxsus “Akya” torpedosunun ilk həqiqi döyüş başlıqlı sınağının uğurla tamamlanması oldu. Əvvəlki araşdırmalarımızda da qeyd etdiyimiz kimi, “Atmaca” gəmi əleyhinə raketi və ağır sinfə məxsus “Akya” torpedosu Türkiyə HDQ-nin əməliyyat müstəqilliyinin elementləri kimi qəbul edilməlidir.

Ötən il hava müharibəsi seqmentində iki mühüm inkişaf baş verdi. Bunlardan birincisi ilk uçuşunu edən “Baykar Kızılelma”nın yüksək hündürlük sistemi tanıma sınaq uçuşlarını həyata keçirməsi, ikincisi isə digər pilotsuz döyüş təyyarəsi layihəsi olan TUSAŞ “Anka-3”ün ilk uçuşunu uğurla tamamlaması olub.

Bu sistemlər təkcə strateji zərbə PUA-sı platformaları olmayacaq, həm də Türkiyənin “Kaan” layihəsi ilə 5-ci nəsil taktiki həllinin bir hissəsi olacaq və “loyal wingman” çərçivəsində insan-maşın əməkdaşlıq konsepsiyası ilə birgə əməliyyatlar həyata keçirəcək. Bununla belə, qiymətləndirilən əməliyyatın uğurla yerinə yetirilməsi üçün həm də qabaqcıl Süni Zəka (SZ) alqoritmləri, yüksək səviyyəli missiya və uçuş kompüterləri və kəskin kadr intellekti tələb olunur.

Kritik Layihələrdə Geri Sayım

Şübhəsiz ki, 2024-cü ildə Türkiyə HHQ-nin modernləşdirilməsinin ən diqqət çəkən gündəmi 5-ci nəsil taktiki aviasiya ünsürü olaraq hazırlanan “Kaan”ın ilk uçuşudur. “Kaan” layihəsi sistemlər sistemi məzmununa uyğundur. Sözügedən məzmun missiya kompüterlərindən aşağı görünən dizayn xüsusiyyətlərinə, avionikadan silah sistemi sertifikatlarına, AESA radarından 5-ci nəsil hava əməliyyatları qabiliyyətinə qədər dəyişir.

Bu nöqtədə, hələ də formalaşmaqda olan 2024-cü ilin ikinci ən əhəmiyyətli hərbi aviasiya gündəliyi ilə qarşılaşırıq. Sözügedən gündəm bir müddətdir müzakirə mövzusu olan ara həll ehtiyacının hazır alışlarla qarşılanmasıdır. Türkiyə HHQ inventarında olan 4-cü nəsil F-16 döyüş təyyarələri ilə dünyanın ən əhəmiyyətli oyunçularından biridir. S-400-lərin alınması və Türkiyənin F-35 proqramından kənarlaşdırılmasından sonra Ankara üçün iki mümkün müvəqqəti həll yolunun gündəmə gəldiyi müşahidə edilir.

Bu həllərdən birincisi F-16 “Viper” (F-16V), digər variant isə “Eurofighter Typoon”un alınmasıdır ki, bunlar da bir-birini istisna edən variantlar deyil. İsveçin NATO-ya üzvlüyünün təsdiqindən sonra Ankara üçün F-16V-lərin alınmasının yolunun açıldığı anlaşıldı. F-16V F-16 ailəsinin ən təkmil versiyasıdır. Sistemin ən diqqət çəkən xüsusiyyətlərindən biri APG-83 AESA radarıdır. Bu konfiqurasiya bir çox digər xüsusiyyətlərlə birlikdə F-16V-ni 4,5 nəsil ara həll kimi yerləşdirir.

Türkiyənin 5-ci nəsil döyüş təyyarələrinə sahib olduğu ssenari ilə müqayisədə ideal bir həll olmasa da, biz F-16V-ni 2020-ci və 2030-cu illərin əvvəllərini problemsiz keçirmək üçün uyğun variant hesab edirik. Bundan əlavə, dünyanın ən əhəmiyyətli F-16 istifadəçilərindən biri olan Türkiyə HHQ-nin uzunmüddətli təcrübəsi, Türkiyənin böyük F-16 pilot parkı, yerüstü heyətlər, F-16 təyyarələrinə uyğun logistika infrastrukturu, simulyator istifadəsi, ən əsası, Türkiyə müdafiə sənayesi üçün silah sistemi sertifikatına qədər geniş üstünlük və təcrübəyə sahib olma F-16V tədarükü çərçivəsində vacibdir.

2024-cü ildə dəniz müharibəsi seqmentində TF-2000 HHM freqatları ilə bağlı inkişafları yaxından izləyəcəyik. Çünki TF-2000-lər açıq dəniz donanmasına çevrilən Türkiyə HDQ-nin tapşırıq qrupları üçün vacib imkanlardır. 2024-cü ildən sonra digər vacib məsələ milli sualtı qayıq layihəsi olacaq. “Reis” sinfindən sonra ilk milli sualtı qayıq (MİLDEN) platformaları, ehtimal ki, havadan müstəqil hərəkət sistemi (AIP) ilə təchiz ediləcək.

Digər tərəfdən, Türkiyə HDQ-nin jurnalında nəşr olunan və nüvə sualtı qayıqlarını araşdıran məqaləyə istinadən müdafiə xəbər saytları Türkiyə HDQ-nin nüvə sualtı qayıqları ilə maraqlandığını iddia edib. MİLDEN layihəsinin gələcək variantları üçün nüvə sualtı qayığı planlarının olub-olmaması gələcək dövrdə yaxından izləyəcəyimiz bir inkişafdır. Son olaraq strateji silah sistemləri seqmentində 2 kritik inkişafı izləyəcəyik.

Yadınızdadırsa, “Cenk” ballistik raketi ilk dəfə 2023-cü ildə görüntüləndi. Qiymətləndirmələrdə “Cenk”in Türkiyənin ilk orta mənzilli (1000 km-3000 km mənzilli) ballistik raketi olacağı bildirilib. Bu mənzildəki qabiliyyət adi səviyyədə əldə edilə bilən ən yüksək səviyyəni təmsil edir. Digər mühüm strateji silah sistemi layihəsi “Atmaca” gəmi əleyhinə raketinin “yer-yer” variantının istehsalıdır.

Əsas podratçısı ROKETSAN olan “Kara Atmaca” raketinin mühərriki KTM-3700 adı ilə KALE AR-GE şirkəti tərəfindən istehsal olunur. Ukraynada “Neptun” gəmi əleyhinə raketinin izlədiyi yola bənzər bir plan izləyən “Kara Atmaca” təkcə gəmi əleyhinə raket deyil, həm də “yer-yer” qanadlı raketi kimi kritik bir qabiliyyət təqdim edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin