Qərbi Azərbaycan Xronikası: Ermənilərin 87 azərbaycanlı uşağı qətlə yetirdiyi rayon

2024/02/1708541489.jpg
Oxunub: 230     22:34     21 Fevral 2024    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilər və havadarları tərəfindən əhalisi pərən-pərən salınan, ərazisi isə parçalanan Hamamlı rayonu haqqında süjet hazırlanıb.

Ordu.az xəbər verir ki, “Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” adlı süjetdə indiki Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığı, ermənilərin Azərbaycan ərazilərinə kütləvi köçürülməsi nəticəsində azərbaycanlıların daim etnik təmizləməyə məruz qaldığı bildirilir.

Qeyd olunub ki, Qərbi Azərbaycanın Pəmbək mahalında yerləşən Hamamlı ərazisi 1801-cı ildə Çar Rusiyası tərəfindən işğal edilib: “1828-ci ildə Hamamlı da daxil olmaqla İrəvan xanlığı Çar Rusiyasına birləşdirilib. XIX əsrdə yeni yaradılan inzibati ərazi bölgüsünə əsasən Hamamlı İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə verilib. 1918-ci ilin noyabrında indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Hamamlı Loru-Pəmbək qəzasına daxil edilib. Hamamlı 1921-ci il fevralın 11-də Sovet Ermənistanına birləşdirilib və 1937-ci ilə kimi Qarakilsə rayonunun tərkibində olub. 1937-ci il dekabrın 31-də inzibati mərkəzi Hamamlı olmaqla, eyni adlı rayon yaradılıb. 1949-cu ildə rayonun adı dəyişdirilərək Spitak qoyulub”.

Diqqətə çatdırılıb ki, keçmişdə bu ərazidə azərbaycanlıların yaşadığı Qursalı, Saral, Qızılörən, Qaral, Tapalı, Qotur, Nalbənd, Cacur, Parım, Avdıbəy, Ağbulaq, Sarıhart kimi 24 kənd mövcud olub:

“Bu yaşayış məskənlərinə XIX əsrin ortalarından xaricdən gəlmə ermənilər yerləşdirilib və azərbaycanlılar tədricən sıxışdırılaraq çıxarılıb. Onlardan bəziləri 1918-1920-ci illərdə ermənilər tərəfindən məhv edilib, digərlərinin əhalisi isə SSRİ dövründə Azərbaycana köçürülüb. 1988-ci il deportasiyasına qədər yalnız Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayıb. Son deportasiya zamanı 1988-ci il dekabrın 5-də daşnak terror qrupu Hamamlıda insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktları törədib, azərbaycanlı olduqlarına görə 87 uşağı vəhşi üsullarla qətlə yetirib. Sonrakı mərhələdə Hamamlı rayonu üzrə 23 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Hamamlı, yəni Spitak rayonu ləğv olunaraq Loru mərzliyinin inzibati ərazisinə daxil edilib”.

Sonda vurğulanıb ki, ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinə qədər oğuz türklərinin yaşayış məskəni olan Hamamlı rayonu da ermənilərin siyasi oyunlarının qurbanı olub:

“Əminik ki, zaman-zaman ermənilərin fiziki və mənəvi terroru, təcavüzü ilə üzləşən soydaşlarımız bu tarixi gerçəkliyi heç vaxt unutmayacaq, tezliklə Qərbi Azərbaycana Böyük qayıdışın qürurunu yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan-Xronikası  


Bizi "telegram"da izləyin