Tehran nəyi sükutla “silir” və təhlil edir?| İran-Ermənistan münasibətlərində “soyuq yellər” (ANALİZ)

2022/12/sdfds-1671271623.jpg
Oxunub: 1981     16:30     21 Fevral 2024    
“Avropa küləyi”nin Ermənistana doğru “əsməsi” sürətəndikcə, rəsmi İrəvanın regiondakı tərəfdaşları ilə münasibətlərində dərin çatlar əmələ gəlməyə başladığı hamıya bəllidir.

Nikol Paşinyan hökuməti Rusiyanın ardınca İranla da diplomatik əlaqələri dalana dirəməyə doğru gedir.

Bu, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın bir neçə gün əvvəl iki ölkənin hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün İrana etdiyi səfər zamanı özünü daha qabarıq biruzə verib.

Səfər əsanasında Mher Qriqoryanı qəbul edən İran prezidenti İbrahim Rəisi Avropa İttifaqının müşahidə missiyasının Ermənistana yerləşdirilməsinə münasibət bildirərkən, “Biz problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, region xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək” deyib.

Əslində, Ermənistana həmişə müstəsna diqqət göstərən və dəstək verən bir ölkənin rəhbəri belə bir narahatlığı rəsmi tədbir zamanı dilə gətirirsə, deməli, iki ölkə arasında Avropanın “soyuq yellər”inin əsməsi Tehranın İrəvana sevgisini “üşütməyə” başlayıb. Hətta bu narazılıq İran Prezidentinin rəsmi saytında yayılan xəbərə də sirayət edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 2022-ci ilin oktyabr ayının 6-da Praqada keçirilən görüşündə Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsi barədə razılıq əldə olunmuşdu. Əvvəlcə missiyanın iki ay ərzində fəaliyyət göstərməsi nəzərdə tutulsa da, sonradan Ermənistan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya görə, Ermənistandakı monitorinq missiyasının müddəti uzadıldı və hətta missiyyanın bu ölkədə ofislər açıldı, bundan sonra Aİ-nin müşahidə missiyası bu ölkədə tam hüquqi fəaliyyətə başladı.

Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq ekspertinin yerləşdirilməsi barədə qərar təbii ki, Ermənistanla yüksək əlaqələrə malik olan İran üçün gözlənilməz suallar yaratdı. Missiyanın məqsədi bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərini asanlaşdırılması olsa da, onun mövcudluğu İran-Ermənistan münasibətləri üçün “tərs şapalaq” effekti verdi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtrəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasına gətirib çıxardı.

Söz yox ki, İrəvan Tehranın belə bir addım atmasından sonra nə olursa-olsun, qisasçı addım atmaq barədə qərar verməyi qarşıya məqsəd qoyub.

Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün Ermənistan ərazisində hansı təşkilatın, hansı beynəlxalq qurumun müşahidə missiyasının yerləşdirməsi o qədər də ciddi əhəmiyyət kəsb etmir. Ən azından ona görə ki, 30 il ərzində heç bir beynəlxalq təşkilat, heç bir güc mərkəzi Ermənistana Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması üçün təzyiq göstərmədi. Bu işi rəsmi Bakı 44 gün ərzində özü yerinə yetirməli oldu. Bu üzdən də, münaqişələrin həllində heç bir səmərəli təcrübəyə malik olmayan Avropa təşkilatlarını təmsil edən müşahidəçilərin Ermənistanda yerləşdirilməsi Azərbaycan üçün narahatlıq doğura bilməz. Amma bu məsələ, yəni Aİ-nin müşahidə missiyasının, özü də, mülki missiya adı altında əksəriyyəti keçmiş polis və hərbiçilərdən ibarət müşahidəçilərin Ermənistan ərazisində yerləşdirilməsi söz yox ki, İranı narahat etməyə bilməzdi və bu özünü ən ali səviyyədə biruzə verdi.

İran Prezidenti ilə görüşdə Qriqoryan diqqəti Tehranın dəstəyinin İrəvan üçün vacib olduğuna çəksə də, İbrahim rəisinin Aİ missiyası ilə bağlı reaksiyası onu deməyə əsas verir ki, İranı Ermənistanın aqibətindən çox öz taleyi düşünürür və bu narahatlıqlar Ermənistanın tərk olunmasına qədər genişlənə bilər.

Rusiya Ukrayna müharibəsində rəsmi Kiyevi dəstəkləyən Aİ ölkələrinin Ermənistandakı missiyasının Rusiyaya dəstək verən Tehran üçün “qorxulu yuxu” olması təbiidir.

Düzdür, İran Prezidenti İbrahim Rəisi Ermənistandakı Aİ mülki müşahidə missiyası ilə bağlı narahatlığını ifadə edir, amma rəsmi silahlandırılmasında “baş rolu oyanayan” Fransanın Ermənistan ordusunun Azərbaycana qarşı hazırlanmasında canfəşanlığı haqda heç nə demir.

Gün kimi aydındır ki, Parislə gizli və aşkar tərəfdaşlığa malik Tehran çox gözəl anlayır ki, müharibədən və Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində birbaşa təmas qura bilirsə, Azərbaycan-Ermənistan sülh prosesinin nizamlanması haqqında danışıqlar Avropa ölkələrində avropalı vasitəçilərin təşəbbüsü ilə aparılırsa, deməli, qonşu ölkədəki Aİ missiyasının qarşısında tamamilə başqa məxfi tapşırıq qoyulub, bu da ancaq və ancaq İranla bağlıdır.

Mümkündür ki, Azərbaycanla sülh sazişinin imzalanmasına nail olunsa, fransalı mütəxəssislərin yetişdirdiyi erməni hərbiçilər Amerika və onun avropalı müttəfiqlərinin İrana qarşı gerçəkləşdirmək istədiyi hərbi əməliyyatlarda iştirak eləsin.

Ola bilər ki, İran bu haqda ya düşünmür, ya da düşünür, amma hələ ki, hadisələrin gedişatını müşahidə edib təhlillər aparır.

Tehranda çox gözəl anlayırlar ki, sürətlə silahlandırılan Ermənistanın hərbiçilərinə Avropadan gəlmiş mütəxəssislərin təlim keçməsi, təcrübə bölüşməsi sıradan hadisə deyil. Bir yandan da, Avropa Azərbaycanın yenidən müharibəyə cəlb edilməsinə maraqlı olmayacaq. Ən azı ona görə ki, beynəlxalq səviyyəli iqtisadi platformalarda Azərbaycanın iştirakı və mühüm əhəmiyyət kəsb etməsi danılmazdır, digər tərəfdən Ermənistanın inkişafı üçün bu ölkənin Azərbaycanla və Türkiyə ilə sərhədlərinin açılması həyati mahiyyət daşıyır.

Azərbaycanla yenidən müharibə şəraitinə qayıtmaq Ermənistandan ötrü daha 30-50 il müddətinə iqtisadi böhranla baş-başa qalmaq deməkdir. Bütün bu amilləri əzərə alsaq, bu qənaətə gələ bilərik ki, Avropa Azərbaycana məxsusi rəğbət bəsləməsə də, Ermənistanın gələcəyi üçün İrəvanın yenidən Bakı və Ankara üçün düşmənə çevirilməsində maraqlı deyil.

Onu da nəzərə alaq ki, Ermənistan üzərində hələ də müəyyən təsir rıçaqlarına malik olan Moskva Bakı ilə strateji tərəfdaşdır və Avropa Ukrayna cəbhəsində Rusiya ilə qarşı-qarşıya dayanıb. Bu amil isə enerji sahəsində, eləcə də bir çox iqtisadi məsələnin inkişafında Avropa istəməsə belə, Azərbaycanın əhəmiyyətini artırır.

Avropa missiyasının Ermənistanda fəaliyyətinin fonunda daha bir ciddi amilə nəzər yetirək: Sözügedən müşahidəçilərin əsas təşkilatçısı demək olar ki, rəsmi Parisdir və Fransa İranla ciddi siyasi-iqtisadi əlaqələrə malikdir. Buna rəğmən, Ukrayna müharibəsində görə Rusiyaya rəqib mövqedə dayanan əsas ölkələrdən biri Fransadır. Fransanın isə tərəfdaşlıq etdiyi İran Ukrayna müharibəsində Rusiyaya silah və sursat, eləcə də digər sahələrdə yardım göstərir.

Belə çıxır ki, Tehran yüksək əməkdaşlığa malik olduğu Parisə xəyanət etmiş duruma düşüb.

Buna görə də, Fransa İranı cəzalandırmaq üçün Azərbaycan-Ermənistan münasibətlərinin fonunda İrəvana müşahidə missiyasının göndərilməsinə nail olmaqla Tehranı öz yerində oturtmaq üçün hazırlıq prosesinə başlayıb...

Görünür ki, İran rəsmiləri bunu çox gözəl anlayır... Ona görə də, erməni əsgərinə təlim keçən fransız zabitin “tökdüyü təri” Tehran hələ ki, sükutla “silməyi” lazım bilir...

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin