Ermənistandan təhlükəli ərazi iddiaları| Paşinyanın “31 kənd” planı Nerkin Hand təxribatı ilə bitməyəcək

2020/06/56756-1591622444.jpg
Oxunub: 5382     13:37     19 Fevral 2024    
Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarının boşaldılması ilə bağlı xəbərlər yayılmağa başlayıb. Diqqət çəkən məqam budur ki, bu tipli informasiyaların ortaya atılması sistemli bir formada həyata keçirilir.

Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları Ermənistanda yaşayan vətəndaşlarına Azərbaycanla sərhəd rayonlara getməmək haqqında çağırış etdi. Ardınca Vaşinqton və Paris Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair ehtimallar irəli sürməyə başladı: Azərbaycan Ordusu guya Qərbi Zəngəzura daxil olacaq. Halbuki bu xəbərlərin yayıldığı ərəfədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev demarkasiya və delimitasiya məsələləri ilə bağlı Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşüb.

Azərbaycan və Ermənistan rəsmilərinin sərhəddə ikitərəfli qaydada delimitasiya danışıqları ətrafında aparıdığı müzakirələrin fonunda erməni deputat Taquhi Tovmasyan ölkəsinin Daxili İşlər Nazirliyinə sərhədyanı ərazilərin boşaldılması barədə müraciət ünvanlayıb. Xanım deputat dövlət qurumlarının Basarkeçər və Mehrini tərk etdiyini narahatlıqla ifadə edib.

Nəhayət, fevralın 12-də səhər saatlarında Ermənistanın Nerkin Handdakı döyüş mövqeləri istiqamətindən Azərbaycan Dövlət Sərhəd xidmətinin hərbi qulluqçusuna snayper atəşi açılır.

Maraqlıdır ki, sərhəddə baş verən son gərginlik Tehranda Ermənistan-İran hökumətlərarası komissiyasının işə başlamasından 1 gün, Münxen Təhlükəsizlik Konfransından isə 3 gün əvvəl baş verdi...

Bəzi dairələr hesab edir ki, bu gərginliyin meydana gəlməsi məhz İranın maraqlarına uyğundur. Avropa İttifaqı ilə əməkdaşlığını getdikcə dərinləşdirən İrəvanın Tehranla münasibətlərində müəyyən sualların yarandığı hamıya bəllidir. Söz yox ki, Münxendəki konfransda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Nkol Paşinyanla ikitərəfli və üçtərəfli formatda görüşlərin keçiriləcəyi də bəlli idi. Bu səbəbdən də, rəsmi Tehran Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişin əldə edilməməsi üçün iki ölkə arasındakı şərti sərhəddə gərginliyin yaranmasına maraqlı ola bilər. Bu, həm də Ermənistanın Avropa ölkələri ilə əlaqələrinin hədəflənməsi kimi sayıla bilər. Nəzərə alaq ki, Ermənistanın bir neçə rayonunda Azərbaycan-Ermənistan sərhəddində baş verənləri müşahidə etmək üçün Avropadan gəlmiş xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiyanın mövcudluğu İran üçün də çoxsaylı şübhə dolu suallar doğurmaqda davam edir.

Gərginliyin yaranmasında Rusiyanın da maraqlı olduğunu hesab edənlər az deyil. Bu cür düşüncələri yaradan ehtimallara görə, Azərbaycan-Ermənistan danışıqlarında əsas vasitəçilik statusunu itirməmək üçün bu iki ölkə arasındakı sərhəd zolaqlarında hər hansı formada istənilən gərginliyin yaşanması rəsmi Moskvanın maraq dairəsindədir. Ən azından, Kreml İrəvana təsir etmək üçün bu xarakterli insidentlərdən yararlana bilər.

Sərhəddəki son hadisə daha çox Ermənistanla əməkdaşlığı gündən-günə artıran Avropa ölkələrinin maraqlarına xidmət göstərir. Dövlət Sərhəd Xidmətinin “Qisas” əməliyyatı ermənlərin avropalı tərəfdaşlarına imkan verir ki, onlar rəsmi İrəvanı “Ermənistanın Avropasız yer üzündən silinəcəyinə” inandıra bilsin və bununla da Ermənistandakı mövqelərini möhkəmləndirməyə nail olsunlar.

Hələ ki, “barışdırıcı mövqeyi”ni qoruyub saxlaya bilən rəsmi Vaşinqton Azərbaycan-Ermənistan arasında danışıqların uğurlu nəticələnməsinə ümidvar olduğunu ifadə edir. Sözsüz ki, Cənubi Qafqazda münaqişə ocaqlarının mövcudluğunu arzulayan Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının reallaşdırılmasını ona görə tezləşdirməyə çalışır ki, əgər bu sülh müqaviləsi imzalanarsa, onda Moskva hər iki tərəfə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirmiş sayılacaq.

Digər tərəfdən, Azərbaycan-Ermənistan danışıqları müsbət nəticə verərsə, ABŞ Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi və Rusiyanın rəsmi Tiflisə təsirini azaltmaq üçün yeni layihənin icrasına başlayacaq. Birləşmiş Ştatlar Moskvanın Cənubi Qafqazda mövqelərini tamamilə zəiflətməyi Rusya-Ukrayna müharibəsinin başa çatmasına qədər həyata keçirməyə çalışır.

Söz yox ki, bütün bunlar İran tərəfindən dəqiqliklə izlənir və Tehran İrəvana siyasi məsələlərdə təsirini itirməkdən ehtiyatlanır. Çünki Avropa İttifaqının Ermənistanda möhkəmlənməsi Moskva kimi Tehran üçün də xoşagəlməz situasiyanın formalaşması deməkdir. Hərçənd, İran müəyyən qədər Ermənistana təsir imkanlarına malik olsa da, amma Tehranın erməni ordusuna birbaşa göstəriş verə bilməsi inandırıcı gəlmir. Ona görə də, sərhəddəki son insidentin baş verməsində Tehranın nə qədər pay sahibi olduğunu demək xeyli çətindir. Sözügedən hadisəni Ermənistandaxili proseslərin nəticəsi kimi də qəbul etmək mümkündür.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanmasından sonra həyata keçirilən “Qisas” əməliyyatının ardınca Ermənistan Ordusunun Baş Qərahargah rəsinin birinci müavini general-leytenant Kamo Koçuntsun vəzifəsindən uzaqlaşdırılması bu versiyanı xeyli aktuallaşdırır.

Ötən ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarına qədərki təcrübədən bəllidir ki, ermənilərin istənilən təxribatı Azərbaycan Ordusu tərəfindən çox sərt şəkildə cavablandırılıb. Bunu əsas götürən daxili rəqiblər sərhəddə eskalasiyanın yaramasını Paşinyanın əleyhinə və revanşist qüvvələrin aktivləşməsi naminə törədilməsində maraqlı ola bilərlər. Hər halda, bu da ehtimallardan biridir.

Son sərhəd hadisələri Ermənistanın indiki siyasi hakimiyyətinin də maraqları ilə üst-üstə düşür. Belə ki, Azərbaycanla danışıqlarda anklav və eksklav kəndlər məsələsinə toxunan Ermənistan Baş naziri guya ölkəsinin 31 kəndinə məxsus ərazilərin Azərbaycan tərəfindən “işğal altında” saxlanıldığını iddia etməklə siyasi manipulyasiyalarını bu cür insidentlərlə daha da genişləndirməyi nəzərdə tuta bilər.

Bu hadisələrdən dərhal sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Kamo Koçuntsun işdən çıxarılmasını da hökuməti məsuliyyətdən uzaq tutmaq üçün Paşinyanın siyasi gedişi kimi qiymətləndirmək mümkündür.

Bir sözlə, Azərbaycan-Ermənistan danışıqlarında müəyyən anlaşmaların əldə edilməsinə dair informasiyalar yayılan kimi, hansısa qüvvələr sülh prosesinə aparan istənilən addımı ləngitməyə çalışır.

Fevralın 17-də Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan guya Azərbaycan hərbiçilərinin Nerkin Hand kəndinin sakinlərinə ciddi təhlükə törətməsi ilə bağlı açıqlama yayıb. Onun iddiasına görə, Azərbaycan Ordusu sərhəddə hərbi təlim keçirir, bununla da dinc erməniləri mənəvi-psixoloji təsir altında saxlayır. Sözügedən yaşayış məntəqəsinin 2700 hektardan çox torpaq sahəsinə Azərbaycan hərbiçilərinin nəzarət etdiyini vurğulayan A. Tatoyan sakinlərin təsərrüfat işləri ilə məşğul ola bilməsini mümkünsüz hesab edib.

Məhz bu cür açıqlamalarla davamlı çıxış edən erməni ictimai-siyasi fiqurlar sülh danışıqlarına kölgə salmağa və revanşistlərin fəallaşmasına çalışır...

Görünür, Qafqazda sülhün taleyinin əldən-ələ keçməsində maraqlı olanların təxribat xarakterli əməlləri hələ uzun müddət səngiməyəcək...

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Nerkin-Hand  


Bizi "telegram"da izləyin