Gürcüstan parlamentinin sədri: "2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkiləri tarixi seçkilər olacaq"

2023/12/79c3b-1702301313.jpg
Oxunub: 2457     17:12     11 Dekabr 2023    
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker bildirib ki, ötən illər ərzində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə necə böyük əhəmiyyət verdiklərini göstərir.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.

"Azərbaycan sülhə hazırdır və inanırıq ki, tezliklə sülh müqaviləsi imzalanacaq", - S.Qafarova deyib.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışan spiker Sahibə Qafarova bildirib ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu dəfə seçkilər Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfər çərçivəsində bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı onların təhlükəsizliyini, regionda sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına müsbət təsir edir. İki ölkə arasında Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən layihələr öz bəhrələrini verməkdədir və onların sırasına yeni layihələr əlavə olunur.

Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkilərini tarixi seçkilər adlandırıb, bu seçkilərin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O, bildirib ki, Gürcüstan tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ş.Papuaşvili “X” hesabında paylaşımında qeyd edib ki, həmişə olduğu kimi, söhbətimiz qarşılıqlı hörmət dolu idi və ən başlıcası, Gürcüstan-Azərbaycan dostluğunun inkişafı üçün birgə səylərimizi planlaşdırmadan ibarət oldu.

Ş.Papuaşvili vurğulayıb ki, onlar parlament əməkdaşlıq formatlarını daha koordinasiyalı, strukturlaşdırılmış və aktiv etmək barədə razılığa gəliblər:

“Parlament komitələri və dostluq qrupları bu mühüm işdə öz üzərinə düşəni edəcək, eyni zamanda səmərəli əməkdaşlığımızın dərinləşməsində spikerlər də şəxsən iştirak edəcəklər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin