“Past”: 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev bəyan etdi ki, bu kəmərlə neft yox, siyasət axacaq

2023/10/44555-1696397291.jpg
Oxunub: 5411     16:25     11 Dekabr 2023    
Ermənistanın üzləşdiyi ciddi təhlükəsizlik çağırışları fonunda Ermənistanın siyasi vektorunu tamamilə Qərbə çevirmək teziləri daim siyasi və ictimai diskursda dolaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşrə görə, ancaq vurğulamaq lazımdır ki, Qərbin Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyi və ya Ermənistanın maraqlarından çıxış edərək, Azərbaycanla münasibətləri korlayacağı ilə bağlı fikirlər geosiyasi vəziyyətlə bağlı yarımçıq təsəvvürlərin nəticəsidir.

Müəllif bildirib ki, Qərb ənənəvi olaraq ilk növbədə öz iqtisadi və təhlükəsizlik maraqlarına üstünlük verən siyasət aparır.

“Bunu Azərbaycanla münasibətlər nümunəsi ilə göstərməzdən əvvəl başqa bir nümunə, Ukrayna nümunəsini verək. ABŞ dövlət katibi Entoni Blinken həftələr əvvəl açıq şəkildə demişdi ki, ABŞ-nin Ukraynaya verdiyi hərbi yardıma yatırdığı sərmayələrə nəzər salsaq, başa düşəcəyik ki, bunlardan ən çox Vaşinqton qazanıb, çünki ABŞ iqtisadiyyatını stimullaşdırıb, hərbi sənayedə on minlərlə yeni iş yeri açılıb. Üstəlik, Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun hesabatına görə, Ukraynada uzanan münaqişədən ABŞ-yə birbaşa maliyyə faydası azı 21,7 milyard dollar təşkil edəcək. Ancaq bu hamısı deyil. ABŞ silah sifarişlərinin gələcək axınının və istehsalın qaçılmaz genişləndirilməsinin mühüm faydası Pentaqonun özü tərəfindən satınalma üçün hərbi məhsulların son dəyərinin azalmasıdır. Başqa sözlə, ABŞ Müdafiə Nazirliyi daha ucuz qiymətə silah almaq imkanı əldə edəcək. Düşünürük ki, bu nümunə artıq sübut edir ki, Qərb və indiki halda ABŞ yalnız öz maraqlarını rəhbər tutur. İndi Azərbaycana gələk.

Azərbaycanın Qərb üçün əhəmiyyəti azalmır, üstəlik, durmadan artır. 1999-cu ildə Londonda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması haqqında saziş imzalanandan sonra Azərbaycan Prezidenti Heydər Əliyev bəyan etdi ki, bu kəmərlə neft yox, siyasət axacaq. Azərbaycanın siyasətinin əsas müddəası öz təsdiqini tapdı. Bu müddəaya əsasən, Azərbaycan regionda öz mövqelərini möhkəmləndirməyə cəhd edərək, xarici siyasətini gücləndirmək üçün neft amilindən istifadə edir. Bu gün də Azərbaycan ABŞ-nin Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələrin göstəricilərindən biri də ticarət dövriyyəsinin həcminin ildən-ilə artmasıdır. Məsələn, 2022-ci ildə ABŞ-nin Azərbaycandan idxalı 2020-ci ildəki 37 milyon əvəzinə 173 milyon dollar təşkil edib. Ukrayna müharibəsinin yaratdığı böhran və Qərbin alternativ enerji axtarışları fonunda Azərbaycanın Qərb üçün rolu daha da artıb. Beləliklə, Rusiya qazının Avropa üçün alternativi Azərbaycan qazıdır. “Eurostat” materiallarına əsasən, Avropa İttifaqı ölkələri arasında İtaliya, Yunanıstan və Bolqarıstan 2022-ci ildə Azərbaycandan 15 milyard 598 milyon 852 min avro dəyərində təbii qaz idxal edib. Statistikaya görə, 2021-ci ildə Azərbaycandan Aİ ölkələrinə 3 milyard 892 milyon 233 min avro dəyərində qaz idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 4 dəfə azdır”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin