Prezidentdən xəbərdarlıq| Birgə bəyanat Ermənistan tərəfindən taktiki oyun kimi nəzərdən keçirilməməlidir

2023/12/1702275808.jpg
Oxunub: 8630     12:34     11 Dekabr 2023    
“Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Prezidentin sözləri Ermənistanda çox ciddi qəbul olunub və təşvişə düşüblər. Söhbət müsahibənin bu hissəsindən gedir: “Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq”. Bu, Ermənistan hakimiyyəti və müxalifətinə açıq mesajdır. Yəni Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısı alınacaq və bu, yalnız bununla yekunlaşmayacaq. Ötən gün Azərbaycan Müdafiə naziri də istənilən tapşırığın icra ediləcəyini ifadə etdi.

Azərbaycan kifayət qədər rasional siyasət həyata keçirir, çünki regionda müharibə törədən, işğal faktı yaradan yalnız Ermənistandır və bundan kifayət qədər ciddi dərslər çıxarılıb. Ona görə də Ermənistan müharibə istəmirsə, sülh müqaviləsində əks olunmuş reallıqlarla barışmalı və imitasiya siyasətinə son qoymalıdır.

Habelə əgər Ermənistan revanş, yeni müharibə istəyirsə, o zaman mümkün və ya nəzəri sülh sazişi də bunun qarşısını almaya bilər, əksinə, yeni müharibəni yaxınlaşdıra bilər. Əgər Ermənistan hər hansı müharibənin “qığılcımı” – aləti olacaqsa, o halda müqavilənin olmasının heç bir əhəmiyyəti də qalmayacaq. Beynəlxalq münasibətlərin tarixi, o cümlədən yaxın tarix bunu göstərir.

Bu baxımdan, birgə bəyanatın, belə demək mümkünsə, “hərfindən və ruhundan” sonra bu xəbərdarlığın edilməsi təsadüfi deyil. Bu xəbərdarlıq həmçinin onu da vurğulayır ki, birgə bəyanat Ermənistan tərəfindən taktiki oyun kimi nəzərdən keçirilməməlidir. Prezidentin açıq şəkildə “Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin” deyə bildirməsi də bunu sübut edir.

Bu, praktiki olaraq o deməkdir ki, Azərbaycan Ermənistana yeni reallıqlar fonunda xarici təhlükəsizlik mühitinin necə formalaşdırılmalı olduğu barədə açıq fikirlər təqdim edir. Təbii ki, bu fikirlərin əsasında işğalçı siyasətdən imtina və qlobal sülhə töhfə verəcək tezislər durur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin