Birgə bəyanat daha geniş siyasi konsensusun olduğunu göstərir – BAXIŞ BUCAĞI

2023/12/16811-1702027213.jpg
Oxunub: 8493     14:21     08 Dekabr 2023    
Azərbaycan Prezidenti və Ermənistan Baş naziri aparatları dekabrın 7-də birgə bəyanat yayaraq, danışıqlar nəticəsində əldə olunan razılığı, etimadın möhkəmləndirilməsi istiqamətində real addımları qeyd ediblər.

Qeyd olunur ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Həmçinin bildirilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Vurğulanır ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

Bəyanat, şübhəsiz ki, olduqca diqqətəlayiqdir və rəsmi Bakının konstruktiv, xoşməramlı mövqeyindən irəli gələrək əldə edilib. Habelə diqqətəlayiqdir ki, birgə bəyanat ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın Bakıya səfərindən bir gün sonra, eləcə də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda olarkən yayılır.

Maraqlıdır ki, O-Brayn Bakıya səfərindən sonra özünün “X” mikrobloqunda dövlət katibi Blinkenin Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərini “səbirsizliklə gözlədiyini” yazmışdı. Bundan əvvəl açıq-aşkar ABŞ-Azərbaycan gərginliyi var idi və məhz bu gərginliyə görə Bakı noyabrın 20-də Vaşinqtonda görüşün təşkili təklifindən imtina etmişdi.

Birgə bəyanatda görüşün baş tutacağı göstərilirmi? Hər halda bu, həbs edilmiş şəxslərin və əsirlərin mübadiləsindən daha geniş siyasi konsensusun olduğunu göstərir və bu mübadilə daha geniş konsensus üçün bir vasitədir.

Şübhəsiz ki, son vaxtlar birgə bəyanatdan və ümumiyyətlə, Azərbaycan ictimaiyyəti üçün ən xoş və müstəsna müsbət məlumatlardan biri 2 hərbi qulluqçumuzun geri qaytarılmasıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin