“Zəfər Günü” münasibətilə “Əsgərə məktub” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər yekunlaşıb

2023/12/33aad-3403875530.jpg
Oxunub: 3311     15:28     09 Dekabr 2023    
Müdafiə Nazirliyinin tədbirlər planına əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Kürdəmir, Lənkəran, Masallı, Göygöl, Samux, Şəmkir rayonları, eləcə də Bakının Binəqədi, Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarında, Sumqayıt şəhərində, həmçinin Heydər Əliyev adına Hərbi İnstitutda “Əsgərə məktub” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər başa çatıb.

Rayon İcra Hakimiyyətləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə İcra hakimiyyətlərinin əməkdaşları, şəhid ailələrinin üzvləri, döyüşlərdə yaralanmış hərbi qulluqçular, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək qeyd ediblər ki, 8 Noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.


Tədbirdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi əməkdaşlarının təqdim etdiyi mahnılar, şagirdlərin söylədiyi şeirlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidləri sakinlər və aksiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Aksiya zamanı qeyd olunub ki, respublikamızın şəhər və rayonlarında həyata keçirilən "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması və gənclərdə hərbi xidmətə marağın artması baxımından əhəmiyyətli layihədir.

Layihə iştirakçıları olan sakinlər və məktəblilər tanımadıqları əsgərlərə məktublar yazaraq onlara arzu və istəklərini bildiriblər.

Hər məktub bir ürəyin diktəsidir, hər məktub vətəndaşların Vətənimizə sevgisi, ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Bu müraciətlər sıx ordu-xalq birliyinin təcəssümü, eyni zamanda, Vətənimizi qoruyan ordumuza sevgi və vətənpərvərlik nümunəsidir.

Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzular yazılmış məktubların Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi vasitəsi ilə hərbi qulluqçulara çatdırılması təşkil edilib.

İsa İsmayılov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Zəfər-Günü   Əsgərə-məktub  


Bizi "telegram"da izləyin