Paşinyan Sankt-Peterburqa getsə, Putinə nə cavab verəcək? – ANALİZ

2023/12/1701934284.jpg
Oxunub: 7679     16:30     07 Dekabr 2023    
Noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan edib ki, sammit başa çatdıqdan sonra KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul edilmiş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onlara qoşulsun və onlar təşkilatın bütün üzvləri tərəfindən qəbul edilən legitim qərarlar olsun.

Sammitin başa çatmasından iki həftədən çox vaxt keçsə də, KTMT-nin baş katibi Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşmək istəyini nümayiş etdirmir. KTMT-yə üzv dövlətlər, ümumiyyətlə, çıxılmaz vəziyyətə düşüblər ki, bu da Ermənistanın mövqeyi ilə bağlıdır. Bir tərəfdən, KTMT nizamnaməsində üzv dövlətin çıxarılması proseduru nəzərdə tutulmayıb, çünki Ermənistan, məsələn, Rusiya kimi KTMT-nin həmtəsisçisidir, digər tərəfdən Ermənistan KTMT-dən çıxa bilər, amma bunu etmir, sadəcə təşkilatın fəaliyyətini boykot edir.

Əksinə, Ermənistanın müxtəlif rəsmiləri bəyan edirlər ki, Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur, Ermənistanın gündəmində belə bir məsələ yoxdur. Lakin KTMT-də qərarlar konsensusla qəbul edilir: qərarların qəbulu bütün üzv dövlətlərin razılığını tələb edir. KTMT-nin Belarusda keçirilən son sammitində Ermənistanın razılıq vermədiyi, qəbul edilmiş sənədləri imzalamadığı qərarlar qəbul edildi. KTMT bu məsələni başqa cür həll etmək qərarına gəlib: Tasmaqambetov həmin sənədlər paketini Ermənistana gətirəcək, Nikol Paşinyan isə Ermənistanda imzalayacaq və onlar qanuni olacaq. Amma Paşinyan Tasmaqambetovu qəbul etməkdən imtina edirsə, bu o deməkdir ki, o, həmin sənədləri imzalamaq fikrində deyil, bununla da nəinki həmin konkret sənədləri, ümumiyyətlə, strukturu qeyri-legitim edir. Ermənistan hakimiyyətinin bu cür davranışının səbəbi nədir?

Əvvəldən belə bir fikir var idi ki, Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxarılması məsuliyyətini öz üzərinə götürmək istəmir və lakin elə etmək istəyir ki, KTMT-də Ermənistanla bağlı “Ermənistan KTMT-dən çıxmır, KTMT Ermənistandan çıxır” düsturu çərçivəsində hansısa qərar qəbul etsinlər. Halbuki artıq bəllidir ki, Paşinyan Ermənistanı daha təhlükəli oyuna sürükləyir, həmin təşkilatı legitimlikdən çıxarmaq, gülüş obyektinə çevirmək üçün hər şeyi edir. NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Paşinyan Rusiyanın nə qədər qeyri-ciddi və nüfuzsuz olduğunu, onun rəhbərlik etdiyi alyansın hüquqi qərarlar belə qəbul edə bilmədiyini, hətta həmin alyansın üzvlərinin də o alyansa qarşı çıxdığını öz davranışı ilə göstərir.

Belə bir şəraitdə Rusiyanın Ermənistana qarşı siyasətini günü-gündən sərtləşdirməsi qəribə deyil. Rusiya və ölkə rəhbərliyi Nikol Paşinyanın dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək AİB və MDB liderlərinin qeyri-rəsmi toplantısında iştirak edəcəyinə ümid edir. Rusiya Prezidentinin müşaviri Yuri Uşakov hətta İrəvandan Paşinyanın bu tədbirlərdə iştirak edə biləcəyi ilə bağlı müsbət siqnallar aldıqlarını bildirib.

Amma Paşinyanın açıq anti-Rusiya siyasəti onun Rusiyaya getməyəcəyinə heç bir şübhə yeri qoymur, çünki onun nə Rusiya hökumətinə, nə də AİB üzvü olan ölkələrə deyəcək sözü yoxdur. Məsələn, Putin Ermənistan hakimiyyətinin bu cür açıq-aşkar anti-Rusiya davranışının nə ilə bağlı olduğunu soruşsa, Ermənistan Baş naziri Rusiya Prezidentinə hansı cavabı verməlidir? Yaxud Rusiya hakimiyyəti tələb etsə ki, Ermənistan ya, məsələn, vaxtilə Özbəkistanın etdiyi kimi, KTMT-dən çıxdığını elan etsin, ya da təşkilatın həyata keçirdiyi tədbirlərdə iştirak etsin, Paşinyan nə deyəcək?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sankt-Peterburq   Putin  


Bizi "telegram"da izləyin