Təyyarə vuran PUA: “Anduril Roadrunner-M” unikal imkanlar təqim edir

2023/12/1701934209.jpg
Oxunub: 8269     15:29     07 Dekabr 2023    
ABŞ-nin “Anduril Industry” şirkəti yerüstü Hava Hücumundan Müdafiə (HHM) üçün istehsal edilən VTOL “Roadrunner-M” Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

İnsansız sistemlər üzərində işləyən “Anduril Industry” şirkəti müharibə qaydalarını yenidən yazan kamikadze PUA-sı konsepsiyasına yeni nəfəs gətirir. Dekabrın 1-də təqdim edilən “Roadrunner” və “Roadrunner-M”də əvvəllər heç vaxt görülməmiş missiya təsvirləri və xüsusiyyətləri var. Şaquli qalxma və enmə xüsusiyyəti, ikiqat reaktiv mühərriki və ucuzluğu ilə seçilən PUA-nın artıq ABŞ-dən müştərisinin olduğu bildirilir.

“Roadrunner” PUA-sı iki reaktiv mühərrikə malikdir. Şaquli qalxma və enmə qabiliyyəti ilə istənilən yerdən havaya qalxa bilən PUA-nın yüksək sürətə çata və yüksək G qüvvəsinə tab gətirə bildiyi bildirilir. Modulyar faydalı yük sistemi ilə müxtəlif missiyalar üçün müxtəlif sistemlərlə təchiz oluna bilər. “Nest” adlı mini anqar ilə PUA-nın həm daşınması, həm də sistemlərinin nəzarəti təmin edilərkən, “Roadrunner” “Nest”in içərisindən havaya qalxır.

“Roadrunner-M” variantını araşdırdıqda işlər maraqlı olur. Kəşfiyyat-müşahidə əsaslı missiyaları yerinə yetirən “Roadrunner”dən fərqli olaraq, bu variant partlayıcı döyüş başlığı daşıyır. Tanklar və HHM sistemləri kimi yerüstü hədəfləri vurmağa öyrəşdiyimiz kamikadze PUA-larından fərqli olaraq, “Roadrunner-M” hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Onun şaquli olaraq havaya qalxacağı, hədəfinə yaxınlaşaraq qarşısını alacağı, hətta lazım gələrsə hədəfi məhv edəcəyi bildirilir. Yenə öyrəşdiyimiz kamikadze PUA-sı konsepsiyasından fərqli olaraq VTOL xüsusiyyəti ilə sursat özünü məhv etmədən bazasına qayıda və şaquli yerə enə bilir.

“Roadrunner-M”nin döyüş sursatından tutmuş döyüş təyyarələrinə qədər bütün növ HHM-də iştirak edəcəyi gözlənilir. HHM sistemləri çoxlu sayda kamikadze PUA-sı hücumlarına qarşı xərc və yükləmə müddəti kimi səbəblərə görə kifayət qədər təsirli olmasa da, “Roadrunner-M”in ucuzluğu, yüksək performansı və sürətli əks-hücumları ilə buna həll olacağı gözlənilir.

Bundan əlavə, “Roadrunner-M” PUA-sının 100 dəfə baha başa gələn hədəfləri məhv edə bilməsi hədəflənir. Sursatın partladılmasına ehtiyac olmadığı hallarda, o öz bazasına qaytarıla və yanacağı yenilənərək, yenidən istifadə oluna bilər. Beləliklə, hədəfi qaçırdıqda istifadəçiyə maliyyə itkisinə səbəb olan HHM sistemlərindən fərqli olaraq, kiçik yanacaq xərci ilə yenilənə bilir. Hələ də səsdən aşağı sürətlə uçan “Roadrunner-M”nin səsdən sürətli hədəflərə qarşı nə qədər effektiv olduğunu zaman göstərəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təyyarə   PUA  


Bizi "telegram"da izləyin