Azərbaycanın işğaldan azad olunmuş torpaqları bərpa etməsi bütün dünyaya örnək olmalıdır - Metyu Brayza

2021/03/fbffa-1614874663.jpg
Oxunub: 6973     18:01     06 Dekabr 2023    
Azərbaycanın işğaldan azad olunmuş torpaqları bərpa etməsi bütün dünyaya örnək olmalıdır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ADA Universiteti tərəfindən Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi ilə birgə təşkil olunan "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumun kuluarlarında deyib.

"Zəngilana dünənki səfərimiz çox dərin təəssürat yaratdı. Mən indiyədək Azərbaycanda illər öncə Bərdə və Ağdamda aparılan bərpa işləri istisna olmaqla, bu qədər sürətlə gedən bərpa işləri görməmişəm. Təkcə tikintinin keyfiyyətinə deyil, həm də Azərbaycanın torpaqların bərpası üzrə strateji planlarına heyran qaldım. Şəhərlərin iqtisadi və sosial üslubunu dirçəltmək, eləcə də keçmiş məcburi köçkünlər üçün hazırda Bakıda sahib olduqlarından daha yaxşı həyat şəraiti yaratmaq məqsədi daşıyan yenidənqurma işlərinə böyük səylər göstərilib", - deyə o, qeyd edib.

Brayza bütün bu strateji planlaşdırma, tikinti işlərinin və keçmiş məcburi köçkünlərin qayıdışının minalar probleminin davam etdiyi müddətdə həyata keçirildiyini vurğulayıb.

"Tikinti işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin qayıdışı mina problemlərinin mövcud olduğu şəraitdə davam edir, çünki Ermənistan tərəfi dəqiq mina xəritələrini təqdim etməyib.

Mənim üçün daha bir mühüm məqam bütün müasir tarix dövründə yəqin ki, heç vaxt bu cür tamamilə dağıdılımış və tezliklə bərpa olunan ərazilərin olmamasıdır. Azərbaycanın bu hədəfi bütün dünyaya örnək olmalıdır", - deyə keçmiş səfir əlavə edib.

Qeyd edək ki, dekabrın 5-də yüksək vəzifəli xarici ekspertlər, dövlət məmurları və beynəlxalq təhlil mərkəzlərinin təmsilçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb. Onlar "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda iştirak edirlər. Nümayəndə heyətinin tərkibinə dünyanın 30 ölkəsindən 60 təmsilçi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brayza   Azərbaycan  


Bizi "telegram"da izləyin