Şuşa ətrafında “Əqrəb” XTD mənsubunun son döyüşü| “Ailəmi sənə tapşırıram, sənə arxayınam” (FOTOLAR)

2023/12/24-5105550066.jpg
Oxunub: 711     14:54     06 Dekabr 2023    
44 günlük Vətən müharibəsində hərbi zəfərin qazanılmasında igid oğullarımızın vətənpərvərliyi və şücaəti mühüm rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında çıxışı zamanı bu döyüşlərin tarixi əhəmiyyətini, o cümlədən, hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.


Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış vətənpərvər gənclərimizdən biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının cəsur döyüşçüsü baş çavuş Vəlizadə Anar Afət oğludur.

Baş çavuş Anar Vəlizadə 1994-cü il iyulun 3-də Salyan rayonunun Cəngən kəndində anadan olub. Afət Vəliyevin və Zenfira Vəliyevanın böyüdüb tərbiyə etdiyi 3 oğuldan (Səbuhi, Anar və Rüfət) biri, həmçinin, ailənin ortancıl övladı idi...

Orta təhsilini Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşov adına Kürqaraqaşlı kənd tam orta məktəbində alıb. Hələ orta məktəbin doqquzuncu sinfində oxuyarkən həvəskar qaydada idmanın karate növü ilə məşğul olub, rayon birinciliyi üzrə keçirilən yarışlarda bir sıra nailiyyətlər qazanıb, müxtəlif dərəcəli fərman və medallarla təltif olunub. Anar müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Hələ uşaq yaşlarından bərbərlik sənətinə maraq göstərib və bu peşənin bütün incəliklərini öyrənib. Hətta Anar valideynlərinə əsgəri xidmətini başa vurduqdan sonra, kəndə qayıdaraq bərbər kimi fəaliyyət göstərəcəyini də deyib. Lakin müddətli həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra fikrini dəyişib və həyatını hərbçi kimi davam etməyi qarşısına məqsəd olaraq qoyub. Bu səbəbdən də tərxis olunduqdan bir müddət sonra yenidən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2014-cü ilin iyul ayında Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Burada xüsusi vasitələrin tətbiqi bölməsinin manevr qrupunda baş atıcı, atıcı-sanitar, 2015-ci ilin may ayından isə hərbi hissənin “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin istehkamçı yarımqrupunda istehkamçı vəzifələrində xidmət edib. 2020-ci ilin yanvar ayından qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsinin “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində istehkamçı vəzifəsində xidmətini davam etdirən cəsur silahdaşımız şəhadətə qovuşduğu günədək əsl xüsusi təyinatlı amalı ilə Vətənə olan borcunu şərəflə yerinə yetirib.

Xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib.

Baş çavuş A.Vəlizadə sıralarında xidmət etdiyi Daxili Qoşunların hər iki hərbi hissəsinin şəxsi heyəti arasında əsl vətənpərvər döyüşçü, eyni zamanda, səmimi, mehriban və qayğıkeş yoldaş kimi elə məhz bu gün də dərin ehtiramla xatırlanır.

Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Ələsgər Muxtarov vaxtilə tabeliyində xidmət etmiş silahdaşının vətənpərvərliyindən və cəsurluğundan böyük qürur hissi ilə danışdı: “44 günlük Vətən müharibəsində dəstəmizin qəhrəmancasına şəhid olmuş xüsusi təyinatlılarından biri də istehkamçı yarımqrupunda istehkamçı vəzifəsində xidmət etmiş baş çavuş Anar Vəlizadədir.


Vətənpərvər, qorxubilməz, cəsur bir döyüşçü idi. Eyni zamanda, dəstəmizin nizam-intizamlı, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan nümunəvi hərbi qulluqçularından biri olub. Silahdaşlarının da xatirəsində Anar məhz bu cür qalıb.

İndiki kimi yadımdadır, Vətən müharibəsinin ilk günündə, döyüşöncəsi dəstənin şəxsi heyətinə müraciət edərək, hər hansı bir problemlərinin, eləcə də ailələri ilə bağlı nigarançılıqlarının olub-olmaması ilə maraqlanırdım. Anarın bir azyaşlı oğlunun olduğunu, yaxın zamanlarda ikinci övladının da dünyaya gələcəyini, həmçinin, ailə vəziyyəti ilə bağlı bir sıra çətinliklər yaşadığını bilirdik. Lakin bütün bunlara baxmayaraq, Anar qəti şəkildə döyüş əməliyyatlarında iştirak etmək istədiyini, yoldaşları ilə birgə son nəfəsinədək vuruşacağını bildirdi.

İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Cəbrayıl istiqamətindən başladı. Sentyabrın 30-da, axşam saatlarında dəstəmiz ayrı-ayrı qruplar şəklində Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birgə Arazboyu və Lələtəpə istiqamətindən uğurlu hücum əməliyyatı keçirərək, heç bir itki vermədən düşmənin qarşıda yerləşən istehkam səddini yarmağa və əsas mövqelərindən bir neçəsini tutmağa müvəffəq oldu. Bu hərbi əməliyyatlar zamanı baş çavuş A.Vəlizadə bacarıqlı istehkamçı kimi öndə gedərək, irəlilədiyimiz istiqamətlərdə qüvvələrimizin təhlükəsiz hərəkəti üçün erməni işğalçılarının illərlə möhkəmləndirdiyi, həmçinin, “keçilməz” hesab etdikləri sədlərin mina və digər partlayıcı vasitələrdən təmizlənərək açılmasında misilsiz xidmətləri oldu. Bununla yanaşı, Anar iştirak etdiyi döyüşlər zamanı silahdaşları ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində fəal iştirak edib.

Vətən müharibəsi zamanı Anar iki dəfə - oktyabrın 4-də Cəbrayıl istiqamətindəki döyüşdə qumbaraatan mərmisinin yaxınlığına düşməsi nəticəsində barotravma (kontuziya), ayın 10-da isə Füzuli rayonunun Qarakollu kəndində düşmənin qurduğu pusquda mövqelərimizə atılan əl qumbarasının partlaması səbəbindən kürəyindən üç qəlpə yarası almışdı. Bütün bunlara baxmayaraq, o, cəbhə bölgəsində olan həkimlərə özünü çox yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı hər hansı bir probleminin olmadığını deyərək, tibb işçilərinin təkidli tələblərinə rəğmən, müalicə almaq üçün qospitala getməkdən imtina edərək, yenidən döyüşlərə qatılmışdı.

Anar ikinci dəfə yaralandıqdan sonra ona ikinci - qız övladının dünyaya gəldiyini demişdilər. Mən onu yanıma çağırıb, bu münasibətlə öncə təbrik edib, sonra təkidlə həm üzünü görmədiyi övladına qovuşmasını, həm də müalicəsini davam etdirməsinin məqsədəuyğun olduğunu desəm də, inadından dönməyərək, yoldaşları ilə birgə sonadək düşmənə qarşı mübarizə aparmaq arzusunda olduğunu bildirdi.

Bəli, doğma torpaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhid olmağı hər şeydən üstün tutan Anar əsl vətənpərvər döyüşçü olduğunu bir daha təsdiq etmiş oldu”.

Baş çavuş A.Vəlizadənin cəsur silahdaşları: qoşunların Sumqayıtdakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri kiçik gizir Ruslan Əmrahlı, pulemyotçu baş çavuş Hacımurad Məmmədov və atıcı-sanitar çavuş Tahir Babayev Vətən müharibəsi zamanı onunla birgə Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Onların bildirdiklərinə görə, Anar 2020-ci il noyabrın 5-dən 6-na keçən gecə Şuşa qalasının yaxınlığındakı dərədə, düşmən tankından atılan mərminin yaxınlığında partlaması nəticəsində aldığı ağır qəlpə və yanıq xəsarətlərindən şəhid olub.


17 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə isə Anarın 9 noyabr 2020-ci ildə Şuşada hərbi əməliyyat nəticəsində törənmiş zədələnmələr səbəbindən şəhid olduğu yazılıb. Bununla yanaşı, bir sıra nəşrlərdə baş çavuş A.Vəlizadənin 2020-ci il noyabrın 7-də şəhidlik məqamına yüksəldiyi göstərilib.

Baş çavuş A.Vəlizadə 2020-ci il noyabrın 12-də Salyan rayonunun Cəngən kəndinin qəbiristanlığında dəfn olunub. Evli idi. 2018-ci ilin avqust ayında Gülbahar xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçumuzun Fariz və Fatimə adlı övladları yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 22 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş Vəlizadə Anar Afət oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailə üzvlərinin və hərbçi yoldaşlarının xatirələri əsasında müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə igid silahdaşımızın gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə süjetlər göstərilib. Bundan əlavə, 2021-ci ildə nəşr olunan “Qələbə şəhidləri” kitabında Anarın həyat və döyüş yolu işıqlandırılıb.

Şəhid hərbi qulluqçumuzun anası Zenfira xanım övladının timsalında Vətən uğrunda canını qurban verən bütün igid oğullarımızla fəxr etdiyini dedi: “Anar mənim gözümdə həmişə gülərüz, qayğıkeş, səmimi, öz yerini bilən balam kimi qaldı. Anar mənim üçün 26 yaşında, nə böyümədi, nə yaşlanmadı, elə o yaşda da qəlbimdə qaldı. O, mənim təkcə oğlum deyildi, dostum, sirdaşım idi. Bütün dərd-sərini mənimlə bölüşürdü. Biz ana-bala kimi olmamışıq, əsl dost kimi olmuşuq.

Anar müharibədə olanda, oktyabrın 7-də qızı dünyaya gəlib. Telefonla zəng edərək, üzünü görmədiyi qızının adını Fatimə qoymağımızı dedi.

Onunla son danışığım oktyabrın 29-da olmuşdu. Gecə, təxminən saat 11-12 arası olardı. Anar mənə “ailəmi sənə tapşırıram, sənə arxayınam, mənim sənin kimi mehriban və qayğıkeş anam var” - dedi”.

“Mən oğlumla fəxr edirəm. Torpaqlarımızın azadlığı uğrunda həlak olub” – deyən şəhid atası Afət Vəliyevin qeyd etdiyi kimi, Vətən uğrunda canlarını qurban verərək, bizlərə qələbə sevincini yaşadan qəhrəman şəhid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Allah rəhmət eləsin!

Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DİN   Əqrəb   Şuşa   DQ   Şəhid   Anar-Vəlizadə  


Bizi "telegram"da izləyin