İcma: Borrell kimilərinin sayəsində Aİ-nin Azərbaycanda nüfuzu aşağı düşüb

2023/12/1701783763.jpg
Oxunub: 7966     17:41     05 Dekabr 2023    
“Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrellin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir. J.Borrell guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib”.

Ordu.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borrellin bu rəqəmi haradan götürməsi suallar doğurur.

“J.Borrelldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etmişdir?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrell heç vaxt bu barədə danışmayacaq.

J.Borrell və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməmişlər. J.Borrell və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməmişlər. 2023-cü il sentyabrın 21-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borrell niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmamışdır.

“Münaqişə həll edilməmişdir” deyən J.Borrellə xatırladırıq ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll etmişdir və J.Borrellin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.

J.Borrellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borrell və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir ya əksinə?

J.Borrellin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borrell Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borrell öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır.
J.Borrell və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki mümkünsüzdür”, - bəyanatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borrel    


Bizi "telegram"da izləyin