Bakıda Xəzər üzrə Katibliyin xüsusi ekspert qrupunun ilk iclası keçiriləcək - FOTOLAR

2023/12/ceyhu-1701779666.jpg
Oxunub: 206     16:18     05 Dekabr 2023    
5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib.

Bu barədə Ordu.az-a XİN-dən məlumat verilib.

Görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı çıxış edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Ceyhun Bayramov, Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və s. istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib.

2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari ilin 18-19 dekabr tarixlərində Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub.

Tədbirin sonunda müzakirə okunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Bakı   İclas  


Bizi "telegram"da izləyin