Fransa üçün Azərbaycan ərazisindən tranzit Mərkəzi Asiyadan mühüm əhəmiyyətli tədarüklərin təmin edilməsində həlledici rol oynayır - "La Gazette"

2023/12/1701686876.jpg
Oxunub: 1661     14:42     04 Dekabr 2023    
1-2 noyabr tarixlərində Fransa prezidenti Emmanuel Makron böyük fransız şirkətlərinin onlarla nümayəndəsinin müşayiəti ilə Qazaxıstan və Özbəkistana rəsmi səfərlər edib. Bu səfərlər çərçivəsində əməkdaşlığın genişləndirilməsi və siyasi dialoqun davamı (o cümlədən, Özbəkistanla münasibətlərin səviyyəsinin gələcəkdə "strateji tərəfdaşlığa" qədər qaldırılması) barədə bəyannamələr imzalanıb, həmçinin, uran hasilatı sahəsində əməkdaşlığın davamı və bərpa olunan enerji mənbələrinə Fransa investisiyaları kimi məsələlər barədə razılaşmalar əldə olunub.

Fransanın "La Gazette" onlayn qəzetində dərc olunan məqalədə deyilir ki, həmçinin, bir sıra ilkin ticari sazişlər imzalanıb. Bundan başqa, Fransa inkişaf və təhsil sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini bildirib; iki fransız universitetinin açılması; tələbə mübadiləsinin genişləndirilməsi və fransız dilinin populyarlaşması üzrə səylərin davamı barədə bəyanatlar verilib.

Bu regionda daha dərin qarşılıqlı əlaqələr həm Fransa, həm də bütünlükdə Avropa üçün həlledici əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsi Avropanın enerji təhlükəsizliyini, nadir torpaq elementləri tədarükünü təmin edə və Mərkəzi Asiya regionunda geosiyasi balansı bərpa edə bilər.

Prezident Makron 1994-cü ildən Mərkəzi Asiya regionuna səfər edən ilk Fransa lideridir. Lakin son 30 il ərzində xammal sahəsində Fransa və region ölkələri (əsasən, Qazaxıstan) ilə əməkdaşlıq intensiv şəkildə inkişaf edib.

"TotalEnergies" şirkətinin neft yataqlarına investisiyaları və uran hasilatı sahəsində sıx əməkdaşlıq bunu təsdiqləyir: 2022-ci ilin məlumatlarına görə, Fransanın satın aldığı uranın 29 faizi Qazaxıstanın, 17 faizi isə Özbəkistanın payına düşüb. O cümlədən, Fransa prezidentinin bu yaxında baş tutan səfərindən də göründüyü kimi, Ukraynadakı müharibə bu yaxınlaşmanın səbəbi olub. Nəticədə, bütünlükdə Aİ və ona üzv dövlətlər Mərkəzi Asiya ölkələri ilə energetika, nəqliyyat və ticarət sahəsində əməkdaşlığı möhkəmləndirib. Region da əməkdaşlığın inkişafında maraqlıdır, misal üçün, Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin ötən ilin noyabrında Parisə və bu ilin sentyabrında Berlinə səfəri də bundan xəbər verir.

Mərkəzi Asiya ilə ittifaqın möhkəmləndirilməsinin aşkar üstünlüklərindən biri enerji sektorunda potensial əməkdaşlıqdır. Qeyd etmək lazımdır ki, Qazaxıstan mühüm uran ehtiyatlarına malik olmaqla, dünyada əsas uran istehsalçılarından biridir. Fransada elektrik enerjisinin təqribən 70 faizinin atom enerjisinin hesabına hasil olunduğunu nəzərə alsaq, daha dərin tərəfdaşlıq fransız reaktorları üçün daimi uran tədarükünə zəmanət verə bilər.

Bundan başqa, bu tərəfdaşlıq Avropanın artan enerji problemlərini həll edə bilər. Son zamanlarda dünya enerji bazarlarında siyasi gərginliklə yanaşı, təzahür edən problemlər Avropanın enerji mənbələrinin şaxələndirilməsinin zəruriliyini göz önünə çıxardı. İstifadə olunmamış karbohidrogen ehtiyatlarına və bərpa olunan enerji mənbələri potensialına malik Mərkəzi Asiya bu problemlərin səmərəli həlli ola bilər.

Emmanuel Makronun Mərkəzi Asiyaya səfərinin əsas məqsədini, göründüyü kimi, uran hasilatı və Fransaya idxalı sahəsində əməkdaşlığın inkişafı təşkil edib. Nigerdən (2022-ci ildə Fransa bazarının ikinci ən böyük tədarükçüsü) idxalın azalması riski və bu ölkədə iyul ayındakı hərbi çevrilişdən sonra bu riskin artması Qazaxıstan və Özbəkistanın əhəmiyyətini artırıb. Bu kontekstdə Qazaxıstanla bu mühüm əhəmiyyətli xammalın idxalı sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması, eləcə də, Özbəkistan prezidenti tərəfindən geoloji və uran hasilatı üzrə filiz-mədən işlərinin inkişafının təsdiqlənməsi səfərin nəzərəçarpan nəticələridir.

Bərpa olunan enerji (Qazaxıstanın cənubunda "TotalEnergies" şirkətinin iştirakı ilə 1,4 milyard ABŞ dolları dəyərində külək enerjisi layihəsi) və nəqliyyat ("Alstom" elektrovoz zavodunun tikinti layihəsi) sektorlarında bağlanmış sazişlər fransız şirkətlərinin maraqlarına cavab verir və Avropa İttifaqının regionla əməkdaşlıq nöqteyi-nəzərindən prioritetlərini konkretləşdirir.

Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri yetərincə öyrənilməmiş olaraq qalsalar da, "yaşıl" enerjiyə keçid üçün vacib nadir torpaq metalları ilə də zəngindir. Bu metallar külək turbinlərindən elektromobillər üçün akkumulyator batareyalarınadək geniş spektrə malik texnologiyaların istehsalında həyati əhəmiyyətli rol oynayır.

Hazırda Avropa bu mühüm faydalı qazıntıların tədarükündə Çindən asılıdır. Vahid təchizat zəncirindən bu cür asılılıq risklidir və onun texnoloji tərəqqisini təhdid altında qoyur.

Fransa və Avropa Mərkəzi Asiya ölkələri ilə əlaqələri aktiv şəkildə dərinləşdirməklə özlərinin nadir metal təchizat zəncirlərini şaxələndirə bilərlər. Bu addım Çindən asılılığı azaltmaqla daha çox iqtisadi sərbəstliyə və ticarətdə potensial problemlərə qarşı dayanıqlılığa səbəb olacaq.

Qazaxıstan öz ərazisində atom elektrik stansiyasının tikintisi üzrə referendum təşkil etməyə hazırlaşır. Fransanın nüvə sahəsində dərin təcrübəsini nəzərə alsaq, bu, əməkdaşlıq üçün əla imkandır.

Dünyada atom enerjisi üzrə ən böyük şirkətlərin yerləşdiyi Fransa Qazaxıstana etom elektrik stansiyasının tikintisi və istismarı ilə bağlı problemlərin öhdəsindən gəlməkdə kömək etmək üçün həm təcrübə, həm də texniki imkanlara malikdir. Potensial tərəfdaşlıq adi tikintidən daha çoxunu vəd edir; buraya bilik mübadiləsi, təhlükəsizlik tədbirlərinin tətbiqi, eləcə də, texniki xidmət və istismar üzrə uzunmüddətli müqavilələr daxildir.

Ətraflı
Köhnə qitə Qazaxıstanın nüvə enerjisi ilə bağlı mülahizələrinin onun enerji təhlükəsizliyi, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və regional sabitliklə bağlı daha geniş məqsədləri ilə uzlaşdığını nəzərə almalıdır. Aİ nüvə enerjisini 2050-ci ilədək karbon neytrallığının əldə olunması üçün mühüm sektor olaraq nəzərdən keçirdiyindən, Qazaxıstanın təşəbbüsləri Qərbdən olan müttəfiqlərinin dəstəyini cəlb edə bilər.

Rusiya və Çin kimi böyük dövlətlər tarixən "Böyük oyun"un hədəfi olan Mərkəzi Asiya regionunda nüfuz əldə etməyə aktiv şəkildə çalışır. Rusiya tarixi və iqtisadi əlaqələri ilə, Çin isə Şanxay Əməkdaşlıq Təşkilatı və "Bir kəmər, bir yol layihəsi" ilə Mərkəzi Asiyada dərin kök salıb.

Fransanın Mərkəzi Asiyada iştirakının tezləşməsi regionda heç bir böyük dövlətin dominantlıq etməyəcəyinə zəmanat verən əks ağırlıq qüvvəsi ola bilər. Bu strateji yanaşma həm Avropanın, həm də Mərkəzi Asiyanın maraqlarına xidmət edir.

Vaxt gəlib çatıb. Qazaxıstan Rusiya ilə sıx iqtisadi və mədəni əlaqələr saxladığı halda ölkənin liderləri Rusiyanın Ukraynaya girməsinə göz yummaqdan imtina etdi. Əksinə, onlar hərbi əməliyyatları dayandırmağa və Birləşmiş Millətlər Təşkilatını Nizamnaməsinin prinsiplərinə uyğun olaraq sülh danışıqlarına başlamağa çağırdı.

Bundan başqa, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Qərb sanksiyalarına tərəfdar olacağını vurğulayıb.

Konkret təşəbbüslərə gəlincə, Avropa və Asiya arasında, həmçinin, Orta Dəhliz olaraq bilinən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) kimi yeni ticarət marşrutlarının təşviqi Avropa üçün irəliyə doğru mühüm addım ola bilər. Türkiyədən başlayan bu ticarət marşrutu Cənubi Qafqazdan (Azərbaycan və Gürcüstan) və Mərkəzi Asiyadan keçərək, Çinə uzanmaqla ticarət marşrutlarını potensial olaraq şaxələndirir və sürətləndirir.

Bu marşrutla nəqliyyat müddəti ötən il 38-53 gündən cəmi 19-23 günə düşüb. Hədəf bu müddətin gələcəkdə 14-18 günədək azaldılmasıdır. Bu dəhlizin genişləndirilməsi Avropa ilə Asiya arasında ticarətin möhkəmləndirilməsi, mədəni mübadilə və geosiyasi əməkdaşlığa xidmət edə bilər.

Fransanın Mərkəzi Asiyada iştirakının artmaası və böyük dövlətlərin nüfuzuna qarşı adi ağırlıq qüvvəsi çərçivəsindən kənara çıxması Orta Dəhlizin inkişafına və əhəmiyyətinin artmasına aktiv şəkildə imkan yarada bilər. Bu, Avropaya təkcə tranzit müddətini azaldan alternativ ticarət marşrutları təklif etmir, həm də Mərkəzi Asiyanın Şərqlə Qərb arasında körpü olaraq strateji əhəmiyyətini vurğulayır.

Fransa, həmçinin, Mərkəzi Asiya ölkələrinin mövqeyini daha geniş geosiyasi landşaftda adi müşahidəçilər deyil, qlobal əlaqələr və əməkdaşlığın fəal iştirakçıları olaraq müəyyən edə bilər.

Qazaxıstan və Özbəkistan nöqteyi-nəzərindən Fransa liderinin son səfəri bu ölkələrin Ukraynada müharibə başlayandan güclənən Qərb istiqamətli xarici siyasət kursunu genişləndirib. Astana və Daşkənd Qərblə əməkdaşlıqlarını - o cümlədən, Moska və Pekinə qarşı münasibətdə - öz beynəlxalq mövqelərini möhkəmləndirmək və eyni zamanda, investisiyaların cəlbi və modernizasiya (texnologiya və təhsil baxımından) imkanı olaraq nəzərdən keçirir. Bu ölkələr Aİ və ona üzv dövlətlərin xammal sahəsində etibarlı və strateji ticari tərəfdaşları olaraq mövqe tutub. Bu, misal üçün, Qazaxıstanın son illərdə Fransa üçün iki ən mühüm neft mənbəyindən biri qismində rolu, eləcə də, Özbəkistanla uran sahəsində əməkdaşlığın inkişafı ilə təsdiqlənib. Bunun ən gözəl nümunəsi ötən ilin noyabr ayında Fransanın "Orano" şirkətinin iştirakı ilə birgə müəssisənin yaradılmasıdır. Müəssisə Emmanuel Makronun səfəri ərəfəsində ilk uran tədarükünü həyata keçirib.

Beləliklə, mürəkkəb geosiyasi reallıq Şərqdən Qərbə yola göndərilən yükləri yenidən digər marşrutlara istiqamətləndirməyi şərtləndirib. Azərbaycanın isə bu baxımdan rolu ancaq artıb. Azərbaycanla Mərkəzi Asiya ilə logistika və nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Aİ ölkələrinin regionun resurslarına artan tələbləri fonunda Azərbaycanın bu tədarüklərdə rolu mühüm rol oynayır. Azərbaycan artıq Qazaxıstandan neft və uranın, Türkmənistandan isə gübrə və bir çox digər məhsulun ixracında tranzit nöqtəsi olaraq çıxış edir. Fransa və digər Avropa dövlətləri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməklə yanaşı, Azərbaycanın onlara təklif etdiyi imkanlara da xüsusi diqqət yetirsələr, yaxşı olar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin