Alpin/Deli/Pars| TİTRA-dan Qabaqcıl Texnologiya PUA Həlləri

2023/12/PARS_-6806695968.jpg
Oxunub: 5489     15:32     04 Dekabr 2023    
Müdafiə və aviasiya sənayesində gələcək texnologiyalar üzərində çalışan TİTRA son dövrlərdə təqdim etdiyi yenilikçi Pilotsuz Uçuş Aparatı (PUA) həlləri ilə diqqət çəkir. Şirkət “Alpin” pilotsuz helikopteri və “Deli” kamikadze PUA-sının ardınca hərbi və kommersiya tətbiqlərində həssas kəşfiyyat, müşahidə və aşkarlama (ISR) həyata keçirə bilən yüksək qabiliyyətli “Pars” kəşfiyyat PUA-sını məhsul çeşidinə əlavə edib.

Müdafiə və aviasiya sənayesində diqqət yetirdiyi proqram təminatı sahəsində gələcək texnologiyaları inkişaf etdirmək üçün çalışan TİTRA innovativ həllər və məhsullarla məhsul çeşidini genişləndirməyə davam edir. İnsansız sistemlər, Süni Zəka (SZ) və təsvirin emalı kimi sahələrdə daim inkişaf etdirdiyi imkanları və “Ar-Ge” işləri ilə milli və beynəlxalq arenada istifadəçilərin ehtiyaclarını qarşılayan TİTRA məhsul çeşidindəki PUA-larla müxtəlif sektorlardakı müştərilərinin tələblərinə cavab verməyi hədəfləyir.

TİTRA-nın baş direktoru Davut Yılmaz deyir ki, PUA sahəsində təcrübəsi ilə seçilən şirkət kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarının çətin tələblərinə cavab vermək üçün effektiv seçimlər təklif edir.

“Alpin” avtonom uçuş qabiliyyətinə malikdir

TİTRA-nın diqqətəlayiq mühəndislik nailiyyətlərinin başında “Alpin” pilotsuz helikopteri dayanır. İstifadəçilərin yüksək faydalı yük daşıma qabiliyyəti və uzun müddət havada qalma vaxtı ehtiyaclarını qarşılayan “Alpin” etibarlı, yüksək performanslı və çoxyönlü PUA kimi həm hərbi, həm də mülki sektorlar üçün həllər təklif edir. Tam avtonom uçuş və eniş qabiliyyətinə malik “Alpin” əvvəlcədən müəyyən edilmiş marşrutlarda uça bilməsi sayəsində proqramlaşdırılmış missiyalarını tam yerinə yetirir. “Alpin”in avtonom uçuş xüsusiyyəti operatorun müdaxiləsinə ehtiyac olmadan tapşırıqları təhlükəsiz və effektiv şəkildə yerinə yetirməyə imkan verir.


Hərbi və mülki missiyalar üçün “Alpin”

Uçuş üçün uçuş-enmə zolağına ehtiyacı olmayan “Alpin” təkmilləşdirilmiş yanacaq çəni sayəsində 9 saata qədər havada qala bilir, 200+ kq yük daşıma qabiliyyəti ilə hərbi və mülki əməliyyatlarda müxtəlif avadanlıq və materialların təhlükəsiz daşınmasını təmin edir. Yılmaz “Alpin”in hərbi missiyalarda müxtəlif ölçü və xüsusiyyətlərə malik kameralar vasitəsilə bulud altı müşahidə, sərhəd təhlükəsizliyinin təmin edilməsi, termal/gecəgörmə kameraları ilə 7/24 izləmə kimi fəaliyyətləri həyata keçirdiyini, çətin bölgələrdə hərbi logistik missiyalarda da daşıyıcı platforma kimi istifadə edildiyini bildirir.

Yılmaz qeyd edir: “Hərbi sahədə olduğu kimi mülki məqsədlər üçün də istifadə edilən “Alpin” fəlakət bölgələrində yanğınların aşkarlanması, sahil təhlükəsizliyi, sərhəd nəzarəti, kənd təsərrüfatı məhsuldarlığının ölçülməsi, dəniz minalarının aşkarlanması, kimyəvi sızıntıların aşkarlanması, xəritəçəkmə və zərərin qiymətləndirilməsi kimi vəzifələri yerinə yetirir”.


“Deli” ilə hədəfin aşkarlanması, məlumatların toplanması və məhv etmə

TİTRA-nın başqa bir həlli “Deli” kamikadze PUA-sıdır. Hərbi birliklər tərəfindən mobil və ya sabit mövqedən görmə xəttinin kənarındakı (BLOS) hədəflərə qarşı istifadə üçün nəzərdə tutulan “Deli” hədəfin aşkarlanması, hədəfin məhv edilməsi, hədəflərin foto, video və yer məlumatlarının əldə edilməsi kimi kritik vəzifələri yerinə yetirə bilər.

TÜBİTAK SAGE tərəfindən hazırlanmış geniş hərəkət radiusuna malik 3,25 kiloqramlıq döyüş başlığı ilə təchiz edilən “Deli” saatda 85 kilometr kreyser sürəti və 180 kilometr maksimal sürətə malikdir. 3500 metr yüksəkliyə qalxa bilən PUA döyüş bölgəsində 150-500 metr əməliyyat yüksəkliyində fəaliyyət göstərə bilir. PUA-nın kiçik ölçüləri və səssiz mühərriki yaxın məsafədən aşkarlanmağı çətinləşdirir və əməliyyatlarda müvəffəqiyyət nisbətini artırır.

Həssas bölgələrdə “Pars” kəşfiyyat PUA-sı

Yılmaz həssas kəşfiyyat, müşahidə və aşkarlama missiyaları üçün hazırladıqları “Pars” kəşfiyyat PUA-sı ilə TİTRA-nın innovasiyanın sərhədlərini aşdığını söyləyir. “Pars”ı həm hərbi, həm də ticari tətbiqlər üçün hazırladıqlarını qeyd edən Yılmaz belə davam edir: “Pars” aşağı radara görünmə qabiliyyəti ilə həssas kəşfiyyat, müşahidə və aşkarlama missiyalarını yüksək performansla yerinə yetirəcək çox qabiliyyətli platforma kimi diqqət çəkir. Hərbi tapşırıqlara əlavə olaraq, bu PUA meşə yanğınları, təbii fəlakətlər, ətraf mühitin monitorinqi və kənd təsərrüfatı torpaqlarının monitorinqi kimi mülki vəzifələri də effektiv şəkildə yerinə yetirə bilər”.


“Pars” ilə uzunmüddətli kəşfiyyatlar

50 km/saat kreyser sürətinə malik olan “Pars” 11,5 kq maksimum qalxma çəkisi və 3,5 m qanad genişliyi ilə 1600+ fut yüksəklikdə işləyə bilər. Optimallaşdırılmış uçuş rejimi sayəsində 4 saat havada qala bilən “Pars” uzunmüddətli kəşfiyyat və müşahidə əməliyyatlarında istifadəçilərinə əhəmiyyətli üstünlüklər təmin edir. PUA-nın 1,5 kq çəkidə olan gimbal sisteminin Elektro-Optik (EO) kamerası 30x böyütmə xüsusiyyətinə malikdir və sistemdəki uzun dalğalı infraqırmızı (Longwave Infrared / LWIR) sensor 5x böyütmə xüsusiyyəti ilə gecəgörmə qabiliyyətini təmin edir.

Üfüqi olaraq 360 dərəcə dönə bilən gimbal sistemi obyekt izləmə, lazer işarələyici və məsafə ölçmə kimi xüsusiyyətlərə malikdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TİTRA   PUA   Pars  


Bizi "telegram"da izləyin