Türkiyənin Sualtı Qayıq Layihələrinə BAXIŞ – STM həlləri göz oxşayır

2023/12/16849-8508356730.jpg
Oxunub: 516     19:26     05 Dekabr 2023    
1719-cu ilin payızında Qızıl Buynuzun mavi sularından timsah kimi nəhəng bir obyekt çıxıb, bu, həmin vaxt qayıqla üzənləri qorxudub, sahildəki insanların təşviş və təəccüblərini gizlədə bilməməsinə səbəb olub. Əslində, bu qəribə obyekt sarayın baş memarı İbrahim Əfəndinin III Əhmədin oğullarının sünnət mərasimi üçün hazırladığı vasitəsi idi və bəzi tarixçilər tərəfindən Türkiyənin ilk sualtı qayığı kimi qəbul edilib.

Keçmişdən bu günə qədər döyüş meydanının strateji elementi olan sualtı qayıqlar üç tərəfdən dənizlə əhatə olunmuş Türkiyədə dəniz maraqlarının qorunmasında kritik əhəmiyyətə malikdir. Bu yazıda Türkiyədəki aktual Sualtı Qayıq Layihələrinə toxunacağıq.

Mövzu başlıqları altında Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının ehtiyacları əsasında Müdafiə Sənayesi Komitəsinin (MSK) təşəbbüsü ilə həyata keçirilən sualtı qayıq inşa layihələrini və kifayət qədər təcrübəyə malik ixtisaslı qurumların dünya səviyyəsində həyata keçirdiyi modernləşdirmə layihələrinin təfərrüatlarını ümumiləşdirməyə çalışdıq.

Yeni Tip Sualtı Qayıq Layihəsi (YTSQL)

Almaniyanın TKMS şirkəti ilə Türkiyə MSK arasında “Gölcük” Gəmiqayırma Zavodunda Havadan Müstəqil Hərəkət Sisteminə (AIP) sahib 6 ədəd “Tip 214” sinfinə məxsus sualtı qayığın inşasını əhatə edən Yeni Tip Sualtı Qayıq Layihəsi (YTSQL) imzalanıb. YTSQL bu günə qədər Türkiyə MSK və HDQ Komandanlığının birgə həyata keçirdiyi ən böyük sualtı qayıq inşası layihəsidir.

Türkiyə HDQ tərəfindən “Reis” sinfinə məxsus sualtı qayıqlar” olaraq adlandırılır. Sualtı qayıqlar “Gölcük” Gəmiqayırma Zavodunda inşa edilir. Türkiyənin Milli Sualtı Qayıq Layihəsinin həyata keçirilməsində mühüm bir addım olacaq Havadan Müstəqil Hərəkət Sistemi (“Reis” sinfi) ilə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində STM şirkəti yerli iqtisadiyyatı da inkişaf etdirəcək kritik vəzifələr yerinə yetirir.

Bu çərçivədə dünyada yalnız bir neçə ölkə tərəfindən istehsal oluna bilən sualtı qayıq torpedo borularının yer aldığı baş hissəsi STM koordinasiyasında ilk dəfə Türkiyədə istehsal edilib. Türkiyənin bu çox əhəmiyyətli hərbi layihəsində STM-in üzərinə götürdüyü digər vəzifələr arasında dizayn, mühəndislik və sistem inteqrasiyası fəaliyyətlərində iştirak etmək, “Gölcük” Gəmiqayırma Zavodunun sualtı qayıq inşa infrastrukturunu ehtiyaclara uyğun inkişaf etdirmək, gəmi inşasında istifadə olunacaq materialların, cihazların/sistemlərin yerliləşdirilməsi işinə töhfə vermək, layihəyə yerli töhfəni artırmaq və sualtı qayığa davamlı olmayan gövdə bloklarını və bəzi GRP bölmələrini (Sualtı Qayıq Kompozit Üst Quruluşu) ölkə daxilində istehsal etmək yer alır.

“Preveze” Sinfinə Məxsus Sualtı Qayıq Yarım Ömür Modernləşdirməsi Layihəsi

Türkiyə HDQ Komandanlığının inventarında olan 4 ədəd “Preveze” sinfinə məxsus sualtı qayığın Yarım Ömür Modernləşdirməsini (YÖM) həyata keçirmək üçün MSK-nin təşəbbüsü ilə “Preveze” Sinfinə Məxsus Sualtı Qayıq Yarım Ömür Modernləşdirməsi Layihəsi həyata keçirilib.


Maksimum daxili imkanlarla həyata keçiriləcək layihədə STM, ASELSAN, HAVELSAN və ASFAT tərəfindən qurulan İş Ortaqlığı fəaliyyətdədir.

TCG “Preveze” (S-353), TCG “Sakarya” (S-354), TCG “18 Mart” (S-355) və TCG “Anafartalar” (S-356) sualtı qayıqlarının modernləşdirilməsini əhatə edən layihədə STM sistem tədarük fəaliyyətləri ilə yanaşı, İş Ortaqlığı tərəfindən təmin edilən bütün məhsulların platforma inteqrasiyası məsuliyyətini də üzərinə götürüb.

Bu layihədə STM 2021-ci ildə Kritik Dizayn Mərhələsini və 2022-ci ildə prioritet olaraq satın alınması lazım olan sistemlərin Dəniz Qəbul Təcrübələrini uğurla tamamlayıb. Layihə hələ də davam edir.


AY Sinfinə Məxsus Sualtı Qayıq Yarım Ömür Moderləşdirməsi Layihəsi (AYMOD)

Türkiyə HDQ-yə aid 2 ədəd AY Sinfinə Məxsus Sualtı Qayığın Moderləşdirmə Layihəsi çərçivəsində TCG “Doğanay” (S-351) və TCG “Dolunay” (S-352) sualtı qayıqlarının Radioelektron Dəstək, Hücum və Naviqasiya Periskopları və Ətalətli Naviqasiya Sistemləri STM tərəfindən mümkün qədər milli imkanlarla modernləşdirilərək, Türkiyə HDQ-nin xidmətinə verilib. Layihə 2011-ci ildə başlayıb və 2015-ci ildə vaxtında uğurla başa çatdırılıb.


STM500 Sualtı Qayıq Layihəsi

STM500 maksimum yerli və milli resurslarla istehsalı nəzərdə tutulan və STM tərəfindən öz resursları ilə inkişaf etdirilən unikal mini sualtı qayıqdır, XXI əsrin sürətlə dəyişən geosiyasi və hərbi strukturları çərçivəsində xüsusilə Egey dənizi kimi bölgələrdə təsirli bir element ola biləcəyi düşünülür.

Həm dayaz sularda, həm də açıq dəniz şəraitində işləmək və xüsusi təyinatlıların əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş mini sualtı qayıq STM500-ün ən son texnoloji sistemlərlə təchiz edilməsi planlaşdırılır və hazırda beynəlxalq tələblərlə bağlı danışıqlar davam edir.

22 nəfərlik heyətə əlavə olaraq 8 nəfərlik Xüsusi Təyinatlı Qrupu ilə 30 gün vəzifə yerinə yetirə biləcək və 4 ədəd atışa hazır torpedo borusu ilə ümumilikdə 8 ağır torpedo və idarə olunan raket atış gücünə malik olacaq mini sualtı qayıq STM500 Layihəsi müəyyən mərhələlərdən ibarətdir və layihə STM-in Strateji Planları çərçivəsində irəliləyir.


AGOSTA (90B) Yarım Ömür Moderləşdirməsi Layihəsi (PADYÖM)

Türkiyənin ilk sualtı inşaat və modernləşdirmə qabiliyyətinə malik mühəndislik şirkəti olan STM 2016-cı ildən bəri Pakistanın sahib olduğu Fransa istehsalı olan “AGOSTA 90B Khalid” sinfinə məxsus sualtı qayıqlarının modernləşdirilməsi fəaliyyətlərini də davam etdirir. Sözügedən layihə Türkiyənin xarici ölkəyə məxsus sualtı qayıqların modernləşdirilməsində əsas podratçı kimi çıxış etdiyi ilk layihə olaraq böyük əhəmiyyət kəsb edir.

AGOSTA 90B Modernləşdirmə layihəsində ilk iki sualtı qayığın dəniz qəbulu işləri müvafiq olaraq 2021 və 2022-ci illərdə uğurla həyata keçirilib və modernləşdirilməsi STM tərəfindən tamamlanan hər iki gəmi Pakistan HDQ-yə təhvil verilib. Modernləşdirmə çərçivəsində STM əsas podratçı olaraq Komanda və İdarəetmə Sistemi, Atəşə Nəzarət Sistemi, Sonar “Suit”, Radioelektron Döyüş Sistemi, Radar, Soyuducu Su Sistemi, Konvertorlar, Sükan İdarəetmə Sistemi və Periskop Sisteminin (Naviqasiya və Hücum) bir çoxunun yerli və milli sistemlərlə dəyişdirilməsi işlərini həyata keçirir, işçi qüvvəsi isə “PN Dockyard” gəmiqayırma zavodu tərəfindən təmin edilir.

Modernləşdirmə çərçivəsində davamlı gövdə və dayanıqlı arakəsmə üzərində tətbiq olunan bütün dizayn, inteqrasiya və sənətkarlıqla istifadə olunan bütün materiallar dünyada ilk dəfə olaraq belə bir modernləşdirmə layihəsində IACS üzvü təsnifat quruluşu olan DNV tərəfindən sertifikatlaşdırılır. Layihədə başda ASELSAN və HAVELSAN olmaqla bir çox Türkiyə şirkəti də iştirak edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sualtı-Qayıq  


Bizi "telegram"da izləyin