Pedaqoji Universitetin şəhid məzunu Tural Dəmirçiyevin ailəsi ziyarət olunub

2023/12/1701615449.jpg
Oxunub: 351     22:29     03 Dekabr 2023    
Dekabrın 2-də ADPU-nun "YENİ Klub" nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə tələbələr Pedaqoji Universitetin məzunu, Vətən müharibəsi şəhidi Tural Dəmirçiyevin ailəsini ziyarət ediblər.

Universitetdən Ordu.az-a bildirilib ki, şəhidin ailə üzvləri tələbələrə Turalın keçdiyi şərəfli döyüş yolu və xatirələrindən danışıb, onun vətənə olan sevgi-məhəbbətinin tükənməzliyini vurğulayıblar. Şəhidin ADPU-nun II tədris ilinin tələbəsi Aytac İbrahimova tərəfindən çəkilmiş rəsmi ailəsinə hədiyyə olunub.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 21-də hərbi toplanış çərçivəsində Azərbaycan Quru Qoşunlarının əsgəri kimi təlimlərə qatılan Tural Dəmirçiyev 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzulinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Dəmirçiyev oktyabrın 5-də Füzuli istiqamətindəki döyüşlərdə qəlpə yarasından şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Tural Dəmirçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADPU   Şəhid  


Bizi "telegram"da izləyin