Rusiyanı Ermənistandan Köçəryan-Sarkisyan tandemi, yoxsa Paşinyan uzaqlaşdırıb? – BAXIŞ BUCAĞI

2019/12/00-30-1575976183.jpg
Oxunub: 4564     17:39     02 Dekabr 2023    
Ermənistanda müxalifət hesab edir ki, 2018-ci ilin “məxməri inqilabı” xarici siyasi vektoru dəyişib, onların strateji müttəfiqi Rusiyanın dəstəyindən məhrum edib, nəticədə Qarabağı itiriblər və “uçurumun kənarı”na düşüblər. Paşinyan hakimiyyəti isə əksini iddia edərək bildirir ki, artıq “inqilab” baş verənə qədər bu proses başlamışdı və qarşısıalınmaz idi.

Rusiya Prezidenti Putin deyir ki, on beş il ərzində o, Ermənistan hakimiyyətini həll yoluna getməyə inandırmağa çalışsa da, onlar öz yollarını seçiblər. Putin faktiki olaraq 1999-cu ildən Rusiya Federasiyasının prezidentidir. Bu, Ermənistanda baş verən “27 Oktyabr” aktının baş verdiyi ildir, bundan iki ay sonra Yeltsin istefa verdiyini elan edib. 1998-ci il fevralın 3-də Ermənistan prezidenti Levon Ter-Petrosyan istefa verib.

Həmin ilin mayında keçmiş xarici işlər naziri Vardan Oskanyanın ifadə etdiyi kimi, Moskva Ermənistan-Azərbaycan danışıqlarını bərpa etmək təşəbbüsü ilə çıxış etdi. Nəticədə Qarabağ nizamlanmasına dair “Ümumi dövlət” təklifi yarandı, İrəvan bunu danışıqlar üçün əsas kimi qəbul etsə də, Bakı rədd etdi. Burada əsas məqsəd münaqişəni tənzimləmək əvəzinə Azərbaycan təbii resurslarının Ermənistan üzərindən Türkiyəyə çatdırılması idi. Belə olan halda Rusiya Ermənistanda hərbi mövcudluğu olan bir ölkə kimi kəmərin təhlükəsizliyinə cavabdehlik daşıyacaqdı. Və əgər Qarabağ münaqişəsinin silahlı mərhələsi başa çatsa idi, ona Rusiya sülhməramlı qüvvələri amili də əlavə olunacaqdı.

Təbii ki, bu “tənzimləmə” ilə münaqişənin silahlı mərhələsinə “son qoyulması haqqında saziş”in imzalanması, sülhməramlı qüvvələrin yeridilməsi və işğalın legitimləşdirilməsi demək olardı. Bunları yaxşı anlayan rəsmi Bakı bu təklifdən imtina etmişdi. 1998-ci ildən sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin vasitəçiliyi on il ərzində Qərbin həmsədrləri olan ABŞ və Fransaya həvalə edildi.

Rusiya-Gürcüstan müharibəsindən sonra, 2008-ci ildə Rusiya Qarabağla bağlı danışıqlarda əhəmiyyətli dərəcədə iştirak etdi. Üstəlik, Rusiya-Gürcüstan müharibəsindən az əvvəl Rusiya prezidenti Medvedev Bakıya səfər etdi və Vladimir Putin 2001-ci ilə Heydər Əliyevlə danışıqlara başladı. Nəticədə Rusiya və Azərbaycan Bakı Bəyannaməsini imzaladı, hər iki ölkə Qafqaz regionunda tərəfdaş olduqlarını ifadə etdilər.

Təbii ki, bütün bu proseslər Rusiyanın Ermənistanı şiddətlə silahlandırdığı dövrə təsadüf edirdi. Rəsmi Bakı məhz bunun qarşısının alınmasını üçün qüvvələrini səfərbər etmişdi və Putini Yeltsindən fərqli olaraq balans yaratmağa dəvət edirdi. Ermənistan hakimiyyəti bütün bunları əsas olaraq təqdim edərək müxalifətin zamanından etibarən münasibətlərin pozulmasına işarə edir. Lakin fakt budur ki, məhz Paşinyanın hakimiyyəti dövründən etibarən Ermənistan-Rusiya münasibətlərində ciddi böhran, hətta ölkənin vektor dəyişikliyinə getməsi barədə müzakirələr aparılır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin