ASP sədri: “Məqsədimiz 2024-cü ildə Türkiyə müdafiə sənayesinin ixracını 11 milyard dollara çatdırmaqdır”

2023/12/2023--1701496442.jpg
Oxunub: 7812     12:22     02 Dekabr 2023    
Türkiyə Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə Ankara Sənaye Palatası (ASP) tərəfindən təşkil edilən Hərbi Logistika və Dəstək Zirvəsi - DLSS 2023-cü il dekabrın 12-13-də Ankarada keçiriləcək.

Ordu.az xəbər verir ki, Türkiyənin hərbi logistikaya yönəlmiş yeganə tədbiri olan DLSS Türkiyə müdafiə sənayesinin logistika sahəsindəki ən yeni layihə və məhsullarını sənaye peşəkarları ilə üçüncü dəfə bir araya gətirəcək.

DLSS-də hərbi logistika sahəsində yerli və xarici mütəxəssislər, hərbi personal və akademiklər, qərar qəbul edənlər və sənayeçilər iştirak edəcəklər.

ASP sədri Seyit Ardıç Ankaranın müdafiə sənayesi sektorundakı lider mövqeyini vurğulayıb.

“Türkiyə müdafiə sənayesinin 2024-cü ildə 11 milyard dollarlıq ixrac hədəfinə çatması üçün yeni əməkdaşlıq müqavilələrinə vasitəçilik edəcək platformalara ehtiyac var. DLSS hərbi logistika sahəsində yerli istehsalçılarımızı beynəlxalq qərar qəbul edənlərlə bir araya gətirərək, mühüm ixrac bazasına çevrilməyi hədəfləyir”, - deyə o bildirib.

ASP sədri Seyit Ardıç paytaxt Ankaranın müdafiə sənayesində lider mövqedə olduğuna və Türkiyənin son illərdə böyük irəliləyiş əldə etdiyinə diqqət çəkib.

Ardıç yerli və milli texnologiyalarla günbəgün inkişaf edən Türkiyənin müdafiə sənayesinin böyük rəqabət gücü qazandığını bildirib.

“Müdafiə sənayemiz 2024-cü ildə 85 faiz yerlilik nisbətinə çataraq, ölkəmizin ehtiyaclarını qarşılamaqla yanaşı, ixracatını da 83 faiz artıraraq, 11 milyard dollara çatdırmağı hədəfləyir”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASP   DLSS  


Bizi "telegram"da izləyin