Diplomatik qarşıdurma və Azərbaycanın qələbəsi – BAXIŞ BUCAĞI

2023/11/1701336657.jpg
Oxunub: 6864     15:29     30 Noyabr 2023    
Türkiyənin müdafiə naziri Yaşar Gülər Bakıda bəyan etdi ki, Cənubi Qafqaz ölkələri münasibətlərini tənzimləməli və 3+3 formatına önəm verməlidir.

Gülər müdafiə nazirləri səviyyəsində Türkiyə-Gürcüstan-Azərbaycan görüşündən sonra Ermənistan-Azərbaycan nizamlanmasından danışdı. Bəs o, Gürcüstanın müdafiə naziri vasitəsilə rəsmi Tbilisiyə mesaj göndərməyə çalışıbmı ki, 3+3 formatında müzakirələrə qatılsın? Bu barədə nəsə demək çətindir.

Amma diqqətçəkən odur ki, ABŞ dövlət katibi Blinkenin noyabrın 27-də Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə telefon danışığı barədə rəsmi mesaj Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin Bakıda təhlükəsizlik və əməkdaşlıqla bağlı məsələləri müzakirə etməsindən bir gün sonra yayılıb.

Yeri gəlmişkən, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycanla hərbi əməkdaşlıq barədə bəyanat vermişdi, Bakıda Türkiyə-Gürcüstan-Azərbaycan görüşü keçirildiyi gün isə İran Xəzər dənizində raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş mina daşıyan hərbi gəmini suya buraxıb.

İranın bu addımı qeyri-dost addımı kimi qiymətləndirilir. Xüsusən də İranın müdafiə nazirinin İslam Respublikası silahlı qüvvələrinin bütün bölgəyə nəzarət etdiyi barədə bəyanatı kontekstində bu daha nəzərəçarpandır. Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşündən əvvəl İran və Türkiyə prezidentləri arasında telefon danışığının olması da vacibdir. Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanlığı tərəfindən çox simvolik bir aksiya həyata keçirilib, sentyabrın 20-də həlak olan zabitlərin xatirəsinə hərbi bazanın ərazisində abidə daşı qoyulub.

Bu fonda ABŞ dövlət katibi Blinkenin Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə telefon danışıqları Vaşinqtonun vasitəçiliyini bərpa etmək cəhdi kimi dəyərləndirilə bilər. Görünür, Blinkenlə İlham Əliyev arasında söhbət ən azından yumşaq olmayıb. Azərbaycan Prezidentinin rəsmi internet saytında noyabrın 15-də keçirilən dinləmələrdə Dövlət katibinin köməkçisi O-Braynın Azərbaycanın ünvanına verdiyi “birtərəfli və həqiqətə uyğun olmayan” bəyanatlarla bağlı İlham Əliyevin kəskin narazılığı çatdırılıb.

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Əslində Ermənistanın regiondankənar sponsorlar cəlb etmək və gərginliyi gücləndirmək fəaliyyətlərini təsdiqləyən İlham Əliyev kifayət qədər açıq oynayır. Prezident vəziyyəti düzgün qiymətləndirərək, doğru hesablama aparır. Vaşinqtonla diplomatik qarşıdurma zamanı əldə edilən son nəticə də bunu təsdiqləyir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Diplomatik-qarşıdurma  


Bizi "telegram"da izləyin