“SpaceX” 23 ədəd “Starlink” peykini orbitə çıxarıb

2023/02/cvb-1677318917.jpg
Oxunub: 2768     17:12     28 Noyabr 2023    
“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb.

Ordu.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, daşıyıcı raket noyabrın 27-də ABŞ-nin Şərq sahilləri vaxtı ilə saat 23:18-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Daşıyıcı raketin artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 126-cı, cari ildə isə 57-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,4 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.

Şirkətin işləyib hazırladığı “Starlink” internet şəbəkəsi dünyanın 62 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, ABŞ hərbçiləri də bu xidmətdən geniş istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmaq niyyətindədir. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Şirkət növbəti mərhələdə orbital qruplaşmada kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Starlink  


Bizi "telegram"da izləyin