“Meteksan”dan Kamikadze PUA və Dron Təhdidlərinə Qarşı Yeni Həll: FELIX

2023/11/1700287411.jpg
Oxunub: 33662     16:21     25 Noyabr 2023    
“Meteksan Savunma” inkişaf etdirdiyi radar və radioelektron döyüş sistemlərindən əldə etdiyi təcrübə ilə Pilotsuz Uçuş Aparatları (PUA) və dronlara qarşı müdafiə sistemi olan FELIX-i inkişaf etdirib. FELIX həm stasionar obyektləri, həm də VIP/konvoyları kamikadze PUA-sı və dron təhlükələrindən qoruyaraq, hərəkətdə olarkən effektiv Hava Hücumundan Müdafiə (HHM) dəstəyi təklif edir. Müdafiə və aviasiya sənayesində 17 ili geridə qoyan şirkət FELIX ilə təkcə Türkiyədə deyil, beynəlxalq bazarda da əhəmiyyətli ixrac uğurları əldə etməyi hədəfləyir.

FELIX “Meteksan Savunma”nın mini və mikro PUA-ları və kamikadze PUA-larını aşkar etmək, izləmək və zərərsizləşdirmək üçün bir neçə ildir apardığı səylər nəticəsində ortaya çıxıb. Artırılmış hündürlük əhatə dairəsi və yeniləmə tezliyi ilə daha yüksək hündürlüklərdən gələn, daha sürətli PUA-ları aşkarlaya və qarışdıra bilən FELIX hətta hərəkətdə olarkən də işləyə bilir. Yaxın ərazidə HHM missiyasına əlavə olaraq, FELIX-in həm sabit obyektlərin, həm də VIP/konvoyların mühafizəsində təhlükəsizlik qüvvələrinə dəstək verməsi gözlənilir.

Yerli və milli imkanlarla hazırlanıb

“Meteksan Savunma” Baş direktoru Selçuk Kerem Alparslan FELIX-in dünya səviyyəsində artan mini/mikro PUA və kamikadze PUA-sı hücumları üçün hazırlandığını diqqətə çatdırıb və qeyd edib: “Deyə bilərəm ki, tamamilə yerli və milli imkanlarla, radar və Radioelektron Döyüş (RED) sahəsində əldə etdiyimiz innovativ texnologiyalar əsasında inkişaf etdirdiyimiz FELIX dron və kamikadze PUA-sı hücumlarına, xüsusilə VIP/konvoy mühafizəsinə qarşı çox təsirli bir sistemdir. İlk dəfə IDEF 2023 sərgisində satışa çıxardığımız FELIX təkcə Türkiyədə deyil, dünya bazarında da innovativ məhsul kimi əhəmiyyətli ixrac uğurları qazanacaq”.

AESA radarı sahəsində ən müasir texnologiyalardan biri olan AESA/MIMO texnologiyası ilə “Meteksan Savunma” tərəfindən hazırlanan “Retinar AESA” aşkarlama və izləmə sistemindən istifadə edən FELIX hədəfə xüsusi reaktiv qarışdırma həyata keçirə bilən Radioelektron Hücum (REH) sistemi və komanda idarəetmə proqramı ilə diqqət çəkir.


Əlverişsiz hava şəraitindən təsirlənmir

FELIX-in aşkarlama və izləmə komponenti olan “Retinar” AESA radarı dizaynı və aşağı enerji sərfiyyatı sayəsində təkcə sabit olaraq kritik obyektlərin və sərhədlərin mühafizəsində yox, həm də vasitə inteqrasiyası ilə hərəkət halındakı vasitələr üzərində istifadə edilə bilər. Hərəkətdə işləmək qabiliyyəti ilə “Retinar” AESA konvoy/VIP mühafizə missiyalarında kritik sistem kimi təhlükəsizlik bölmələri üçün güc multiplikatoruna çevrilir.

Bu qabaqcıl radar sistemi aşağıdakı xüsusiyyətləri ilə dünyada oxşar radar sistemlərindən fərqlənən yüksək texnologiyalı məhsul kimi önə çıxır.

Artırılmış yeniləmə tezliyi səbəbindən yüksək izləmə performansı,
Həm hava, həm də quru hədəflərini eyni vaxtda aşkar etmək və izləmək bacarığı,
Aşağı sürətli hədəf həssaslığı nəticəsində əldə edilən yüksək təsnifat performansı,
Hərəkətdə olarkən işləmə,
Günbəz şəklindəki yarımkürə örtüyü.


FELIX-in aşkarlama və izləmə sistemi olan “Retinar” AESA əlverişsiz hava şəraitindən təsirlənmədən 24/7 işləyə bilər.

“Retinar” AESA həmçinin aşağıdakı xüsusiyyətləri sayəsində təkcə mini və mikro PUA-ları deyil, həm də kamikadze PUA-larını və taktiki PUA-ları aşkar edə və izləyə bilir:

· Tək radar paneli ilə 90×90 dərəcə əhatə dairəsi təmin etməsi,
· Dördlü radar panelinin istifadəsi ilə yarımkürə şəklində (90×360 dərəcə) əhatə dairəsinə imkan verməsi,
· Genişləndirilmiş hədəf dəsti ilə hava və quru hədəflərini eyni vaxtda və uzaq məsafələrdən aşkar edə bilməsi,
· Yüksək yeniləmə tezliyi ilə artan izləmə performansı,
· Aşağı sürət həssaslığı ilə yüksək performanslı hədəf təsnifatı,
· 3D yüksək görüntü imkanına malik radar görüntüləmə qabiliyyəti,
· İşləmə tezliyinə görə hava şəraitindən təsirlənməməsi.


FELIX sisteminin başqa bir komponenti olan REH sistemi aktiv qarışdırma sistemləri ilə müqayisədə artan qarışdırma diapazonu sayəsində daha geniş mühafizə sahəsi yaradır. Geniş diapazonlu reaktiv qarışdırma, dinamik spektr idarəetməsi və hədəfə xas qarışdırma xüsusiyyətləri ilə seçilən bu sistem hətta hərəkətdə olarkən tam qoruma təmin edir.


Terrora Qarşı FELIX Qalxanı

Son illərdə, xüsusilə terror təşkilatları tərəfindən mini və mikro PUA-ların artan istifadəsi səbəbiylə, antidron sistemləri bütün dünyada ən çox investisiya qoyulan sahələrdən birinə çevrilib. Digər tərəfdən, müxtəlif coğrafiyalardakı qarşıdurmalar göstərib ki, mini və mikro PUA-lara əlavə olaraq kamikadze PUA-larından istifadə edilərsə, bir çox HHM sistemləri bu təhlükələrə qarşı təsirsiz ola bilər.

“Meteksan Savunma” tərəfindən innovativ texnologiyalarla inkişaf etdirilən FELIX imkanları ilə dünya bazarında bu xüsusiyyətə malik azsaylı antidron sistemləri arasındadır. FELIX-in yaxın gələcəkdə həm daxili, həm də xarici bazarlarda əhəmiyyətli uğurlar qazanacağı gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meteksan   Kamikadze   PUA  


Bizi "telegram"da izləyin