İcma ABŞ Konqresinin bir qrup üzvünün Cozef Baydenə göndərdiyi qərəzli məktubu sərt şəkildə qınayıb

2023/09/1695810479.jpg
Oxunub: 19342     10:52     03 Oktyabr 2023    
Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin bir qrup üzvünün ABŞ prezidenti Cozef Baydenə oktyabrın 2-də göndərdiyi qərəzli məktubu sərt şəkildə qınayıb.

İcmadan Ordu.az-a verilən məlumata görə, məktub mahiyyətcə yanlışdır, zərərlidir və etnik azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyi bariz şəkildə göstərir.

Qeyd olunub ki, Qarabağın erməni sakinlərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiyasına qarşı çıxan və regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri imiş:

"ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən mənfur 907-ci maddənin tətbiqinin bərpa edilməsi və əlavə sanksiyalar barədə konqresmenlərin çağırışı ədalətsiz və qeyri-dost addımdır. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş, 30 mindən artıq sakini öldürülmüş, minə yaxın şəhər və kəndi dağıdılmış Azərbaycana qarşı bu mənfi addımlara çağırmaqla, konqresmenlər faktiki olaraq, Ermənistanın sözügedən cinayətlərinə şərik olurlar.

Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli qətliamlarında və Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqda iştiraklarına dair ciddi əsaslar olan separatçıları müdafiə etmək ABŞ konqresmenlərinə şərəf gətirmir.

Nəhayət, vurğulamaq istərdik ki, ABŞ konqresmenləri bir dəfə də olsun Ermənistandan 300 minə yaxın azərbaycanlının qovulması faktına münasibət bildirməyiblər. Bu məsələyə dair ABŞ Konqresinin Tom Lantos adına insan hüquqları komissiyasına göndərdiyimiz müraciət cavabsız qalıb.

Biz konqresmenləri etnik və dini əsaslı ayrı-seçkilik və qərəzli yanaşmalarına son verməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, onun etnik müxtəliflik və birgəyaşayışa əsaslanan reinteqrasiya tədbirlərinə dəstək verməyə, Ermənistanın törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibət bildirməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dəstək verməyə çağırırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İcma   ABŞ  


Bizi "telegram"da izləyin