Müharibə zamanı insanlığa xidmət etmək: hərb meydanında davranmağın Azərbaycan nümunəsi (ANALİZ)

2023/09/650ca-1695331618.jpg
Oxunub: 12268     19:19     02 Oktyabr 2023    
Müasir dünya ordularının gücü və qüvvəti təkcə onların maddi-texniki təchizat və təminatı ilə deyil, həm də hərbi qulluqçuların savadı, peşəkarlıq qabiliyyəti və hərbi əməliyyatların aparılmasında dəqiqlik əmsalı ilə ölçülür.

Hərbi əməliyyat zonasında olan ordu bölmələrinin döyüş fəaliyyəti zamanı mülki obyektlərə zərər vurulmaması, dinc sakinlərin təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Əməliyyat dövründə mülki obyektlərə atəş açmaqdan yayınmaq, silahlı münaqişədə iştirak etməyən adamların hədəfə alınmaması hərbiçilər qarşısında qoyulan əsas vəzifə olsa da, indiyədək qeydə alınan faktlara əsasən deyə bilərik ki, peşəkarlığı ilə öyünən orduların “aktivində” yetərincə dinc insanın öldürülməsi, mülki əhaliyə qarşı cinayət əməllərinə yol verilməsi, sadə insanların əmlakına hərbi qənimət kimi yanaşmalar var.

Təkcə ötən əsrin 60-cı illərində Amerika Birləşmiş Ştatlarının Vyetnamda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yarıdan çoxu dinc əhali olmaqla 3 milyondan artıq adam öldürülüb. Bu rəqəmin 58 min nəfəri ABŞ ordusunun itkilərinə aiddir. Münaqişənin 8 ili ərzində 3 milyon insan yaralanmış, 12 milyon insan məcburi köçkün düşüb.

1968-ci ilin mart ayında ABŞ əsgərlərinin May Layi kəndində 400 silahsız dinc sakini qətlə yetirməsi də daxil olmaqla, zorakılıq hallarının çoxalması müşahidə olunurdu.

Amerikalıların müharibə apardığı İraq və Suriyada da oxşar əməllərin sayı olduqca çoxdur.

Dünyanın ən güclü ordusu adı uğrunda birincilik iddiasında olan Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tərəfindən son 20 ildə Əfqanstan, İraq və Suriyada həyata keçirilən hərbi əməliyatlarda minlərlə dinc adam qəsdən qətlə yetirilib və ya əməliyyat zonasında müharibənin güdazına gedib. Hətta sözügedən ölkələrdə döyüş missiyasının icrası zamanı hərbi hədəfin məhv edilməsi naminə oradakı mülki şəxslərin təhlükəsizliyi nəzərə alınmayıb, bir silahlı rəqibin sıradan çıxarılması üçün xeyli sayda dinc şəxsin ölümünə qərar verilib.

Ən güclü ordu adına iddialı olan ordualardan biri də- Rusiya Silahlı Qüvvələri təkcə 1994-96-cı ildə baş vermiş Birinci Çeçenistan müharibəsi zamanı 50 min nəfərdən çox dinc çeçenin ölümünə səbəb oldu. İkinci Çeçen-Rus müharibəsi zamanı isə təxminən yarıdan çoxu dinc sakin olmaqla 25 min nəfər həyatını itirdi.

Bugünkü dünyanın inkişaf eləmiş ölkələri sırasında dayanan İtaliyanın ötən əsrin əvvəllərinə Liviyada həyata keçirdiyi qətliamlar indi də dünya hərb tarxində ən böyük müzakirə predmetlərindən biridir. Həmin dövrdə rəsmi Roma silahsız insanlara qarşı kimyəvi silahdan istifadə etməkdən tutmuş, talan, qarət, deportasiya, qadın və uşaqların güllələnməmişdən əvvəl zorlanmasına qədər saysız-hesabsız amansız cinayət törədib.

İkinci Dünya Müharibəsi zamanı da, istər Faşist Almaniyası, istər Sovet ordusu, istərsə də müttəfiq qoşunlar tərəfindən Avropanın bir çox ölkəsində mülki əhaliyə qarşı hərbi cinayətlər törədilib. Həmin dövrdə Yaponiya İmperatorluğunun da Şərq ölkələrindən bir neçəsində oxşar cinayətlərə imza atması, üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də müzakirə edilir, öyrənilir, həmin cinayətlərin nəticələri hazırda da dövlətlərarası münasibətlərdə mənfi rol oynayır.

Bu kimi vəhşiliklərin oxşarı, bəlkə də daha ağır forması Fransa tərəfindən dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilib. Əlcəzair, Misir, Efiopiya və digər ölkələrdə fransız ordusu tərəfindən bəşəriyyəti sarsıdan müharibə cinayətləri törədilib.

Təkcə Əlcəzairdə 1, 5 milyon insan fransızlar tərəfindən dəhşətli işgəncələrə məruz qalıb, amansızcasına qətlə yetirilib. Bu gün də bu ölkə ərazisində Fransa tərəfindən basdırılmış 5 milyondan çox mina təhlükə mənbəyi olaraq qalır.

Siyahını daha da genişləndirmək olar. Amma məqsədimiz son 30 illik müddət ərzində Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası və bunun nəticəsində iki ölkə arasında baş verən müharibədə mülki əhaliyə münasibəti xarakterizə etmək, tərəflərin insanlara qarşı davranışının dünya orduları ilə müqayisəsini aparmaqdır.

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ermənilər nəinki 250 mindən çox azərbaycanlını indiki Ermənistan ərazisi olan dədə-baba torpaqlarından deportasiya etdi... Həmin dövrdə xeyli sayda Azərbaycan türkü erməni millətçiləri tərəfindən öldürüldü, işgəncələrə məruz qaldı, amansızcasına qətlə yetirildi.

Bu tendensiya Qarabağın işğalı zamanı Ermənistan ordusu və separatçı silahlı-quldur dəstələri tərəfindən də davam etdirildi. Ermənilər yaşayış məntəqələrini qarət və talan edir, dinc sakinlərini öldürür, əsir və girov götürülən vətəndaşları dəhşətli işgəncələrə məruz qoyur, vəhşicəsinə qətlə yetirirdilər.

İşğal altındakı Azərbaycan topraqlarında dislokasiya olunan Ermənistan ordusunun bölmələri atəşkəs haqda 27 illik razılşamya rəğmən, cəbhədə təxribatları intensivləşdirir, mülki əhalinin təhlükəsizliyini təhdid edirdi. Buna görə də, işğal altındakı torpaqların azad edilməsi üçün 2020-ci ilin sentyabr ayının 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri müharibə boyunca mülki hədəflərin vurulmaması, Qarabağ ərazisinə köçürülmüş mülki ermənilərin həyatına təhlükə törətməmək üçün artilleriya qurğularından və zirehli texnikalardan atışları ən yüksək dəqiqliklə icra edirdi.

Məhz bunun sayəsində, 44 günlük müharibə ərzində işğal altındakı Azərbaycan torpaqlarında yerləşən şəhər və kəndlərdə məcburi şəkildə məskunlaşdırılmış erməni ailələri arasında sadə ermənilərin ölümü qeydə alınmadı. Azərbaycan hərbçiləri ən müasir atəş vasitələrindən istifadə etməklə yalnız legitim hərbi hədəflərin məhv edilməsinə nail olur, hətta mülki obyeklərdə daldalanan, gizlənən Ermənistan ordusunun hərbçilərini yüksək peşəkarlıqla zərərsziləşdirir, erməni silahlıları tərəfindən istehkama çevirilən mülki təyinatlı obyektlərdə qalmış silahsız erməni vətəndaşların ölmək ehtimalını sıfıra bərabərləşdirirdi.

Qarabağ İqtisadi Rayonunda Ermənistan ordsunun qalıqlarının, həmçinin separatçı silahlı dəstələrin zərərsizləşdirilməsi məqsədi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin yerinə yetirilməsi zamanı da Azərbaycan Silahlı Qüvvələri tərəfindən nümayiş etdirilən peşəkarlıq, mülki adamların həyatına təhlükə törətməmək üçün yerinə yetirilən dəqiq taktiki fəaliyyət bu gün bütün dünyanın diqqət mərkəzindədir.

Böyük dövlətlərin ən müasir texniki təchizata malik olan güclü ordularının indiyədək həyata keçirdiyi hərbi əməliyyatlardan sonra əməiyyat zonasında xeyli sayda dinc, silahsız insan faciəsi bəşəriyyətin humanist təbəqələrində sarsıntı formalaşdırıb.

Hətta ən yaxın keçmişdə Avropanın mərkəzində Kosovo, Serbiya, Bosniya və Herseqovina, keçmiş Yuqoslaviya kimi ölkələrdə baş vermiş silahlı münaqişələr də mülki insanlara qarşı törədilmiş hərbi cinayətlərdən xali olmayıb. Təkcə Bosniya müharibəsində üç il ərzində 320 mindən çox insan həyatını itirib ki, bunun da çoxu silahsız dinc insanlar olub.

Bütün bunların fonunda isə müstəqil dövlət kimi yenicə formalaşan, qısa müddətdə mükəmməl ordu quruculuğuna nail olan Azərbaycanın 44 günlük Vətən Müharibəsində icra etdiyi strategiya, hərbi-taktiki fəaliyyət, döyüş missiyasının yerinə yetirilməsi zamanı beynəlxalq hüquqa ehtiram, humanitar konvensiyalardan irəli gələn tələblərin yerinə yetirilməsi, mülki hədəflərə münasibətdə əsl hərbçi davranışı bütün dünyada müzakirə mövzusuna çevirildi.

2023-cü ilin sentyabr ayının 19-da başlayb 23 saat 48 dəqiqə çəkən lokal xarakterli antiterror tədbirləri zamanı bölgədə hərbi gərginlikdən narahatlıq ifadə edən dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən insanlığa qarşı yönəlmiş bir dənə də olsa fakt tapa bilmədilər ki, rəsmi Bakını ən azından, humanitar məsələlər səbəbi ilə qınaq atəşinə tuta bilsinlər.

Azərbaycan Silahlı Qüvvələri istər İkinci Qarabağ Müharibəsi, istərsə də lokal xarakterli antiterror tədbirləri zamanı ermənilər tərəfindən dəfələrlə terror əməli ilə üzləşsələr də, bunun müqabilində qisasçılıq hərkətlərinə yol vermədi, əsl hərbçi soyuqqanlılığı ilə qarşıya qoyulan döyüş tapşırığının mükəmməl şəkildə yerinə yetirilməsinə fokuslandı.

Söz yox ki, son üç ildə dünya hərb tarixində hamını təəccübləndirəcək şəkildə fəaliyyət sərgiləyən Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı mülki insanlara münasibətdə, müharibənin diktə etdiyi şəraitə rəğmən humanist davranışlara görə bu gün dünyanın ən etibarlı ordu sistemlərini bir addım geridə qoydu.

Sirr deyil ki, Qarabağ müharibəsinin ikinci fazasında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən döyüşlərin təşkili, əməliyyatların icrasında istifadə edilmiş taktiki üsullar, strateji hədəflərə çatma bacarığı, döyüşün planlaşdırılması və idarə edilməsi metodları, müharibə zamanı hərbi birləşmələrin koordinasiyası, qoşunların qarşılıqlı fəaliyyəti və döyüş meydanında hərbi qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, nəticə etibarilə hərbi ənənələrə hörmət, döyüşçü ləyaqətinin üstün tutulması, müharibə cinayətlərinə yol vermədən məqsədə çatmaq məşhur elmi-hərbi mərkəzlərin diqqətini xüsusilə cəlb etdi. Bununla yanaşı, əməliyyat zonalarında mülki hədəflərə atəş açmamaq, döyüş meydanında qalmış silahsız şəxslərə və yaralı hərbçilərə humansit yanaşma, onların təhlükəsiz təxliyyəsi, ehtiyac duyulan tibbi və mənəvi yardımın göstərilməsi və s. istiqamətlərdə qayğı ilə əhatə etmə, eləcə də başqa bu kimi əməllərə imza atan Azərbaycan hərbçiləri dünyanı heyran qoydu.

Dünyaya demokratiya və humanizm dərsi keçməyə çalışan çox ölkə müharibə və münaqişə zamanı necə davranmalı olduqları barədə Azərbaycandan dərs almağın vacibliyinin fərqinə vardılar.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Dinc-sakinlər  


Bizi "telegram"da izləyin