Onlar Davit Azat Manukyan və Lyova Henrik Mnatsakanyandır. Ermənistan ordusunun generalı olan bu iki şəxs artıq Bakıya gətirilib və barələrində həbs-qətimkan tədbiri seçilib. Və şübhəsiz ki, həbs edilənlərin siyahısı bir-birini əvəzləyəcək…
İşğaldan azad edilən Azərbaycan torpaqlarında mərkəzi hakimiyyətin işinin bərpası, erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmin olunmasına ölkə rəhbərliyinin təminat verməsi, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin sosial-məişət qayğılarının digər vətəndaşlarla bərabərhüquqlu şəkildə qarşılanması vəd edildikdən və müəyyən miqyasda amnistiya elan oluna biləcəyinə dair xəbərlər yayıldıqdan sonra ortaya xeyli suallar çıxmağa başladı. Bunlardan biri və bəlkə də birincisi axtarışa verilmiş ermənilərin əfv edilib-edilməyəcəyi ilə bağlı yaranan sualdır.
Təbii ki, bu illər ərzində Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilmiş çoxsaylı cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və indiyədək istintaq aparılır. Bəs Azərbaycan axtarışa vediyi şəxslərdən kimlərəsə amnistiya tətbiq edə bilərmi?
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ehtiram əlaməti olaraq, həmçinin ölkə qanunlarının insan haqlarına və humanitar prinsiplərə söykəndiyini əsas gətirərək, cinayət əməlinə görə axtarışda olan ermənilərdən kimlərinsə əfv edilə biləcəyi ehtimalını irəli sürmək olar, amma bu, istənilən halda, azərbaycanlı əsirlərə, girov götürülmüş şəxslərə və dinc əhaliyə qarşı törədlimiş əməllərdə şübhəli bilinənlərə şamil edilməyəcək.
Bu şəxslər arasında Seyran Ohanyan, rus zabiti Yevgeni Labovçix, Zori Balayan, Arkadi Qukasyan, İrəvandan gəlmiş, adları istintaqa məlum olan və olmayan erməni generalları, Karo Petrosyan, Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan, Karlen Aqasenyan, Karen Babayan və Manvel Sayan, Arkadi Qukasyan və başqalarının adları var.
Son 30 il ərzində baş verən Qarabağ münaqişəsi təkcə müharibə kimi ağırlığı ilə deyil, həm də ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayət hadisələri ilə tarixə düşüb.
1988-ci ildən 2022-ci ilə qədər ermənilər tərəfindən girov və ya əsir götürülmüş, hansısa səbəbdən ermənilərin nəzarəti altında olan əraziyə keçmiş, yaxud azaraq Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə adlamış Azərbaycan vətəndaşları saxlanıldıqdan sonra dəhşətli işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş, naməlum şəraitdə basdırılıblar.
Bütün bu illər ərzində azərbaycanlılara qarşı amansızlıqları ilə seçilən yüzlərlə erməni cinayətkar Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilsə də, dünya ölkələri həmin şəxslərin saxlanılıb məhkəmə qarşısına çıxarılmasını təmin etməyib.
2020-ci ilin sentyabr ayının 27-də başlanan müharibə noyabrın 10-da başa çatana qədər Azərbaycan Ordusuna qarşı vuruşan, Birinci Qarabağ müharibəsinin də iştirakçısı olmuş bir neçə erməni ələ keçdi. Onlar barəsində aparılan araşdırmadan sonra məlum oldu ki, həmin ermənilər Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə işgəncələr verib, neçə-neçə günahsız insanın qətlində iştirak ediblər.
Axtarışa verilənlərdən ikisi- əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramayisoviç idi. Hansı ki, Azərbaycan hərbçiləri onları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında saxladıqdan sonra şəxsiyyətləri dəqiqləşdirilib və cinayətkar olduqları üzə çıxıb.
Öz humanistliyi ilə seçilən, həmişə ədalətin və insansevərliyin tərəfdarı olan Azərbaycan xalqı, ölkənin idarəetmə orqanları, son 28 ilə yaxın müddətdəki dövlət rəhbəri Heydər Əliyev və onun siyasi varisi İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə xor baxanları, onun vətəndaşlarına qarşı cinayət törədənləri, ölkənin konstitusyon quruluşuna təhlükə törədənləri heç vaxt bağışlamayıb, bundan sonra da bağışlamayacaq.
İşğalçı Ermənistan ordusunun Qarabağa dislokasiya edilmiş bölmələrinin sıravi hərbi hərbi qulluqçuları da öz komandirləri kimi Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərin iştirakçısı olub, onların əksəriyyəti Azərbaycanın dövlət orqanlarının çağırışlarına rəğmən, lokal xarakterli antiterror tədbirlərinin icrası zamanı müqavimət göstərməyə çalışıblar. Məhz buna görə də, onların Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, cinayət məsuliyyəti daşıdığı məlumdur.
Azərbaycan Respublikasının dövlət orqanlarının çağırışlarına uyğun olaraq, silahı yerə qoyub postunu təhvil vermiş erməni hərbçilərin aqibəti cinayət əməllərində xüsusilə fərqlənənlərlə müqayisədə yəqin ki, daha humanist ölçülər əsasında müəyyən ediləcək.
Hazırda Ermənistana axın edən mülki ermənilər arasında vaxtilə Birinci Qarabağ Müharibəsində döyüşmüş, işğalda, azərbaycanlılara qarşı törədilmiş cinayətlərdə iştirak etmiş şəxslərin olduğu danılmazdır. Təbii ki, həmin ermənilərin adı Azərbaycan istintaq orqanlarına məlumdursa, onların qanun qarşısında cavab vermələrinin təmin olunması üçün lazımi tədbirlər görüləcək.
Məlumdur ki, 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycan ərazisində olan bir çox cinayətkar erməni döyüşlərin nəticələrinə əsasən həbs olunma təhlükəsindən yayınmaqdan ötrü Ermənistana və ya xarici ölkələrə qaçıb.
Hazırda Ermənistanda və xarici dövlətlərdə olan cinayətkar ermənilərin beynəlxalq axtarışının davam etdiriləcəyi şübhəsizdir. Çünki Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Zori Balayan, Manvel Yeğiazaryan, Bako Saakyan, Yuri Xaçaturyan, Vitali Balasanyan, Samvel Babayan, Aram Torqomyanın (44 günlük müharibədə ağır yaralanıb) ədalət məhkəməsinə çıxarılması hələ ki təmin edilməyib.
Eyni zamanda, 44 günlük Vətən Müharibəsi zamanı Gəncə, Tərtər və Bərdə şəhərlərinin, eləcə də dinc əhalinin yaşadığı digər yaşayış məntəqələrinin atəşə tutulmasına göstəriş vermiş Arayik Harutyunyan və onun silahdaşları hələ ki, məsuliyyətdən yaxa qurtarmağı bacarıb.
Azərbaycana qarşı törədilmiş dəhşətli cinayət əməllərində əli olanlardan bir neçəsi artıq həyatda yoxdur. Xocalı və digər şəhər və kəndlərdə əsir və girov götürülmüş azərbaycanlılara qarşı törədilmiş cinayət əməllərində iştirak etmiş ASALA terror təşkilatının liderlərindən biri Monte Melkonyan 1993-cü ilin yayında Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. Xocalı qatillərindən sayılan Vazqen Sarkisyan 1999-cu ilin oktyabrında Ermənistan parlamentinə hücum zamanı öldürülüb. Daha bir qatil isə, erməni general Arkadi Tadevosyan 2021-ci ilin martında ölüb. Əsir və girovlara qarşı amansızlığı ilə tanınan Seyran Saroyan da xəstəlikdən ölüb. Öz xalqının yaddaşında “Tuşonka satan” kimi qalan Manvel Qriqoryan da Azərbaycan Ordusunun Zəfərindən 9 gün sonra canını tapşırmalı olub.
Hər halda, azərbaycanlılara qarşı öz nifrəti ilə erməni xalqının “rəğbətini” qazanan bir qrup hərbçi və siyasi sima nəinki Azərbaycan qanunvericiliyi qarşısında, İlahi ədalət önündə də boynunu bükməlidir mütləq… Yəqin ki, həbs növbəsi Vitali Balasanyana, həmçinin digər qatillərə, cinayətkarlara da çatacaq.
Onları bu məzlumluqdan ancaq ölüm qurtara bilər… Hara gedirlərsə, getsinlər… Hara qaçırlarsa, qaçsınlar… Onlar Azərbaycan qanunvericiliyi ilə cavab verməkdən yaxa qurtara bilsələr də, dünya qarşısında mənən ucuz ölümdən qurtula bilmədilər…. Bilməyəcəklər də… Qarabağın hər guşəsində bu gün dalğalanan Azərbaycan bayrağının kölgəsi öz xalqını uçuruma yuvarlayan erməni liderlər üçün İlahi ədalətin ən böyük cəzasıdır…
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az