Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilən modernləşdirilmiş Naxçıvan Bərpa-istehsalat hərbi kompleksi ilə iki ölkə arasındakı müdafiə sənayesi əməkdaşlığı nümunələrinə yenisi əlavə olundu.
Məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə “Askeri Fabrika ve Tersane İşletme Anonim Şirketi” (ASFAT) arasında imzalanmış müqavilə çərçivəsində başladılan Naxçıvan Hərbi Zavodunun Avadanlıqları Layihəsi 7 ay kimi qısa müddətdə uğurla başa çatdırılıb.
Modernləşdirilmiş obyekt ilə Azərbaycan Ordusuna məxsus quru platformalarının texniki baxış-təmir, yenilənmə və modernizasiya ehtiyacları xaricdən asılı olmadan zavod daxilində qarşılana bilər. ASFAT-ın dost və qardaş ölkələrlə əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan layihə ilə Türkiyə hərbi fabriklərinin 50 ildən artıq bilik və təcrübəsi Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə ötürüldü.
Layihə çərçivəsində ASFAT tərəfindən Naxçıvan Muxtar Respublikasında texniki baxış obyektində zəruri yoxlamalar aparılıb və tələblər müəyyən edilib. Fəaliyyətlərin davamlı olması üçün zəruri olan bölmələr üzrə planlaşdırma, texnika, dəzgah və digər avadanlıq tələbləri Naxçıvan Ordu Komandanlığına təqdim edilib və müqavilə çərçivəsində layihənin icrasına başlanılıb.
Layihənin məqsədi ilk növbədə obyektin infrastrukturunun ehtiyaclara cavab verməsi idi. Bu çərçivədə elektrik infrastrukturu, xüsusi mərtəbə tikintisi, istilik sistemi, kran sisteminin quraşdırılması, müxtəlif sexlərin quraşdırılması kimi məsələlər planlaşdırılıb və qısa müddətdə başa çatdırılıb.
Bu fəaliyyətlərlə eyni vaxtda Türkiyə hərbi fabriklərində istehsal oluna bilən və quru platformalarının texniki-təmiri, yenilənməsi və modernləşdirilməsi fəaliyyətlərində istifadə olunan maşın, avadanlıq, dəzgah və güc qrupu sınaq sistemləri də ASFAT tərəfindən layihə çərçivəsində Naxçıvan Hərbi Zavoduna təhvil verilib. Avadanlıqların böyük hissəsi yerli və milli imkanlarla hərbi zavodlarda istehsal olunub.
Qısa müddətdə və az xərclə həyata keçirilən layihə Azərbaycanın digər hərbi zavodlarının və texniki-təmir müəssisələrinin də modernləşdirilməsini gündəmə gətirib. Digər obyektlər üçün ilkin tədqiqatlar ASFAT tərəfindən Azərbaycan Müdafiə Nazirliyi ilə razılaşdırılaraq aparılır.
ASFAT tərəfindən digər dost və müttəfiq ölkələrdə də orduların fəaliyyətində davamlılığın təmin edilməsi baxımından ən mühüm elementlərdən biri olan hərbi zavod və texniki-təmir obyektləri üçün oxşar modernləşdirmə layihələrinin yaxın gələcəkdə həyata keçirilməsi üzrə fəaliyyətlər davam etdirilir.
Dəyanət Ağalarlı
Ordu.az