ABŞ nümayəndə heyətinin İrəvana təcili səfəri Zəngəzur dəhlizi ilə bağlıdır?

2023/09/60-90-1695733171.jpg
Oxunub: 18947     17:33     26 Sentyabr 2023    
Sentyabrın 25-də ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Yuri Kim və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer İrəvana gəliblər. Amerikanın yüksək rütbəli rəsmilərinin Ermənistana səfəri əvvəlcədən elan olunmayıb və çox güman ki, bu, təcili səfərdir.

Lakin artıq bu təcili səfərin təkcə Ermənistana deyil, o cümlədən Bakıya da ediləcəyi məlum oldu. Burada əsas sual ABŞ-nin yüksək rütbəli nümayəndə heyətinin səfərinin Ermənistanın həyata keçirdiyi siyasətə praktiki baxımdan hansı təsirinin olacağıdır.

ABŞ nümayəndə heyətinin Ermənistan səfəri İlham Əliyevin dəvəti ilə Türkiyə prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri ilə “birləşir”. Ərdoğanın Naxçıvana səfəri zamanı “İğdır-Naxçıvan” qaz boru kəmərinin təməlqoymasında və modernləşdirilmiş hərbi hissənin açılışında iştirak etməsi, o cümlədən bölgəyə dair xüsusi açıqlamalar verməsi bütün qonşu ölkələr tərəfindən diqqətlə izlənilirdi. Ərdoğanın səfəri uzun müddət Zəngəzur dəhlizinə qarşı radikal mövqeyi ilə seçilən İrana qarşı da xüsusi qeydləri ilə seçilirdi.

Bir çox ekspertlərin fikrinin əksinə olaraq, Ərdoğan bir gün sonra verdiyi açıqlamada, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacağı təqdirdə, dəhlizin İrandan keçə biləcəyini ifadə etdi: "İran hazırda bu məsələyə müsbət yanaşır. Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "iki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik".

Lakin problemi çətinləşdirən və təhdidləri daha da ağırlaşdıran, ittihamlar toplayan bir sıra təbəqələr mövcuddur. Qərb üçün “dəhliz” həm də Şərq-Qərb yol kommunikasiyaları şəbəkəsinin mühüm hissəsi və eyni zamanda, Rusiya-İran əməkdaşlığının ayırıcı səddi kimi önəmlidir. Məhz, İranın bu məsələdə narahatlığını nəzərə alan Türkiyə yuxarıdakı bəyanatı verməklə, ziddiyyətlərə və qorxulara son qoyur. Ermənistan isə bütövlükdə yenidən iki ziddiyyətli layihə arasında görünür: ya dəhliz veriləcək, bundan ciddi iqtisadi fayda əldə olunacaq, ya da digər regional layihələrdə olduğu kimi, bu layihə də başqa dövlətin iştirakı ilə həyata keçiriləcək. Böyük ehtimalla, ABŞ nümayəndə heyətinin təcili səfəri qeyd olunan seçimlərin həyata keçirilməsinə ünvanlanıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin