Ərdoğanın Naxçıvan Səfəri: Yeni Perspektivlər, Yeni Proseslər Astanasındayıq (ANALİZ)

2023/09/1695722103.jpg
Oxunub: 17278     15:25     26 Sentyabr 2023    
Qarabağ İqtisadi rayonunda baş verən proseslərin fonunda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri söz yox ki, bölgədə yeni proseslərin başlanmasından və ya başlayacağından xəbər verir.

Qərbdəki bəzi dairələrin təpkisinə rəğmən, Zəngəzur dəhlizinin açılması üçün diplomatik fəaliyyətini davam etdirən siyasi mərkəzlər bu məsələdə Türkiyənin mühüm rol oynadığını qəbul edir, bəzi məqamlarda hətta rəsmi Ankara ilə həmrəy olduqlarını gizlətmirlər.

İndi dünyanın bir çox təhlil mərkəzlərini, siyasi şərhçiləri düşündürən suallardan biri də Zəngəzur dəhlizinin açılmasının Türkiyəyə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin fonunda başqa nəyə gərək olmasıdır?

Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən öz ərazi bütövlüyünü və ölkənin konstitusion quruluşunu təmin etməklə başa çatdırılması regionda yeni mühit və imkanların açılmasına rəvac verib.

Bu həm də Zəngəzur dəhlizinin açılması üçün münbit şəraitin yaranmasını tezləşdirə bilər.

Danılmaz faktdır ki, Türkiyə regionda sabitliyin və sülhün bərqərar olmasına çalışan tərəf kimi, həm də iqtisadi baxımdan yetərincə inkişaf etmiş dövlətdir. Bununla yanaşı, bu ölkə Avropaya çıxış üçün qonşu dövlətlərdən ötrü çox yaxşı tərəfdaş rolunu oynaya bilər.

Bu səbəbdən də, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyənin quru əlaqələrinin yaranması kimi qiymətləndirilməməlidir. Sözügedən dəhlizin açılması həm də region dövlətləri arasında etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə xidmət göstərəcək, qarşılıqlı ticarət imkanlarının inkişafına müsbət təsir edəcək. Bütün bunlar isə qonşu xalqlar arasında mədəni və dostluq əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcək, bu bölgədəki gərginliyin aradan qaldırılmasını təmin edəcək.

Hazırda siyasi böhran təhlükəsi ilə üzləşən Ermənistanda inidiki hakimiyyət Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin əldə edilməsini Ermənistanın təhlükəsizliyini sual altından çıxara biləcək yeganə vasitə olduğunu dəfələrlə bəyan edib. Daxili və xarici təzyiqlərlə demək olar ki, tamamilə təkbaşına mübarizə aparan Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu ifadə etməklə həm də Türkiyə ilə münasibətlərinin normallaşmasında marağını ortaya qoyur.

Rəsmi İrəvan çox gözəl anlayır ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi Ermənistan-Türkiyə münasibətlərinin də inkişafında mühüm rol oynayacaq və Ermənistan bölgədəki müxtəlif iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək. Bütün bunlar isə uzun illərdir bölgədəki nəhəng iqtisadi platformlardan kənarda qalan rəsmi İrəvanın aparıcı layihələrə qoşulmasını, yaxud yeni ticari platformaların qurulmasını asanlaşdıra bilər.

Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri bəzi dairələr tərəfindən İrana və ya Ermənistana mesaj kimi dəyərləndirilir. İlk baxışda bu belə təsir bağışlayır. Bu yanaşmanın həqiqətə oxşarlıq payı olsa da, düşünmək olar ki, Türkiyə lideri Naxçıvana gəlməklə, Azərbaycan, Türkiyə, İran və Ermənistan münasibətlərinə yeni baxış imkanlarını, regionun sabitlik və əmin-amanlığını müzəkirə etmək üçün yeni məkanın mövcudluğu mesajını verdi.

Rəcəb Tayyib Ərdoğanın bu səfərini hazırda müzakirə və mübahisə predmeti olan Zəngəzur dəhlizinin ətrafındakı müzakirələrin daha xaricdə deyil, elə Naxçıvanda aparılmasının mümkünlüyünə işarə kimi də qəbul etmək olar.

Türkiyənin dünyadakı preoseslərə reaksiyasını, hadisələrdə daha çox neytral olmaqla daha çox vasitəçi kimi çıxış etdiyini və onun hərbi, iqtisadi gücünü nəzərə alsaq, bu qənaətə gələ bilərik ki, rəsmi Ankara İranın öz ətrafında mövcud olan gərginliklərin azaldılmasında müəyyən töhfə verə bilər.

Türkiyə Ermənistanın da Avropaya çıxışı və Qərblə siyasi əlaqələrinin genişləndirilməsində və inkişafında da yaxşı tərəfdaş ola bilər.

Digər tərəfdən, Ankara hazırda gərgin müstəviyə daşınmış Moskva-İrəvan əlaqələrinin sabitləşməsində də müstəsna rol oynamaq imkanlarına malikdir. İstər iqtisadi baxımdan inkişaf etmiş qonşu, istərsə də NATO ölkəsi kimi geniş imkanlara malik Türkiyənin Ermənistan üçün ancaq və ancaq səmərəsi ola bilər.

Söz yox ki, Ermənistanın indiki siyasi elitası bütün bu sadalananları öz ölkəsinin xeyrinə dəyərləndirməyə çalışır, Qarabağ məsələsinin həmişəlik olaraq həllinin tezləşdirilməsini arzulayır və bunu fonunda ona yönələn daxili və xarici təzyiqlərdən, revanşizmə meylli qüvvələrin təpkilərindən yayınmaq üçün taktiki gedişlər edir.

Zəngəzur dəhlizinin açılması Ermənistanın Orta Asiya və digər Şərq ölkələri ilə əlaqələrinin inkişafına da müsbət təsir göstərəcəyini söyləmək heç də çətin deyil. Əgər rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərini sülh və dostluq müstəvisinə çıxara bilsə, bu, həm də Türkiyə və Azərbaycan ilə çox yüksək əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə malik ölkələrlə Ermənistanın iqtisadi münasibətlərinin yaxşılaşmasına müsbət təsir göstərəcək.

İndi İrəvanda anlayırlar ki, 30 illik müharibə şəraitində yaşamaq Azərbaycan və erməni xalqlarının iqtisadi, sosial və mədəni həyatına fəsadları aradan çox gec qalxacaq zərbələr vurub.

İnkişaf etməkdə olan dünyaya qoşulmaq üçün ən birincisi müharibədən yaxa qurtarmaq, qonşu dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirməyin gərəkliliyi İrəvanda çox az qisim tərəfindən qəbul edilib və onlar bu istiqamətdə irəliləməyin vacibliyini cəmiyyətə aşılamağa çalışır.

Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafının əsas şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması və onun xalqlar arsında etimad bağına çevrilməsidir.

Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin bir tərəfindəki başlanğıc yeri sayılan Naxçıvana səfəri, yuxarıda qeyd etdiyimiz kimi, bu dəhlizin siyasi, iqtisadi, hərbi, strateji tərəflərində maraqlı olan İran və Ermənistan üçün bir növ çağırış idi.

Hərçənd, hazırda çox ciddi siyasi gərginliyə tuş gələn rəsmi İrəvanın ümdə vəzifəsi daxili prosesləri nizama salmaq, eyni zamanda Azərbaycanla sülh sazişinə hazırlıqla məşğul olmaq, Ermənistanın gələcəyini müəyyənləşdirən proseslərdə ləngiməməkdir.

Söz yox ki, Paşinyan hakimiyyəti Ermənistandaxili prosesləri nizama sala bilsə, sülh sazişinin imzalanmasından sonra Azərbaycan və Türkiyənin köməyindən istifadə etməklə ölkəni mövcud problemlərdən inkişafa doğru istiqamətləndirə biləcək.

Naxçıvanda səfərdə olan Türkiyə prezidenti “Təəssüf ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonrakı üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi haqlı narahatlıqlarına lazımi cavabı tapa bilmədi” deməklə Ermənistanın daxilində regionda sülhü və sabitliyi hədəfləyən qüvvələrə dolayısı ilə işarə edib ki, proseslər erməni xalqının zərərinə işləyir. Hərçənd, Ermənistanın keçmiş və indiki siyasi elitaları bütün enerjisini, bilik və bacarıqlarını müharibədən yayınıb ökənin inkişafına yönəltmiş olsaydı, indi onlar daha gözəl, sosial-iqtisadi baxımdan daha firəvan bir ölkənin vətəndaşı ola bilərdilər, indiki kimi iqtisadi, siyasi, mənəvi böhranın içərisində çabalayan bir dövlətin yox.

Bütün bunlara rəğmən, Ərdoğan “Biz Ermənistandan səmimi addımlar gözləyirik” söyləməklə hələ də gec olmadığını, rəsmi İrəvanın bölgədəki inkişaf perspektivinə qoşula biləcəyinə eyham vurub.

Siyasi lider olaraq, dünyanın ən ali dairələrində ehtiramla qarşılanan Rəcəb Tayyib Ərdoğanın bu çağırışına müsbət cavab vermək Ermənistan üçün son şans sayıla bilər.

İstər Qərb dövlətləri, istər Şərq ölkələri, istərsə də Rusiya ilə müstəsna siyasi, iqtisadi, mədəni əlaqələrə malik olan Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaq Ermənistanın öz xeyrinədir.

Bu sülh və sabitlik İrəvanı bu gün boğulduğu böhranlardan çıxarmaq üçün son şansdır. Görünür, Ərdoğan öz çağırışları ilə bir daha üstüörtülü şəkildə buna eyham vurub.

Hər halda, Türkiyə prezidentinin Naxçıvan səfəri yazının əvvəlində qeyd etdiyimiz kimi, Cənubi Qafqazda və regionda siyasi proeseslərin yeni mərhələyə keçməsinə işarədir.

Nə qədər təzadlı olsa da, bu ərəfədə Rusiyanın müdafiə və xarici işlər nazirlərinin İrana səfərləri ilə Ərdoğanın Naxçıvana gəlişinin arasında çox incə bağlar var. Görünür ki, bu incə bağlar bölgənin inkişafının fonunda böyüyəcək və möhkəmlənəcək.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ərdoğan   Türkiyə   İlham-Əliyev   Azərbaycan   Zəngəzur  


Bizi "telegram"da izləyin