Bu cür dezinformasiyaların yayılacağı gözlənilirdi və sözsüz ki, onların qarşısını almağın yeganə yolu anti-terror tədbirlərinin gedişinə xələl gətirmədən ictimaiyyəti vaxtlı-vaxtında proseslər barədə məlumatlandırmaq idi. Təcrübəyə görə, müharibə şəraitində döyüş əməliyyatları barədə cəmiyyət üçün açıqlanması mümkün olan məlumatlar adətən prosesin ücüncü gününüdən sonra və ya daha gec çatdırılır. Lokal xarakterli tədbirlər zamanı isə ictimaiyyətə ötürülməsi mümkün olan informasiyaların 1 sutkadan əvvəl açıqlanması mümkün olmur.
Çünki burada əsas məqsəd hadisələrin gedişindəki uğurları və ya uğursuzluqları gizlətməkdən ibarət olmur. Bunun ən mühüm cəhəti döyüş əməliyyatlarına və ya xüsusi tədbirlərə cəlb edilmiş şəxsi heyətin təhlükəsizliyini təmin etmək, hər hansı açıqlamanın taktiki-əməliyyat niyyətlərinin bəlli edə bilməsindən yayınmaq və prosesin strateji hədəfini təhlükəyə atmamaqdır.
Qarabağ İqtisadi Rayonunda başladılan lokal xarakterli anti-terror tədbirləri bir sutkadan az müddətdə həyata keçirilsə də, onun gedişi barədə rəsmi qurumlar yalnız ümumi formada məlumat verdilər. Təbii ki, detallı açıqlamalar vermək mümkün deyildi. Sözügedən lokal xarakterli tədbirlərin dayandırılması söz yox ki, dövlət bayrağının qısa müddətdə Xankəndində dalğalanacağını böyük ümid və sevinclə gözləyən Azərbacan cəmiyyətində birmənalı qarşılanmadı.
Bu tədbirlərin sona qədər aparılmasına səsləyənlərlə yanaşı onun məlum formada sonlandırılmasını da dəstəkləyənlər var.
Cəmiyyətin bütün hallarda hiss və duyğuları, istəkləri, ictimai-siyasi, hərbi yanaşmaları təbiidir... Müharibə 30 il ərzində Azərbaycan cəmiyyətinin həyatında saysız-hesabsız ağrılı izlər, dəhşətli xatirələr buraxıb.
On minlərlə Azərbaycan vətəndaşı şəhid olmaqla, yaralanmaqla, ev-eşiyindən köçkün düşüb sosial-iqtisadi qayğıların caynağında çabalamaqla, üzləşdiyi hər cür itkinin gətirdiyi mənəvi-psixoloji çətinliklərin yükü altında müharibə qurbanına çevirilib.
Bu gün həmin insanların təsəlli tapmaq üçün antiterror tədbirlərinin sona qədər aparılmasına çağırışı təbiidir.
Söz yox ki, bütün bu çağırışların kökündə vətəndaş emosionallığı, qisas hissi və qələbənin onlara verəcəyi möhtəşəm duyğulardan güc almaq istəyi dayanır.
Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, onun hüdudlarından içəridə dövlətin konstitusiya quruluşunun bərqərar edilməsi, müharibədən qalib çıxmaq və digər prinsipial məsələlərdə vətəndaş və dövlətin mövqeyi üst-üstə düşsə də, bir neçə amil var ki, məhz bu istiqamətdə dövlət daha ali mövqe nümayiş etdirir, prosesləri vətəndaş nöqteyi-nəzərindən qiymətləndirmir.
Əgər hansısa bir ərazidə dövlətin prinsipial maraqlarının yerinə yetirlməsi üçün silah tətbiq edilirsə, burada əsas məqsəd təkcə məhv edilməli hədəflərin sıradan çıxarılması deyil, həm də beynəlxalq qanunların, humanist prinsiplərin ən üst səviyyədə qorunub yerinə yetirilməsidir. Bununla yanaşı, dövlətin öz maraqlarına siyasi ehtiram göstərməsi də ciddi şərtdir. Yəni hər hansı tədbirin keçirildiyi zaman kəsiyində dövlət orqanları özünün daxili qanunlarına və qoşulduğu konvensiyalara ciddi riayət etdiyini də sərgiləməli olur.
Hələ 2020-ci ildə Vətən müharibəsi başlayana qədər münaqişənin sülh yolu ilə nizamanması prinsipləri ətrafında gedən danışıqlarda, eləcə də bu mövzu ətrafında aparılan müzəkirələrdə Azərbaycan dövləti Qarabağda yaşayan və Azərbaycanın konstitusiyasını və bütün digər qanunlarını, həmiçinin ölkə vətəndaşlığını qəbul etmək istəyən ermənilərin hüquq və azadlıqlarını öz vətəndaşları ilə birgə təmin edəcəyini və qoruyacağını beynəlxalq tribunalardan dəfələrlə ifadə edib.
İstər 44 günlük müharibə zamanı, istərsə də lokal xarakterli antiterror tədbirləri zamanı Ali Baş Komandan İlham Əliyev Azərbaycan hərbiçiləri qarşısında torpaqların işğaldan azad edilməsi tapşırığını qoymaqla yanaşı, prinsipal şəkildə mülki obyektlərin hədəfə alınmaması, silahsız və sıravi vətəndaşlara atəş açılmaması göstərişi vermişdi.
Bu göstərişin əsas prinsipallığı və əhəmiyyəti təkcə beynəlxalq konvensiyaların, humanist çağırışların yerinə yetirilməsinə çalışmaqdan ibarət deyildi. Burada, Azərbaycan dövləti Qarabağın erməni əsilli sakinlərinə və bütün dünyaya isbat elədi ki, Azərbaycan Qarabağda yaşayan dinc əhalini öz vətəndaşı kimi qəbul edir və onun hədəfi sıravi ermənilərin məhv edilməsi və Azərbaycan ərazisindən qovulması deyil...
Müharibə zamanı, həmçinin lokal xarakterli antiterror tədbirləri dövründə mülki erməni sakinlər arasında itki olmaması və müki təyinatlı obyektlərin Azərbaycan Ordusu tərəfindən vurulmaması bunun bariz nümunəsidir.
Bütün bunlara rəğmən, yuxarıda qeyd etdiyimiz kimi, bəzi qruplaşmalar, müəyyən təbəqələr bu amillərə müxtəlif səpkili don geyindirir, faktları daha çox mənəvi-psixoloj manipulyasilarla təhrif edərək Azərbaycan Ordusu tərəfindən əldə edilən uğurlu nəticələri şübhə altına alır, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar.
Müəyyən bir qisim isə hadisələrin qabaqlanmasını istəyir, bütün proseslərin davamlı olaraq silah və ya zor gücü ilə həll olunmasına meylli çağırışlar edirlər.
Bu aspektdən yanaşanlar öz-özlüyündə üç qrupa ayrılır:
- Sadə vətəndaş baxışına malik olub siyasi proseslərin mahiyyətindən xəbərsiz olmaqla hadisələrin tez başa çatmasını istəyənlər;
- Ümumiyyətlə, heç kimi, heç nəyi qəbul etməyib dünyanın onların gördüyü kimi olduğunu düşünənlər və ancaq yol göstərməyi, mühakimə və ya ittiham etməyi “bacaranlar;
- Bir də başqalarının maraqları naminə öz maraqlarını təmin etməyə çalışanlar – Beşinci kolon.
Qarabağ müharibəsinin hazırda de-fakto və de-yure başa çatmaq mərhələsində olduğu bir zamanda, söz yox ki, Azərbaycan və Ermənistanda maraqları olan güc mərkəzləri “genişmiqyaslı” hücumlara başlayacaq. Bu qüvvələrin maraqları ziddiyyət təşkil etdiyi qədər də üst-üstə düşür. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz bölgəsindəki digər münaqişələrin həlli üçün müsbət təsir göstərəcək. Əgər regiondakı sözügedən ölkələr arasında siyasi-iqtisadi münasibətlər müsbət tendensiya üzrə inkişaf eləsə, deməli, hansısa qüvvələr Qafqaz respublikalarına təsir rıçaqlarını itirməyə başlayacaq. Buna görə də, həmin güc mərkəzləri sabitləşmənin fonunda müxtəlif siyasi alətlərin tətbiqi ilə öz maraqlarının reallaşdırılmasına calışacaq. Bu işdə onlar üçün ən yaxşı köməkçi, hədəf ölkələrin vətəndaş cəmiyyətlərindəki yuxarıda göstərdiyimiz üç qəbildən olan sosial təbəqələr olacaq.
İnsanların sadəlöhvlüyü, ifrat patriotik ruh halı, hadisələri qabaqlamaq istəkləri və öz maraqları naminə başqalarının maraqlarını təmin etmək cəhdi beynəlxalq proseslərə təsir imkanına malik mərkəzlər üçün çox yaxşı alətdir.
Bu sırada yerli KİV-ləri, müxalifət düşərgəsində olan partiyaları, hakimiyyətə gəlmədən daha böyük imkanlara sahiblənmək istəyən siyasi və iqtisadi dairələri qeyd etmək olar.
Azərbaycanın müharibədən qalib çıxması, lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdırması Ermənistanı siyasi böhranın astanasına qədər gətirib çıxarıb.
Buna rəğmən, sabit siyasi mühitə və sosial-iqtisadi tarazlığa malik olan Azərbaycanda cəmiyyət “dalğalanmasa da”, dövlətə qarşı açıq siyasi çağırışlar səsləndirilməsə də, sosial şəbəkələr, internet informasiya resursları üzərindən çox da açıq olmayan hücumların həyata keçirildiyini demək olar. Bu hücumlar əsasən, antiterror tədbirlərinin gözdən salınmasına hesablanır, onun strateji əhəmiyyəti kölgədə saxlanılmaqla taktiki mahiyyətini uğursuz kimi qələmə vermək, həlak olan, yaralanan Azərbaycan hərbçilərinin sayını blərəkdən süni şişirtmələrlə təqdim etməklə cəmiyyətdə inamsızlıq yaratmağa xidmət edir.
İnformasiya müharibəsinin müxtəlif alətlərini işə salan, daha konkret desək, dezinformasiya yayma, həssas faktları mənəvi burulğana çevirmə, insanların hissiyatından sui-istifadə kimi halları cəmiyyətdə çaşqınlıq yaratmağa yönəltməyə çalışan qüvvələr ölkədə insanları sosial statusuna, infprmasiyalara yanaşma prinsiplərinə və xəbərlərə necə reaksiya vermək qabiliyyətinə görə müəyyən edir, bütün təbəqlər üzrə aidiyyatı formada “iş qurur”lar.
Bu istiqamətdə daha təhlükəli təbəqə hadisələri qabaqlamağa çalışanlardır. Çünki onlar öz istəklərində haqsız deyil və bəzən cəmiyyətin ən həssas təbəqəsini təşkil edirlər.
Ona görə də, bu qəbildən olan adamlara informasiyaların müəyyən qədər izahlı çatdırılmasın təmin eləmək daha münasibdir. Ona görə də bu gün ölkədə aparılan informasiya siyasəti hərbi əhəmiyyətli xəbərlər istisna olmaqla, çox aydın şəkildə yürüdülür.
P. S. İnformasiya siyasətindən söz düşmüşkən, bir məqamı xüsusilə qabarıq şəkildə ifadə etmək gərəkdir.
Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyü, konstitusiya quruluşunun təmin edilməsi uğrunda canlarını fəda edən Azərbaycan hərbçilərindən geri qalan videomüraciətlərdir.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Azərbaycan övladlarının şəhadətdən öncə əzizlərinə, doğmalarına, dostlarına, döyüş yoldaşlarına ünvanladığı videomüraciətlər Azərbaycanın vətəndaş cəmiyyətinə yönəlmiş informasiya müharibəsini zərərsizləşdirən ən mühüm amillərdən biridir... Şəhidlərin xitabı xalqa qarşı hesablanmış ən ağır təhdidləri ən güclü silah kimi məhv edib sıradan çıxarır...
Hadisələri qabaqlamaq istəyənlər, proseslərin nəticələrini qılınclamağa çalışanlar, igidlərimiz tərəfindən şəhadətdən öncə çəkilən videolara dönə-dönə baxın... Dünyanın ən müasir texologiyaları ilə bizə qarşı planlaşdırılan informasiya müharibələrindən qalib çıxmaq üçün şəhid övladlarımızın çağırışını mütləq dinləmək gərəkdir.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az