Azərbaycan Ermənistanın Qarabağdakı ordusunu tərksilah etmək üçün irəliləyir – I YAZI

2023/09/3965b-1695387612.jpg
Oxunub: 30091     18:59     23 Sentyabr 2023    
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda “qanunsuz birləşmələr”ə qarşı “antiterror” əməliyyatına başladığını elan etdi. Bu addım bölgədə 4 Azərbaycan polisi və 2 mülki vətəndaşın minalara düşməsindən sonra atıldı. Ermənistanın baş naziri Nikol Paşinyan antiteror tədbirlərini pislədi və Rusiya sülhməramlılarını “işlərini yerinə yetirə bilmədiklərinə” görə ittiham etdi.

Son döyüşlər Bakının Qarabağı yenidən Azərbaycana tam inteqrasiya etmək səyləri ilə bağlı gərginliyin artdığı vaxta təsadüf edir. Bu tədbir 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli sazişdə nəzərdə tutulurdu. Tədbirin həyata keçirilməsini asanlaşdırmaq üçün bölgədə Rusiya sülhməramlıları yerləşdirilsə də, onlar prosesi konstruktiv şəkildə idarə etmək üçün o vaxtdan bəri çox az iş görüblər.

Beləliklə, Bakı məsələni öz üzərinə götürməyin zəruriliyini qəbul etməyə başladı. Bundan əvvəl, sentyabrın 9-da Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edən bəyanatlar vermişdilər. İki ölkə həmçinin xarici güclərin nəzarətində olan ərazilərdə - yəni Azərbaycanın Qarabağ bölgəsində və Ukraynanın Krım və Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərində keçirilən “seçkiləri” pisləyib. Qarabağdakı “seçkilər” ABŞ və Avropa İttifaqı tərəfindən pislənsə də, Rusiya tərəfindən rəsmi reaksiya verilmədi. Bakı ilə Moskva arasında artan fikir ayrılığı Rusiyanın Qarabağ bölgəsindəki gərginlikdə vasitəçi olmasının əsas problemlərini əks etdirirdi.

Azərbaycan Ermənistanın Qarabağdakı separatçı rejimi silahlandırmaq üçün Laçın yolundan istifadə etdiyini dəfələtlə sübut edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin fevralında Bakıya səfəri zamanı Azərbaycanın Laçın yolu boyunca sərhəd-buraxılış məntəqəsi qurmaq planlarına kəskin etirazını bildirsə də, Azərbaycan nəhayət, təhlükəsizlik problemləri ilə əlaqədar olaraq 2023-cü ilin aprelində məntəqəni qurdu.

Son hadisələr həm Ermənistan, həm də Rusiya üçün kritik nəticələrə malikdir. Onlar İrəvanın separatçı rejim üçün de-fakto müstəqillik əldə etmək üçün inadkar cəhdlərini ciddi şəkildə çətinləşdirir. Rusiya üçün bu situasiyada vasitəçilik etməkdə bariz legitimlik olmaması Azərbaycanın Qarabağ üzərində tam nəzarətinin bərpası istiqamətində mühüm addım deməkdir. Münaqişənin yenidən alovlanması həm də çox güman ki, regionda Rusiyanın sülhməramlı missiyasının yenidən sıfırlanmasından xəbər verir. Paşinyanın daha əvvəl Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması Rusiyanın regional maraqları ilə ziddiyyət təşkil edirdi. Qarabağın statusu ilə bağlı aydınlığın olmaması və İrəvanın onu Ermənistana birləşdirmək səyləri Moskva üçün öz qüvvələrinin bölgədə qalmasına haqq qazandırmaq üçün faydalı bəhanə olardı. Lakin Paşinyanın açıqlamalarından sonra bu bəhanə artıq keçərli deyil.

Son həftələrdə Rusiya-Ermənistan münasibətlərinin pozulması regional gərginliyə daha çox stimul verib. Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Qarabağdakı hazırkı siyasi böhrana görə Ermənistan hökumətini günahlandırdı. Putin vurğulayıb ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı aydınlıq olmamasına görə İrəvanın özünü günahkar bilir. O vurğulayıb ki, “[sülhməramlı kontingentin] mandatı hələ də qüvvədədir və humanitar xarakterli məsələlər aradan qalxmayıb”. Buna cavab olaraq sentyabrın 13-də Paşinyan bəyan edib ki, Ermənistan öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya “artıq arxalana bilməz”.

Qərbin apardığı siyasət də Azərbaycanın bütün Qarabağ bölgəsi üzərində suverenliyini bərpa etmək səylərinə tam kömək etməyib. Bakı Qarabağda Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı separatçı rejimin “qanunsuz silahlı dəstələrinin” olmasını təhlükəsizliyə kritik təhdid kimi qiymətləndirir. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək və milli təhlükəsizliyini qorumaq üçün Qərbin dəstəyini gözləyirdi. Əksinə, bəzi Qərb hökumətləri və siyasi qrupları bu səyləri daha da çətinləşdirməyə çalışaraq, Rusiyanın regiondakı maraqlarına ironiya ilə yanaşıblar.

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Qarabağla bağlı dinləmələrində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim prosesdə dalana dirənmənin günahını Azərbaycanın üzərinə atıb. Kim və digərləri ABŞ-ın dövlət katibi Antoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyevin əvvəlki razılaşmasına məhəl qoymadan Azərbaycandan Laçın yolunun açılmasını tələb ediblər. Halbuki sentyabrın 1-də Blinken Laçın yolu ilə eyni vaxtda Ağdam yolunun açılmasına razılaşmışdı. Beləliklə, Senatdakı dinləmənin tonu dolayısı ilə Rusiyanın hədəflərinə dəstək verdi.

Hazırda Rusiyanın Ermənistanla Azərbaycan arasında əvvəlki vasitəçilik mövqeyini qoruyub saxlaya biləcəyini görürük. Qarabağda baş verən son proseslər yeni status-kvo formalaşdırır və Moskvanın İrəvana böyük etimad göstərmədiyi aydındır. Nəticədə, Qərbin tezliklə Ermənistanda “yaranan imkanlar”dan istifadə etmək şansının da artdığını deyə bilərik.

(Ardı var...)
Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin