Vətəndaşların lokal anti-terror tədbirləri barədə informasiyaları yayması xoşagəlməz hal olmaqla yanaşı, təbii ki, erməni silahlıları üçün də müqavimət göstərmək istiqamətində yardımçı vasitəyə çevrilir. Vətəndaşlar tərəfindən sosial platformalarda, internet-informasiya resurslarında paylaşılan qeyri-rəsmi, aidiyyatı qurumlardan alınmamış istənilən informasiya cəmiyyətin əleyhinə yönəlmiş olur. Bu zaman müqavimət göstərməyə çalışan erməni terrorçuları, silahlı qruplaşmalar söz yox ki, həm də informasiya müharibəsi aparmağa cəhd edir, Azərbaycan cəmiyyətində çaşqınlıq, dövlət-vətəndaş münasibətlərində çat, silahlı qüvvələr arasında ruh düşkünlüyü yaratmaq üçün bütün mümükün imkanları səfərbər etməyə çalışırlar.
Xüsusilə qeyd etmək gərəkdir ki, ermənilər bu məsələdə heç də təkbaşına fəaliyyət göstərmirlər. Bu məramlı fəaliyyətin qurulması üçün onların xaricdən güclü dəstəyi var və Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji, ideoloji keyfiyyətlərini yaxşı analiz edən, nəticələrə uyğun olaraq peşəkar şəkildə dezinformasiya hazırlaya bilən mütəxəssislər mövcuddur.
Azərbaycan əleyhinə informasiya istehsal edən, inandırıcı və həqiqətə oxşayan xəbərlər hazırlayan bu mərkəzlər sosial şəbəkələrin Azərbaycan seqmentində çox ustalıqla peyda olur, sadə insanlar arasında çaşqınlıq yarada biləcək xəbər yükünü cəmiyyətə məharətlə ötürə bilirlər.
İstər 44 günlük Vətən müharibəsi günlərində, istərsə lokal xarakterli tədbirlər ərəfəsində Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının dövlət rəhbərliyinə qarşı başladılan kampaniyalara bilərəkdən və ya bilməyərəkdən hansısa formada dəstək olan adamlar çox ciddi oyunların qurbanına çevirilirdi.
Bu adamlar dövlət qurumlarının informasiya sahəsində vətəndaşların davranış qaydalarına dair çağırışlarına məhəl qoymadıqca, dövlətə qarşı çıxır, ictimai qınaqlara tuş gəlir, həm də hüquqi baxımdan öz talelərini təhlükəyə atırlar.
Bununla yanaşı, sosial şəbəkələrdə hərbçilərə aid informasiyaları necə gəldi paylaşan vətəndaşlar digər Azərbaycan vətəndaşlarının, Azərbaycan hərbçilərinin həyatını təhlükəyə atmağın fərqində olmurlar.
Həvəskar çəkilişlər, hay-küylü paylaşımlarla diqqət çəkmək istəyini idarə edə bilməyən sosial şəbəkə istifadəçisi internet informasiya platformalarında yaydığı hər hansı xəbər yüklü paylaşımla Azərbaycana qarşı aparılan çirkin kampaniyaların genişlənməsi üçün, bir sözlə, “xammal” ixrac etmiş olur.
Məhz bu cür “xammal”lar qarayaxma, dezinformasiya istehsalı ilə məşğul olan anti-Azərbaycan kampaniya mərkəzlərində “istehsal”ın yaxşılaşması üçün münbit şərait yaradır.
Bütün bu kimi hallar Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərin, xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası ərazisində vətəndaşlar arasında dövlətə inamsızlığın, çaşqınlığın, müxtəlif hüquqazidd çağırışların yarada bilməsində mühüm rol oyanaya bilər.
Barəsində danışdığımız hallar digər tərəfdən, daha çox ermənipərəst mövqe sərgiləyən dövlətlərin, beynəlxalq təşkilatların, diplomatik təsisatların Azərbayacana təzyiq göstərə bilməsi üçün də vasitəyə çevirilir.
Məhz belə məlumatların sıravi vətəndaşlar tərəfindən ortaya çıxarılması, yayılması vətəndaş cəmiyyətində daha inandırıcı şəkildə qəbul edilir, sürətlə yayılır və ictimai fikirə təsir göstərir.
Ən maraqlısı odur ki, müharibə və xüsusi tədbirlər dönəmində informasiya mühitində yaranan müəyyən şərait, cəmiyyətin humanistliyindən və vətəndaşların mərhəmətləliliyindən sui-istifadə edib gəlir əldə etmək istəyənlərin də meydana çıxmasına imkan verir. Bu adamlar hərbçilərin müxtəlif səpkili vəsaitlərə, ləvazimatlara ciddi ehtiyacı olmasına dair xəbərlər formalaşdırır, bunu ən uyğun şəkildə yayır, vətəndaşların diqqətini cəlb edir və “yardım” adı altında fırıldaqçılıqla məşğul olurlar. Bunun özü də dezinformasiya siyasəti ilə həyata keçirilir, həm fırıldaqçıların işinə yarıyır, həm də Azərbaycan əleyhinə kampaniya aparanların “tutarlı alət”inə çevirilir.
Dezinformasiya siyasəti ilə məşğul olan mərkəzlər sosial internet platfomalarında saxta profil yaradır, sosial medianın aktiv təbəqəsi ilə virtual əlaqə qurur və cəmiyyətin ruhuna uyğun inandırıcı paylaşımlar edir, müəyyən bir inam və rəğbət qazandıqdan sonra öz planlarını həyat keçirməyə başlayırlar. Söz yox ki, bu mərkəzlərin fəaliyyət istiqamətini və formasını müşahidə edə bilməyən sıravi vətəndaşlar, yaxud təcrübəsiz sosial media istifadəçiləri həmin saxta profillərdən yayılan dezinformasiyanı həqiqət kimi qəbul edir və yayılmasında iştirakçı olur. Nəticə etibarilə, planlarının icrasına başlayan fırıldaqçılar bundan sonra digər təcrübəsiz adamların vasitəsi ilə yardımtoplama mərkəzləri yaradır və bir müddətdən sonra toplanan vəsaiti ələ keçirir.
Beləliklə, informasiyanın təhlilindən uzaq, onun formasından xəbərsiz və onun hansı niyyətlə idarə edilməsindən bixəbər olan sadə vətəndaşlar, ictimai fəallar dezinformasiyaların qurbanına çevrilir, bunu anladıqdan sonra isə onlar ciddi çaşqınlıq və inanmsızlıq uçurumuna yuvarlanır.
Bu amilin özü də Azərbaycana qarşı fəaliyyət göstərən müxtəlif dairələr üçün əlverişli şərait yaradır, onlar inamsızlıq və çaşqınlıq içərisində olan vətəndaşları çox asanlıqla öz maraqlarına xidmət göstərən məlumatlara inandıra bilirlər. Aparılan bu kimi kampaniyalarda böyük mərkəzlər cəmiyyətin həssas təbəqəsinə hesablanmış çoxlu şüarlar ortaya atır, Vətənpərvərlik amilindən çox ustalıqla istifadə edir, ictimai fikirdə parçalanma yaratmaq üçün “varlı-kasıb”, “vəzifəli şəxs-sıravi adam” alətlərini işə salırlar.
Bunun fonunda isə guya müharibə əleyhdarı olan qruplar formalaşdırır, dövlətin ərazi bütövlüyünə və müstəqilliyinə təhlükə yaradan ünsürlərə, onların əməllərinə “insan” və “insanlıq” donu geyindirməklə, həmçinin müharibədə əzizlərini itirmiş şəxslərin heysiyyatını “ələ keçirməyə” cəhd edir, müharibə iştirakçılarının isə sosial rifahında, istərsə də şəxsi keyfiyyətlərindəki boşluğu tapıb onları dövlətə, orduya, ordu rəhbərliyinə, eləcə də digər dövlət qurumlarına qarşı çıxışlara cəlb edir, bunu informasiyalaşdırır, baş verən hadisələrin axarını öz maraqları üçün istiqamətləndirirlər.
Sürətlə yayılmaq qabiliyyətinə malik bu xarakterli informasiyalar sosial problem üzərindən sosial media platformalarına, digər bu kimi şəbəkələrə, internet informasiya resurslarına ötürülür, rəsmiləşdirilir və cəmiyyətdə nifaq, ayrıseçkilik, qarşıdurma, vətəndaş-məmur münasibətlərində qarşılıqlı nifrət amilllərinin yaranmasına müstəsna xidmət göstərir.
44 günlük Vətən Müharibəsi dövründə Azərbaycana qarşı aparılan dezinformasiya siyasəti müharibədən sonra da həyata keçirildi... Lokal xarakterli anti-terror tədbirləri zamanı da həmin dezinformasiya “maşınları” işə salındı, Azərbaycandaxili proseslərlə yanaşı dünya səviyyəsində ölkənin əleyhinə iş aparmağa start verildi.
Təsadüfi deyil ki, bu dezinformasiya siyasəti lokal xarakterli anti-terror tədbirləri başa çatdıqdan sonra da müşahidə edilir və bunun üçün hesablanıb hazırlanmış mövzu və devizlərin hazır vəziyyətdə gözləməsi şübhəsizdir. Bunlar əsasən anti-terror tədbirlərində həlak olmuş, yaralanmış Azərbaycan hərbiçiləri ilə bağlı mövzular üzərində manipulyasiya edilməklə həyata keçirilir, informasiya müharibəsində ordu rəhbərliyini, digər dövlət strukturlarını hədəfə almağa yönəlir.
Dünya ictimaiyyətini Azərbaycanla bağlı informasiyalarda çaşdırmaq üçün oxşar dezinformasiyalar müxtəlif ölkələrdə də formalaşdırılıb, Azərbaycan əleyhinə tətbiq ediləcək. Daha sonra həmin bu dezinformasiyalar, həmçinin onların nəticəsində müxtəlif nüfuzlu dairələrdə yaranan ictimai rəy sosial media platformaları üzərindən, sosial şəbəkələrin Azərbaycan seqmentinə ötürüləcək və ölkə daxilində gərginlik yaradılmasına cəhd göstəriləcək.
Təbii ki, bütün bunlar ölkənin ictimai-siyasi həyatına ciddi şəkildə təsir göstərə bilməz. 44 günlük müharibənin nəticələri onu göstərdi ki, Azərbaycan xalqını öz torpaqlarını işğaldan azad edilməsi yolundan heç bir qüvvə saxlaya bilmədi, onun ərazi bütövlüyü və müstəqillik istəyini, bu istəyin reallaşdırılmasında iradəsini hər hansı vasitə, təzyiqlər, təhdidlər zəiflədə bilmədi.
Söz yox ki, lokal xarakterli anti-teror tədbirləri başa çatdıqdan sonra da oxşar cəhdlər nəticəsiz qaldı.
Amma bu məsələdə bir məqam narahatlıq törədir, o da sıravi, sadə vətəndaşların dezinformasiya qurbanına çevirilməsi, onların hüquqi məsuliyyətə cəlb olunmasıdır.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az