Hər kəsə yaxşı məlumdur ki, erməni silahlıları Rusiya sülhməramlı kontingentinin daxil olmasına paralel olaraq çıxmalı idi. Lakin Azərbaycanın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Eyni zamanda, hələ Fərrux istiqamətində baş verən tədbirlərdən sonra Azərbaycanın istənilən metodla bəyanatda nəzərdə tutulmuş öhdəlikləri həll etmək gücünə malik olduğu nümayiş etdirilmişdi.
Bütün bunlara baxmayaraq, Ermənistan tərəfinin pozucu və israrlı mövqeyi hazırkı vəziyyətin yaranmasına səbəb oldu. Azərbaycanın dəfələrlə etdiyi çağırışlara baxmayaraq, erməni silahlıları Yevlaxda nəzərdə tutulmuş görüşdən imtina etdilər. Azərbaycan polislərinə və mülki sakinlərinə qarşı həyata keçirilən mina terroru ilə heç bir halda danışıqlara hazır olmadıqlarını nümayiş etdirən erməni silahlıları hazırda zərərsizləşdirilir. Erməni sakinlərinin tam təhlükəsizliyi yalnız bir halda – Azərbaycana reinteqrasiya nəticəsində mümkündür və bundan başqa mexanizmin olmadığı da məlumdur. Nəhayət guya bunu başa düşən ermənilər Yevlaxda görüş keçirilməsinə cavab verdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.
Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək", - administrasiyadan qeyd olunub.
Ermənistan anlamalıdır ki, bu gün nəinki Fransa, demək olar ki, heç bir böyük güc mərkəzlərinin Azərbaycanla qarşıdurma münasibətlərinə həvəsi yoxdur, ona görə də, hazırkı vəziyyət ciddi dəyərləndirilməlidir. Nə qədər gec deyil, Ermənistanın özü də Qarabağdakı qanunsuz rejimin özünü buraxmasına dair çağırışlar etməlidir. Bölgə ermənilərini döyüşkən və aqressiv siyasəti davam etdirmək barədə çağırışlarla aldatmaq İrəvanın özünə ciddi zərbə vuracaq. Ermənistan Qarabağı rəqibə qarşı istifadə ediləcək “mühüm oyun kartı” hesab edirdi və bu “kart”ın öz gücünü itirməsi Ermənistandakı ekspansionist siyasət üçün sarsıdıcı zərbə olacaq.
Firuz Bağırov
Ordu.az