Aİ-nin müşahidə missiyasından Arazdəyən redaktəsi – BAXIŞ BUCAĞI

2023/09/6502f-1694694283.jpg
Oxunub: 295     12:12     19 Sentyabr 2023    
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası sentyabrın 14-də yaydığı məlumatda bəyan edib ki, onun mövcudluğu Arazdəyəndə tikiləcək metallurgiya zavodunun avadanlıqlarının başqa yerə təhlükəsiz daşınmasını təmin edir. Aylar əvvəl Arazdəyəndə təxminən 70 milyon dollar dəyərində erməni-amerikan birgə investisiya layihəsi olan metallurgiya zavodunun tikiləcəyi bildirilmişdi. Sonra məlum oldu ki, həmin qondarma erməni-amerikan layihəsinin erməni tərəfi Vazgen Sarkisyanın qardaşı Armen Sarkisyanın qızının ailəsi, Amerika adlanan tərəf isə hindistanlı biznesmendir. Zavodun tikintisi isə o qədər də genişlənmədi, çünki tikinti başlayandan sonra Azərbaycan haqlı tələblər irəli sürməyə başladı.



Fakt budur ki, Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcəkdi, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir göstərəcəkdi. Həmçinin, metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaqdı. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu isə Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil.

Bütün bunlara baxmayaraq, Ermənistan hökuməti haqsız şəkildə beynəlxalq ictimaiyyətə müraciət etdi, hətta səfirləri fabrikin tikintisində müşayiət etdilər, onlara utanmadan mövcud vəziyyəti nümayiş etdirdilər, dəstək ala bilmədikləri təqdirdə isə təxribatçı addım adtdılar. Zavodun sahibləri Azərbaycanı çəkindirəcəklərini düşünərək tikinti sahəsinin yanına Amerika bayrağını asdılar. Lakin bu hal da əlahəzrət hüququn qarşısında diz çökdü.

Bakı zavodun region üçün ekoloji təhlükə olduğunu isbatlamaqla zavodun tikintisinə mane oldu. Nəticədə, sentyabrın 14-də Aİ müşahidəçiləri zavodun başqa yerə köçürülməsini təmin etdiklərini qeyd etdilər. Lakin sonradan onlar öz postlarını redaktə edərək, “köçürülməni təmin etmək" hissəsini çıxarıb və onların mövcudluğunun daha təhlükəsiz mühiti təmin etdiyini yazdılar.

"Son həftələrdə Aİ-nin monitorinq missiyası metallurgiya zavodunun sökülməsini müşahidə etmək və monitorinq etmək üçün müntəzəm olaraq Yerasx (Arazdəyən) ərazisini patrul edib. Materialların və avadanlıqların yeni yerə heç bir təhlükə olmadan daşınması mümkün olub", - Aİ missiyasının bəyanatında deyilir. Nə üçün monitorinq missiyası öz postunu redaktə etdi? Birinci yazı anlaşılmazlıq idi, yoxsa erməni tərəfi lazımsız diqqəti cəlb etməmək üçün, belə desək, müşahidəçilərdən redaktə etməyi xahiş edib? Ermənistan İqtisadiyyat Nazirliyinin rəsmiləri isə məlumatları təsdiqləmədi, lakin bunu təkzib də etmədilər.

Bu faktlar, proseslər bir daha deməyə əsas verir ki, Azərbaycan hazırda regionda yeni reallığı yaradan bir dövlət olaraq bölgədə baş verən bütün proseslərdə əsas söz sahibidir və Azərbaycanın icazəsi və razılığı olmadan regionda hər hansı bir məsələnin çözülməsi, qərarın qəbul edilməsi mümkünsüzdür.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Arazdəyən  


Bizi "telegram"da izləyin