O günlər arxada qaldı: Avropa yeni düzənə alışmaqda çətinlik çəkir

2023/04/1682758131.jpg
Oxunub: 26541     20:17     30 Sentyabr 2023    
“Financial Times” Avropa üçün dinc günlərin geridə qaldığını vurğulayan məqalə dərc edib. Həmin məqalənin tərcüməsini təqdim edirik.

Boris Pistorius Almaniyanın, onun təbirincə desək, “ayaqları yerə sağlam basan” bölgəsi olan Aşağı Saksoniyadan gəlməkdən qürur duyur. Lakin müdafiə naziri narahatdır ki, hətta bu soyuqqanlı seçicilər də Berlinin ölkənin hərbi potensialını artırmaq üçün ildə on milyardlarla avro xərcləməsi ideyasına qarşı çıxacaqlar.

Pistorius bu yay müdafiə nazirlərinin görüşündə deyib ki, seçiciləri müdafiəyə daha çox xərcləmə ehtiyacına inandırmaq “tamamilə dəyişdirilmiş düşüncə tərzi” tələb edir. Berlin Divarı söküləndən bəri siyasətçilər müdafiəyə heç nə xərcləməyə o qədər öyrəşiblər ki, İsveç müdafiə naziri Pal Consonun sözləri ilə desək, sülh artıq havaya bənzədiləcək qədər sərbəst bir şey kimi nəzərdən keçirilir. “Bir dəfə ona sahib olsanız, həqiqətən də darıxmırsınız”, - deyə o bildirib.

Bu “sülh payı” həm də ölkələrə silahlı qüvvələr əvəzinə səhiyyə və təhsil siyasətlərinə milyardlarla dollar xərcləməyə imkan verdi. Rusiyanın Ukraynaya təcavüzü təkcə Almaniya üçün deyil, bütün qərb hökumətləri üçün qəddar həyəcan siqnalı oldu. Çinin yüksəlişi, nüvə silahına malik İran təhlükəsi və Afrikadakı qeyri-sabitliklə yanaşı müharibə nazirləri müdafiəyə daha çox pul xərcləməyə məcbur edib.

NATO-ya üzvlük üçün müraciət edən İsveç elan edib ki, hərbi alyansın ümumi daxili məhsulun 2 faizi hədəfinə əməl etmək üçün müdafiə xərclərini dörddə bir qədər artırmağı planlaşdırır. Lakin seçiciləri bu cür öhdəlikləri reallaşdırmaq üçün tələb olunan fədakarlıqlara inandırmaq büdcənin və seçki prioritetlərinin seysmik şəkildə yenidən tənzimlənməsi deməkdir.

“Hər kəs hələ də dinc xəyallar dünyasında yaşayır, lakin o günlər geridə qaldı”, - deyə Qərb müdafiə məsləhətçisi bildirib. Pistorius hesab edir ki, təhlükəsizlik xərcləri ilə bağlı seçicilərlə “dürüst” müzakirələr aparılmalıdır. İqtisadiyyatın yaşıllaşdırılması və qocalma ilə əlaqəli digər sosial prioritetlərin gündəmdə yüksək olduğu və yüksək faiz dərəcələri səbəbindən hökumətlərin öz borclanma xərclərinin artdığı bir mühitdə bunu etmək çətin olacaq.

Yaponiyada müdafiə xərclərinin rekord artımını necə maliyyələşdirmək məsələsi artıq sosial təminat xərclərinin balonlaşması ilə mübarizə aparan ölkəni ikiyə bölüb. Hökumət vergi artımının Baş nazir Fumio Kişida bu ilin sonunda erkən seçkilər təyin edəcəyi təqdirdə ona zərər verəcəyindən qorxaraq, korporativ, gəlir və tütün vergilərinin artırılması planlarını 2025-ci ilə qədər bir il təxirə salmaq məcburiyyətində qalıb.

Danimarkada hökumət seçicilərin böyük əks-sədasına səbəb olan bir tətili ləğv edərək, dövlət xərclərinin artımını maliyyələşdirməyi seçdi. Sorğulara görə, ABŞ-də respondentlərin yalnız 1 faizi milli təhlükəsizliyi əsas qayğıları kimi qeyd edir, Böyük Britaniyada isə sorğular göstərir ki, bu, iqtisadiyyat, səhiyyə, immiqrasiya və mənzil kimi məsələlərdən sonra orta hesabla 11-ci yerdədir.

Lakin yeni təhlükəsizlik düşüncəsinə sahib olan Qərbin maliyyə təsirləri iyul ayında Litvada keçirilən NATO sammitində açıq şəkildə göründü. İsveçin üzvlüyü və Ukraynanın potensial üzvlük xəbərləri ilə yanaşı, liderlər çətin büdcə problemi ilə də mübarizə aparırdılar. Bütün üzvlər ÜDM-in 2 faizini xərcləməyi öhdəsinə götürsələr də - hazırda 31 üzvdən yalnız 11-i bunu edir - geridə qalanların hədəfə necə və nə vaxt çatacağına dair daha az aydınlıq var.

NATO-nun yüksək rütbəli rəsmisi deyir: “Liderlər müdafiə siyasətində nəsil dəyişikliyi ediblər. Amma görəsən, onlar bunu tam başa düşürlər və ya maliyyə nazirlərinə bu barədə danışıblarmı?”. Almaniyanın maliyyə naziri Kristian Lindner bu ay xəbərdarlıq edib ki, ölkənin NATO öhdəliyinə əməl etmək gələcək illərdə əsas büdcədən “əhəmiyyətli vəsait” tələb edəcək.

Müdafiə nazirləri hərbi ittifaqın bir ay ərzində yerləşdirilə bilən 300,000 yüksək hazırlıqlı əsgərə malik olması çağırışlarını da dəstəkləyiblər. Bu rəqəm hazırkı 40,000 rəqəmindən təxminən 8 dəfə çoxdur. Britaniya silahlı qüvvələrinin keçmiş komandanı general Ser Riçard Barrons deyib: “NATO-nun yeni qüvvə modeli əksər müttəfiqlərin mübarizə aparacağı meyar müəyyən edir. Bunun bəzi insanların göz yaşlarına səbəb olacağından şübhələnirəm”.

Bununla belə, ortaya çıxan problemlər onu göstərir ki, xüsusən Avropada və Almaniyada müdafiəyə daha çox vəsait ayırmağa ehtiyac var. 2000-ci illərin əvvəllərində Berlin ÜDM-in 1 faizini müdafiəyə xərcləyirdi. Baş nazir Olaf Şolts ötən ilin sonlarında deyib: “Bütün qonşularımız mehriban göründüyü halda, niyə böyük bir müdafiə qüvvəsini qoruyursunuz?”.

İyulun sonunda “Der Spiegel” tərəfindən dərc edilən Maliyyə Nazirliyinin məxfi qiymətləndirməsinə görə, Almaniya Bundesvehrinin ehtiyatında cəmi 20.000 155 mm-lik artilleriya mərmisi var idi ki, bu da üç gündən az müddətə döyüşmək üçün kifayətdir. Avropa həmçinin 860 milyard dollarlıq müdafiə büdcəsi bütün NATO üzvlərinin cəmindən iki dəfə çox olan ABŞ-yə arxalana bilməz.

Konqresin Büdcə Ofisinin proqnozlarına görə, ABŞ növbəti onillikdə hər il ÜDM-in 6 faizi həcmində büdcə kəsiri ilə üzləşəcək və 2053-cü ilə qədər federal borc ÜDM-i iki dəfə artıracaq. Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ben Barri deyib: “Birləşmiş Ştatlar Avropanın müdafiəsinə qeyri-mütənasib töhfə verir. Ancaq Avropa müdafiə yükünü daha çox üzərinə götürməsə, xüsusilə Vaşinqtonun Hind-Sakit okean regionunda artan strateji marağı nəzərə alındıqda, bu vəziyyət ABŞ-nin [Avropa üçün] həvəsini artırmayacaq”.

Ukraynadakı müharibə də Qərbin silah istehsal etmək imkanlarının nə qədər yetərli olmadığını ortaya qoydu. Conson deyir: “Bu, ehtiyatların müharibəsi idi. Sizin sənaye bazanız olmalıdır ki, təkcə sülh dövründə deyil, həm də münaqişə zamanı hasilatı artıra biləsiniz”. Müdafiə ekspertləri qeyd edirlər ki, qarşısının alınmasına sərmayə qoyuluşu münaqişənin nəticələri ilə mübarizə aparmaqdan daha az xərc tələb edəcək.

Barri qeyd edib: “İqtisadi təhlükəsizlik sülhdən asılıdır. Bahalı olsa da, hərbi çəkindirmə iqtisadi sığortanın bir növüdür”. Dünya Bankının Ukraynanın yenidən qurulması üçün indiyədək 411 milyard dollardan çox xərcləndiyinə dair təxminlərinə toxunan Barri bildirib: “Müharibə nəticəsində yaranan iqtisadi pozğunluğun qiyməti daha çox baha başa gələcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Almaniya  


Bizi "telegram"da izləyin