Ordu.az-ın bölgəyə ezam olunan əməkdaşının qələmə aldığı təəssüratları təqdim edirik.
Başqa ölkələrdə görüb köks ötürdüyümüz inkişaf dinamikası ucqar kəndlərimizdə

Torpaqlarımız işğaldan azad edildikdən sonra ata-baba yurdlarımıza qayıdışın uzun illər alacağı barədə söyləntilər çox dolaşdı. Kimisi 10 il, kimisi 15, hətta geri qayıdışın 25 il çəkəcəyini iddia edənlər də oldu. Bu sərsəm iddialar fonunda öz ata yurdunun həsrətini yox etmək istəyənlərin bəziləri tələsik qərar verərək həyatlarını risqə atdı, bəziləri isə 30 il çəkilən həsrətin bitməsinə az zaman qaldığına inanaraq səbrlə dövlətin atacağı addımların nəticələrini gözlədi. Bəli, bu gün bu gözləntilərin cücərtiləri, o acı günlərin məhv etdiyi qara şumların bağrını dələrək öz şirin bəhrəsini verməkdədir.
Talış kəndi bu gün

Bir zamanlar çar Rusiyasının cənubi Qafqazda məskunlaşdırma siyasətinə qurban gedən qədim kəndlərimizdən biri də Talış kəndidir. Bu yerin strateji əhəmiyyəti hər zaman aktual olub. Emənilər də elə bu amildən istifadə ediblər. Birnci kəndin qədimliyi, ikincisi isə burada olan alman məbədləri ermənilərin diqqətindən yayına bilməzdi. Çünki əsrlərin qan yaddaşını özündə saxlayan abidələrin üzərində cüzi dəyişiklilər edərək guya ermənilərin olduğunu daha tez və inandırıcı bir formada təqdim etmək olardı ki, ermənilər də bu faktların saxtalaşdırılaraq mənimsənilməsindən məharətlə istifadə ediblər. Talış kəndinin coğrafi mövqeyi və Naftalan şəhəri, Goranboy və Tərtər rayonlarının ərazisi ilə birləşməsi bu yerin məkan olaraq daha da dəyərli olmasından xəbər verir. Boşuna deyildi ki, ermənilər bu kəndi “Qarabağın açarı” adlandırırdılar.
Ermənilərin terror yuvası, məhv edilən gündəlik, dirçələn həyat

30 ilə yaxın müddətdə ermənilərin burada daha çox “yuva” salması Goranboyun Tapqaraqoyunlu kəndinin dinc sakinlərinin kabusuna çevrilir. Atəşkəsdən keçən müddət ərzində onlarla dinc sakin, sakinlərə məxsus olan mal-qara Talış yüksəkliyində yerləşən mövqelərdən atəşə məruz qalıb. Hər atdıqları güllənin məhv etdiyi bir can onlar üçün sevincli olsa da, qara kabuslarının anba-an yaxınlaşmasını gözləməyiblər. 2020-cü il sentyabr ayında başladılan və 44 gün davam edən müharibə zamanı qazanılan qələbə, təkcə ermənilərin ötəri sevincinə son qoymadı. Həm də neçə illərdir ki, işğal etdikləri Talış kəndində yeni bir nəfəsin, yeni bir həyatın inkişaf etməsinə əsas verdi. İndi Talış kəndində qaynayan həyat, insanların yaşamaq ümidləri, doğma yurdun sevinci, burada parlaq gələcəyin olmasından xəbər verir. Artıq “Böyük Qayıdış”ın təmin olunduğu Tərtər rayonunun Talış kəndində həyat axarı ilə davam edir. 30 ildən sonra doğma yurdlarına qayıtmış sakinlər gündəlik qayğıları ilə məşğul olur, illərdir həsrətini çəkdikləri yurd yerində xoş həyat sürürlər.
Müasirlik, yenidənqurma və inkişaf

Talış kəndinin bərpasında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. Kəndə ilk daxil olanda aparılan bərpa işlərinin göz oxşayan gözəlliyi adamı valeh edir. Kəndin sağ və sol sahillərindən alternativ yolların müasir tələblər səviyyəsində çəkilişi, kəndin yuxarı yamacında insanların dincəlməsi üçün inşa edilən seyrangah kəndə xüsusi gözəllik bəxş edir. Burada aparılan təmir-bərpa işlərinin birinci mərhələsində yaşayış evləri, icma mərkəzi, məktəb, körpələr evi, klub inşa edilib. Kəndin əsas tikinti planına uyğun olaraq Bayraq meydanı, kəndin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və meydan inşa edilib.

Kənddə 20 ev, hər evin həyətində heyvandarlıqla məşğul olmaq üçün tövlə inşa edilib. Talışda inşa edilən evlərin 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlıdır. Hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilib. Evlərin barılarında gül kolları, həyətlərdə dekorativ ağaclar əkilib. Əhalinin gündəlik tələbatlarını ödəmələri üçün fərdi əkin sahələri yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarı inşa edilib.

Həmçinin 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa olunub və tamamilə yenidən tikilib. İnzibati bina və uşaq bağçası əsaslı təmir edilib, 78 şagird yerlik məktəb binası yenidən qurulub.
Bir sözlə, bir vaxtlar dinc sakinlərimizin xoşbəxt yaşadıqları, sonralar isə ermənilərin uzun illər boyu terror yuvasına çevirdikləri Talış kəndi yenidən müasir görkəmi və gözəlliyilə doğma sakinlərinin ixtiyarındadır.

Daşqın Güneyli
Ordu.az