Azərbaycan 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannaməyə uyğun olaraq bütün hərbi əməliyyatlar dayandırılıb. Bu bəyannamə tarixi sənəddir və tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur. Ermənistandan fərqli olaraq, Azərbaycan öz öhdəliklərinə ciddi şəkildə əməl edir və vətəndaşların, yüklərin, nəqliyyat vasitələrinin Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə keçməsini təmin edir.
Ermənistan öz öhdəliklərini yerinə yetirmir
Təəssüflər olsun ki, Ermənistan Üçtərəfli Bəyannamə üzrə öhdəliklərindən israrla yayınır. Ermənistan-Azərbaycan sərhədindən qanuni və şəffaf keçidə qarşı davamlı təxribatlarla maneələr yaradıb. Laçın-Xankəndi yolundan qeyri-qanuni hərbi və digər məqsədləri üçün istifadə etməyə cəhd edən Ermənistanın fəaliyyətinin qarşısının alınması məqsədilə 2023-cü il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suverenliyindən irəli gələn və beynəlxalq hüquq normalarına uyğun olan hüququdur.
Hər bir müstəqil və suveren ölkə kimi Azərbaycanın da öz sərhədlərini qorumaq hüququ və öhdəliyi var. Bundan əlavə, sərhəd nəzarət-buraxılış məntəqəsi Ermənistanın yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan bu marşrutdan Azərbaycan torpaqlarında qanunsuz olaraq mövcud olan təxminən 10.000 nəfərlik silahlı dəstənin rotasiyası, ora silah, sursat və mina daşınması, bu bölgədəki təbii sərvətlərin qanunsuz yollarla istismar edilməsi və ixrac edilməsi kimi qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün davamlı və açıq şəkildə istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.
Ermənistanın bu sərhəd nəzarət-buraxılış məntəqəsinin qanunsuz olması və keçidin bağlanması ilə bağlı iddiaları tamamilə əsassız və böhtandır. Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyun 2023-cü il tarixli qərarında Ermənistanın sərhəd nəzarət-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını yekdilliklə rədd edib.
“Humanitar fəlakət” manipulyasiyası
Ermənistan Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Azərbaycan ərazisində qalmaqda davam edən qeyri-qanuni qoşunlarını silah-sursatla təmin etmək, Azərbaycanın təbii sərvətlərini talamaq imkanından məhrum olması ilə barışa bilmir və müxtəlif manipulyasiyalarla beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdlərini davam etdirir.
Ermənistan mövcud olmayan “humanitar fəlakət” tezisini beynəlxalq ictimaiyyətə sırımaq üçün hərbi təxribatlar törədir, sərhəddən qanuni və şəffaf keçidə maneələr yaradır. Azərbaycan artıq mülki şəxslərin, humanitar yüklərin və nəqliyyat vasitələrinin qanuni və şəffaf keçidini təmin edir. Bundan başqa, Azərbaycan Qarabağdakı erməni əsilli əhalinin humanitar ehtiyacları üçün alternativ marşrut kimi Beynəlxalq Qızıl Xaç Komitəsinə rəsmən Ağdam-Xankəndi yolunu təklif edib. Azərbaycanın bu təklifi bütün beynəlxalq aktorlar, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən müsbət qarşılanıb. Hazırda bu marşrutdan keçmək üçün heç bir maneə yoxdur. Bir neçə gün əvvəl Azərbaycandakı diplomatik nümayəndəliklərin nümayəndələri, yerli və xarici jurnalistlər bölgəyə səfər edərək, bunun real olduğunu öz gözləri ilə gördülər.
Məsələ humanitar deyil, siyasidir
Bütün bu hadisələrə baxmayaraq, Ermənistan və onun Xankəndində qurduğu və dəstəklədiyi marionet rejim Ağdam-Xankəndi yolundan istifadəyə qəsdən mane olur. Yeri gəlmişkən, o, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yüklərin bu marşrutla daşınması ilə bağlı əldə olunan razılaşmanı da rədd edib. Bu münasibətdən də anlaşıldığı kimi vəziyyət iddia edildiyi kimi humanitar deyil, siyasi xarakter daşıyır. Ermənistanın əsas məqsədi münasibətlərin normallaşdırılmasında problemlər yaratmaq və Qarabağdakı erməni əsilli əhalinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycana reinteqrasiyasına imkan verməməkdir.
Bu səbəbdən də hər cür siyasi manipulyasiya və şantajdan çəkinməyən Ermənistan “blokada”, “humanitar böhran” kimi ifadələrdən çox istifadə edir. Ermənistanın iddiası ondan ibarətdir ki, Xankəndində insanlar acından ölür. Lakin bu iddianın doğru olmadığını sübut etmək çox asandır. Xankəndindəki ermənilərin sosial media hesablarına baxsanız görərsiniz ki, insanlar gündəlik həyatlarını necə normal davam etdirirlər, möhtəşəm toy-ziyafətlər təşkil edirlər. Üstəlik, ac insanların olduğu yerdə Ağdam-Xankəndi marşrutundan istifadə etməkdən imtina etmək ağlabatan deyil.
Sırf türk olduqlarına görə azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədən, onlara müxtəlif işgəncələr verən Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt xoş niyyətli yanaşmasından əl çəkməyib. Ölkəmizin humanitar yanaşmasının göstəricisi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağ bölgəsindəki ermənilərə 40 ton humanitar yardım göndərilib. Lakin bu yardım maşınları günlərlə Ağdam-Xankəndi yolunun əvvəlində gözləyir və marionet rejim yardımları qəbul etmir.
Azərbaycanın xoşməramlı və sülh səylərinə cavab olaraq Ermənistan davamlı olaraq hərbi və siyasi təxribatlara əl atır və özünün etdiklərini sanki Azərbaycan etmiş kimi qələmə verməyə çalışır. 2023-cü il iyunun 15-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlılarına hücumu nəticəsində bir azərbaycanlı sərhədçinin ağır yaralandığı basqın bunlardan yalnız biridir. Azərbaycanın hava məkanından istifadə edən Azərbaycan və digər dövlətlərin mülki təyyarələrinin GPS sistemlərinə radiomaneələrlə müdaxilə etməsi və bu təyyarələrə ciddi təhlükə törətməsi terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın əsl simasını göstərir.
Qızıl Xaç Komitəsindən istifadə olunur
Ermənistan hətta Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar təşkilatdan öz ambisiyaları və məqsədləri üçün istifadə etməkdən çəkinmir. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardım karvanlarından ikili təyinatlı məhsulların qaçaqmalçılığı üçün istifadə etməyə çalışır. Humanitar yardım olduğunu iddia etdikləri yüklərin Azərbaycan tərəfi ilə razılaşmadan Laçın sərhəd-buraxılış məntəqəsinə gətirilməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir və qəbuledilməzdir.
Azərbaycan dəfələrlə Ermənistanı sərhəd və gömrük orqanları vasitəsilə insanların, malların və xidmətlərin maneəsiz və təhlükəsiz daşınmasını təşviq etmək üçün əməkdaşlığa çağırıb. Bildirib ki, Ağdam-Xankəndi yolu açılandan sonra gömrük və sərhəd nəzarəti qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Təəssüf ki, bu çağırışlar Ermənistan tərəfindən bu günə qədər cavabsız qalıb.
Barışıq səyləri nəticəsiz qaldı
Azərbaycanın xüsusi nümayəndəsi ilə erməni əsilli yerli sakinlərin nümayəndələri arasında reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəfələrlə görüş keçirməyə cəhd edilib, onlar Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət olunublar. Lakin Ermənistan və onun marionet rejimi hər dəfə bir bəhanə ilə bu görüşün baş tutmasına mane olub. Azərbaycan Qarabağdakı erməni əsilli sakinləri öz vətəndaşı kimi qəbul edir və Konstitusiyamızla, qoşulduğumuz beynəlxalq mexanizmlərlə təsbit olunmuş bütün hüquq və azadlıqları təmin etməyə hazırdır. Amma bu cəhd Ermənistanın sülh prosesini pozmaq siyasətinə zidd olduğu üçün Ermənistan tərəfindən daim əngəllənir.
Çətin vəziyyətə düşəndə siyasi manipulyasiya üçün “soyqırımı” yalanına əl atan Ermənistan hazırda bu taktikanı Azərbaycana qarşı tətbiq etməyə çalışır. İllərdir əlləri minlərlə günahsız azərbaycanlının qanına boyanmış Ermənistan öz ambisiyalarını Azərbaycana bağlamaq üçün xarici havadarlarının köməyi ilə intensiv səylər göstərir. Bu cür fəaliyyətlər sülh prosesinə zərər verir. Amma Azərbaycan sülh və ədalət istəyən bir ölkə kimi hər zaman normallaşma gündəliyinə sadiqdir və bu məsələ ilə bağlı bütün konstruktiv regional və beynəlxalq təşəbbüsləri dəstəkləyir. Digər tərəfdən, Azərbaycan Ermənistanın ondan alət kimi istifadə edən havadarlarının arzularının gerçəkləşməsinə, öz ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ərazi bütövlüyümüzün tam bərqərar olması deməkdir və bu, beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib. Ümid edirik ki, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistanın yalanlarına qapılmayacaq və bunun üçün alətə çevrilməyəcək. Azərbaycan sülh istəyir, Ermənistan tərəfindən öz ərazisindən qovulmuş vətəndaşlarının sağ-salamat öz evlərinə qayıtmasını istəyir və bunun üçün əlindən gələni etmək əzmindədir. Torpaqlarımızı işğal etdiyi 30 il ərzində hər şeyi dağıdan, məhv edən Ermənistandan fərqli olaraq, biz bu torpaqları bərpa edir, bu torpaqlara həyat veririk. Azərbaycanın fərqi budur.
Aqil Məmmədov
Ordu.az