Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib - FOTOLAR

2023/06/1442a-1686323264.jpg
Oxunub: 2054     18:29     09 İyun 2023    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Laçın şəhərində növbəti iclası keçirilib.

Ordu.az xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, müstəqilliyimizin möhkəmləndirildiyini, ölkəmizin ardıcıl inkişaf yoluna qədəm qoyduğunu bildirib. Samir Nuriyev vurğulayıb ki, Ulu Öndər bütün qüvvəsini və xalqımızın potensialını vahid amal - torpaqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsipial siyasəti nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin olundu, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.

Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin təməllərini qoyduğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikinti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib. Qeyd edilib ki, çoxşaxəli və irimiqyaslı layihələrin reallaşdırılması dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı müəyyən etdiyi sistemli, ardıcıl yol xəritəsinə və strateji xəttə uyğun şəkildə, sürətlə icra olunmaqdadır. Həyata keçirilən layihələr çərçivəsində işlərin miqyası genişləndiyinə görə, yerlərdə işin planlı və əlaqəli şəkildə aparılması, o cümlədən bütün aidiyyəti qurumların sıx əməkdaşlıq mühitində fəaliyyətinin təmin edilməsi, habelə vaxt və keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin artırılması zəruridir.

Sonra Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tapşırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyinə daxil olan məsələlərin yerlərdə əlaqələndirilməsi, müvafiq ərazilər üzrə görülən işlərin icra dinamikası və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasda Azərbaycan Prezidenti tərəfindən Qərargah qarşında qoyulmuş vəzifələrin tam şəkildə icrası və müəyyən edilmiş strateji xəttə uyğun həlli məsələləri müzakirə olunub.

Daha sonra Qərargahın üzvləri Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib.

Qərargahın üzvləri Laçın rayonunun Zabux kəndinə səfər edərək, burada zəruri infrastrukturun yaradılması və kəndə qayıdacaq əhalinin rahat həyat şəraitinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış olublar.

Səfərin yekununda Samir Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Əlaqələndirmə-Qərargahı   Laçın  


Bizi "telegram"da izləyin