Dövlət Departamenti qeyd edib ki, Vaşinqton iki ölkə liderlərinin Kişineudakı son görüşü də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan məmnunluğunu bildirir.
“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atmağa davam etdikcə, biz danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Problemlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmağın açarı birbaşa dialoqdur”, - deyə ABŞ Dövlət Departamentinin cavabında bildirilib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan Ermənistan-Azərbaycan danışıqlarının təxirə salındığını açıqlayıb.
Cənubi Qafqaz üzrə Beynəlxalq Böhran Qrupunun baş analitiki Olesya Vardanyan “Amerikanın səsi”nin erməni xidmətinin sorğusuna cavab verib ki, müxtəlif səviyyələrdə və paytaxtlarda bir neçə raundlu danışıqlardan sonra müzakirələr həlledici mərhələyə keçib.
Analitikin fikrincə, Bakının danışıqları təxirə salmaq tələbi, yəqin ki, Azərbaycanın bu mühüm məsələlərdə hələ qərar vermədiyini göstərir.
“İndi bütün tərəflərlə danışıqları davam etdirmək çox vacibdir. Ümid edirik ki, Vaşinqton avropalı tərəfdaşları ilə bunu davam etdirəcək”, - deyə Vardanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az