Fransa Rusiyanı Hindistan və İranın əli ilə vurur? – Ermənistanın silahlandırılmasından gizli məqamlar (II YAZI)

2023/06/1686302440.jpg
Oxunub: 5680     16:30     09 İyun 2023    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Son günlər Ermənistan rəsmiləri Rusiyanın vəd etdiyi və pulunun ödənildiyi silahları vermədiyindən şikayətlənməyə başlayıblar. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroqyan və ardınca da xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan öz açıqlamalarında pulunu ödədikləri silahların Rusiyadan gəlmədiyini etiraf ediblər.

Rusiyadan pulunu ödədiyi silahları ala bilməyən İrəvan indi də bununla bağlı Fransaya üz tutub. Fransa Cənubi Qafqazda hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişəcəyini hədəfləməklə bölgədə yenidən gərginliyin artırılmasına və bununla da sülhün əldə edilməsini əngəlləməyə çalışır.

“Caliber” “Telegram” kanalı Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb ki, yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trajan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq.


Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 çaplı silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.

Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır. Deyəsən bundan sonra belə dialoqlar daha olmayacaq, çünki Kişineudakı uğursuzluqdan sonra Fransa İrəvanın hərbi gücünün artırılmasını üstün tutub və bu, Bakıda olduğu kimi anlaşılıb və qiymətləndirilib. Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir, çünki 2020-ci ildə döyülən “bacısını” silahlandıran Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini çox yaxşı bilir.

Paris nə təklif edə bilər?

Ermənistanla Fransa arasında hərbi əlaqələr uzun müddətdir ki, mövcuddur. Bu əlaqələr nəticəsində Ermənistan ordusunun döyüş aviasiya vasitələrinin modernləşdirilməsi həyata keçirilir. Yəni termal, optik cihazları, döyüşün idarə edilməsi sistemi üzərində müəyyən işlər aparılıb. Fransanın “Thales” şirkəti bu məsələdə Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərib. 1994-cü ildəki atəşkəs müqaviləsindən sonra “Ohanyan xətti”nin yaradılması, formalaşmasında fransalı mütəxəssislər birbaşa iştirak ediblər.


Silah satışı faktlarını isə diqqətlə incələsək görərik ki, Fransa-Almaniya istehsalı olan MİLAN tank əleyhinə idarə olunan raketlərin Ermənistana satışı ilə bağlı məlumatlar mövcuddur. Müharibədən öncə Ermənistan Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidən üzə çıxan görüntülərdə ermənilərin silahlanmasında MİLAN kompleksinin olması faktı bəlli olub. Məlumatlara görə, Ermənistan Yunanıstandan 20 ədəd MİLAN sistemi əldə edib.

Ermənistan dövlətlərarası hərbi münaqişəni əsas gətirərək Azərbaycan və Ermənistana silah embarqoları tətbiq edən Fransanın “PGM Precision” şirkətindən “PGM Mini-Hecate .338” və “Ultima Ratio” snayper tüfəngləri də əldə edib. Ermənistan Ordusunun xüsusi təyinatlılarının silahlanmasında yer alan “PGM Mini-Hecate .338” və “Ultima Ratio” snayper tüfənglərinin isə 2011-2013-cü illərdə satın alındığı güman edilir və satınalma həcmi barədə dəqiq informasiyalar da mövcud deyil. Ermənistan ordusunun inventarında yer alan bu silah ilk dəfə 2013-cü ildə KİV nümayəndələrinin Noyamberyandakı xüsusi təyinatlıların təlimində apardığı çəkiliş zamanı üzə çıxıb.

Xüsusilə, münaqişə tərəflərinə silah satışına embarqo qoyduğunu elan edən Fransanın bu silahlarının erməni ordusunda necə peyda olması bəzi suallar doğururdu. Ən maraqlısı da budur ki, həmin silahların önəmli qismi Qarabağda qanunsuz olaraq dislokasiya olunmuş Ermənistan Ordusunun hərbi hissələrinin istifadəsinə daxil edilmişdi.



Təbii ki, Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı əldə olunmuş faktları bu şəkildə pərdələməyə çalışmışdı: “Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Bununla belə, üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna zidd olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb etmirik”.

Son illərdə Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması məlumdur. PUA-lar, radiolokasiya sistemləri və sair istiqamətdə yenilənmələr aparırlar. Fransa ilə əməkdaşlıq NATO standartları ilə hazırlanan hərbi texnikaların əldə olunmasıdır. Yəni Ermənistanın bu gün NATO-ya inteqrasiyası Fransa üzərindən həyata keçir. Təbii ki, ordusunun 90 faizi sovet-rus hərbi texnikaları olan Ermənistanın maddi çətinlikləri olduğu halda inventarının əsas hissəsini Fransa texnologiyası ilə hansı formada doldura biləcəyi çox maraqlıdır. Onu da qeyd edək ki, hazırda fransalı hərbi təlimatçılar Ermənistan hərbçilərinə hücum və kəşfiyyat məqsədli PUA-lardan istifadə etməyi öyrədir.

İrəvan və Paris arasında hərbi və hərbi-texniki əməkdaşlığın bəzi məhdudiyyətləri KTMT-yə üzvlük, Ermənistan və Rusiya qoşunlarının birləşmiş qruplaşması və birləşmiş HHM sisteminin mövcud olması, eləcə də Ermənistan Müdafiə Nazirliyinin 634 milyon dollar dəyərində kifayət qədər təvazökar büdcəsi ilə əlaqədardır.


Fransadan silah və hərbi texnika tədarükü bahalıdır, Paris tərəfindən güzəştli kreditlər isə az mümkündür və məcburidir. Fransa ənənəvi olaraq silah ixracatçılarının ilk beşliyindədir (dünya bazarının təxminən 8 faizi). İxracat strukturunda raket silahı (23 faiz), radioelektronika (22 faiz) və aviasiya texnikası (21 faiz) üstünlük təşkil edir. Milli şirkətlər əsasən inkişaf etməkdə olan 130 ölkəyə məhsul tədarük edir. Ən böyük idxalçılar Hindistan, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Qətərdir. Cənubi Qafqaz daha kiçik ölçü ilə “yer tutub”.

2018-ci ilin yazında qonşu Gürcüstanda da Fransa istehsalı olan hərbi texnika müşahidə edilib. Tiflis “ThalesRaytheonSystems” şirkətinin quru əsaslı universal çoxməqsədli HHM vasitələri toplusuna və “VL MICA” zenit-raket komplekslərinə 77,63 milyon avro xərcləyib. Birləşmiş Ştatlar və “Coface” özəl sığorta şirkəti (Compagnie Francaise d’Assurance pour le Commerce Exterieur) varlı ölkə olmayan Gürcüstana kömək edib.

Əlbəttə, bənzər yardım faizlərin qaytarılmasını və başqa nəticələri nəzərdə tutur: Gürcüstan HHM sistemlərini NATO sisteminə inteqrasiya etməyə məcburdur. Rusiya və Cənubi Qafqaz sərhədləri yaxınlığında ittifaqın artan hərbi aktivliyini nəzərə almaqla fransız HHM sistemləri çətin ki, gürcü xalqının təhlükəsizliyini artırsın. Yeri gəlmişkən, Tiflis çoxdandır Vaşinqton və Brüsselin xarici siyasət izləri ilə gedir.


Obyektiv reallıq

İrəvan Qərbin təsirinə daha az məruz qalıb, buna görə də Parislə hər hansı silah müqaviləsinin həyata keçirilməsinə mane ola bilən sanksiyalardan (“tərbiyə” məqsədləri ilə) tam şəkildə sığortalanmayıb. Xatırladım ki, daha əvvəl fransız tərəfdaşlar Krımı qaytarmağa görə “Rusiyanı cəzalandırıblar”, yəni Rusiyanın hərbi dəniz donanması üçün “Mistral” tipli universal desant gəmilərinin inşa edilməsi üçün milyard dollarlıq müqavilə ilə nəzərdə tutmuş öhdəliklərini yerinə yetirməyiblər.

Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev Rusiya-Fransa hərbi-texniki əməkdaşlığının qeyri-sabitliyini Aİ-nin sanksiya siyasəti və Fransa Respublikası rəhbərliyinin siyasi iradəsinin çatışmazlığı ilə izah edir. Əslində, Parisin Vaşinqtonun hərbi-siyasi maraqlarına necə tam şəkildə tabe olduğunu görürük. Ermənistan perspektivdə hərbi inşaat məsələlərində asılılıq, geosiyasi güzəştlər və NATO-ya tabe olmaq ilə Fransaya “ödəniş etməyə” hazırdır?

Sülh şəraitində Fransa Rusiyanın Ermənistan və Cənubi Qafqazdakı mövcudluğunu (təsirini) zəiflətmək üçün hərbi yardımını (naməlum həcmdə və keyfiyyətdə) təklif edir.


Halbuki Ermənistan təkcə iki il ərzində Rusiyadan alınmış (Rusiyanın daxili qiymətləri ilə) 12 çoxfunksiyalı Su-30SM qırıcısının ilk partiyasını (4++ nəsil), “Tor-M2KM” zenit-raket kompleksi əldə edib. Bu, “İsgəndər-E” raket sistemlərinə, TOS-1A “Solntsepek” ağır artilleriya sistemlərinə, “Smerç” raketlərinə əlavədir. 2020-ci ildə MDB-nin birləşmiş HHM sisteminin inkişafı üçün 18 milyon dollardan çox vəsait ayrılıb (bu sistemin iştirakçısı olan yeddi ölkə qrupuna Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir).

Bundan əvvəl Moskva İrəvana rus silahlanması ilə bağlı ümumi qiyməti 300 milyon dollar olan bir neçə güzəştli kredit vermişdi. Silahlanmanın bir hissəsi birgə müdafiə quruluşu çərçivəsində Ermənistana pulsuz tədarük olunur (məsələn, S-300 zenit-raket komplekslərinin iki divizionu). Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən tədarükləri həyata keçirə bilməməsi, hətta Myanma və Hindistana tədürük olunmuş sistemlərin geri qaytarılması kimi faktlar mövcuddur. Lakin bu o demək deyil ki, Rusiya Ermənistanın müdafiə qabiliyyətini gücləndirməkdən imtina edəcək və öz yerini Fransa qismində Qərbə güzəştə gedəcək. Hər bir halda Moskvanın buna qarşı şiddətli müqavimət göstərəcəyi şübhəsizdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya   Hindistan   Ermənistan   Silah  


Bizi "telegram"da izləyin