“Baykar”dan verilən açıqlamaya görə, 2023-cü il aprelin 24-də Çorluda təşkil edilən sınaqda “Bayraktar Kızılelma” və “Bayraktar Akıncı”nın həyata keçirdiyi və dünya aviasiya tarixində bir ilk olan yaxın qol uçuşundan sonra TEKNOFEST 2023-də yeni bir ilkə imza atıldı. İstanbul səmasında pilotsuz döyüş təyyarəsi “Kızılelma” ilə hücum tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Akıncı” eyni uçuşu dəfələrlə ictimaiyyət qarşısında həyata keçirib.
27 aprel - 1 may 2023-cü il tarixləri arasında Atatürk Hava Limanında keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də bu mühüm uçuşla yanaşı, digər ilklər də yaşanıb. “Bayraktar Kızılelma” insanlara açıq olan hava şousunda “Solo Türk” adlı pilotlu reaktiv təyyarə ilə dəfələrlə yaxın qol uçuşu edərək, daha bir ilkə imza atıb. TEKNOFEST 2023-də hər gün “Bayraktar Akıncı” və “Solo Türk” ilə yaxın qol uçuşları həyata keçirən “Bayraktar Kızılelma”nın bu uçuşları böyük bəyənmə topladı.
TEKNOFEST 2023-ün son günü olan mayın 1-də pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”, F-16 döyüş təyyarəsi “Solo Türk” və F-5 reaktiv təyyarələrindən ibarət olan “Türk Ulduzları” bu dəfə görünməmiş bir şou göstərərək ilk dəfə eskadrilya konsepsiyası ilə formalaşma uçuşu həyata keçirib. Dünya aviasiya tarixində “yeni dövrün başlanğıcı” kimi xarakterizə edilə bilən bu uçuş konsepsiyaları gələcəyin hava döyüşünə də yol göstərəcək.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma” “Solo Türk” və “Türk Ulduzları” ilə qol uçuşu həyata keçirərək dünyada bir yenilik etdi. Beləliklə, gələcək hava döyüşünün bir hissəsi ortaya çıxdı. Bu günə qədər iki prototipi uğurla istehsal edilən “Bayraktar Kızılelma”nın inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
2025-ci ildə TCG “Anadolu”dan ilk uçuş
Aprelin 10-da keçirilən inventara qəbul mərasimində dünyanın ilk PUA gəmisi olacaq TCG “Anadolu”nun uçuş göyərtəsində “Bayraktar Kızılelma” və “Bayraktar TB3” PUA-sı yerini aldı. Mərasimdə ikinci prototipi nümayiş etdirilən “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə TCG “Anadolu” gəmisindən uçuş sınaqlarına başlaması hədəflənir.
TCG “Anadolu” gəmisi, “Bayraktar Kızılelma” və “Bayraktar TB3” PUA-sı İstanbul Sarayburnu Limanı və İzmir Alsancak Limanında vətəndaşların ziyarətinə açıldı. Bu çərçivədə yüz mindən çox vətəndaş “Bayraktar Kızılelma” və “Bayraktar TB3” PUA-sının uçuş göyərtəsində olduğu TCG “Anadolu” gəmisini ziyarət etdi.
“Baykar”ın 100 faiz öz sərmayəsi ilə yola çıxdığı “Bayraktar Kızılelma” layihəsi 2021-ci ildə başladı. 2022-ci il noyabrın 14-də istehsal xəttindən çıxan TC-ÖZB bort nömrəli “Bayraktar Kızılelma” Çorludakı Akıncı Uçuş Tədris və Test Mərkəzinə köçürüldü. Burada yerüstü sınaqlarını uğurla başa vurduqdan sonra ilk uçuşunu 2022-ci il dekabrın 14-də etdi.
“Bayraktar Kızılelma” 1 il kimi rekord bir müddətdə səma ilə qarşılaşdı və aprel ayı boyunca Uçuş Sınaq Kampaniyası çərçivəsində planlaşdırılan uçuş və sistem identifikasiya sınaqlarını uğurla tamamladı.
Ağıllı eskadrilya avtonomluğu ilə missiya
“Bayraktar Kızılelma” “hava-yer” missiyaları ilə yanaşı, süni zəka qabiliyyəti ilə “hava-hava” döyüşü icra edəcək. “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi aşağı radara görünmə sahəsi sayəsində sahib olacağı aşağı radara görünmə qabiliyyəti ilə Türkiyə üçün güc multiplikatoru olacaq. Qısa uçuş-enmə zolağı olan gəmilərdən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edəcək bir platforma olacaq “Bayraktar Kızılelma” bu qabiliyyəti sayəsində xaricdəki missiyalarda əhəmiyyətli rol alacaq və Mavi Vətənin qorunmasında strateji vəzifələri yerinə yetirəcək.
8,5 ton qalxma çəkisi və 1500 kiloqram yük daşıma qabiliyyəti olan “Bayraktar Kızılelma” milli AESA radarı ilə yüksək situasiya məlumatlılığına da sahib olacaq. Milli olaraq hazırlanmış bütün sursatlardan istifadə edəcək “Bayraktar Kızılelma” ağıllı eskadrilya avtonomluğu ilə fəaliyyət göstərə biləcək. “Baykar” rəqabətli proses nəticəsində amerikalı, avropalı, çinli rəqiblərini geridə qoydu və Küveyt Müdafiə Nazirliyi ilə imzalanan müqavilə ilə 2023-cü ilə “Bayraktar TB2” üçün 370 milyon dollarlıq ixrac müqaviləsi ilə başladı.
Son olaraq Rumıniyaya ixracatla “Bayraktar TB2” PUA-ları 4 NATO üzvü və 2 Aİ üzvü ölkənin inventarına daxil oldu. Əvvəldən bu günə qədər bütün layihələrini öz resursları ilə həyata keçirən “Baykar” 2003-cü ildə PUA Ar-Ge prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 75 faizini ixracatdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021-ci ildəki məlumatlarına görə, o, müdafiə və aviasiya sənayesinin ixracat lideri olub. 2022-ci ildə imzalanan müqavilələrdə ixracat nisbəti 99,3% olan “Baykar” 1,18 milyard dollarlıq ixracat həyata keçirib.
Müdafiə və aviasiya sənayesinin ən böyük ixracatçısı olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi olub. “Bayraktar TB2” PUA-sı üçün 30 ölkə ilə, “Bayraktar Akıncı” PUA-sı üçün isə 6 ölkə ilə ixracat müqaviləsi imzalanıb.
Sevinc Əliyeva
Ordu.az